Neftin altına bombanı xəlvəti kim qoyub...

3-10-2016, 14:16           
Neftin altına bombanı xəlvəti kim qoyub...
Çin strateji neft ehtiyatlarının həcmini gizlədir və bu, neftin bahalaşmasına olan ümidləri darmadağın edə bilər.

Virtualaz.org xəbər verir ki, bu barədə “The Washington Post” qəzetinin məqaləsində deyilir. “Çin neft bazarının altına bomba qoyub” başlıqlı məqalədə deyilir ki, bu ölkənin strateji neft ehtiyatlarının həcmi ABŞ-ın neft ehtiyatlarının həcminə bərabər ola bilər. Qəzet bunu Orbital İnsight-dan əldə edilmiş informasiyalar əsasında yazır. Orbital İnsight peyk çəkilişləri və Çinin neft rezervuarlarının qapaqlarının hansı intensivliklə açılıb-bağlandığını izləməklə bu məlumatları təqdim edib.

Şirkət apardığı araşdırmaların nəticəsi olaraq açıqlayıb ki, Çinin neft rezervuarlarının həcmi indiyədək qəbul edilmiş ümumi ölçülərdən bir neçə dəfə çoxdur. Belə ki, şirkət Çində neft saxlamaq üçün 2100 rezervuar müəyyən edib, hərçənd ki, indiyədək TankTerminals.com məlumat bazasında Çində cəmi 500 neft anbarı olduğu göstərilirdi. Bununla belə Orbital İnsight şirkətinin analitikləri qeyd edirlər ki, Çində hələ yeraltı neft rezervuarları da ola bilər.

Şirkətin hesablamalarına görə Çinin neft ehtiyatları bu ilin mayında 600 milyon barel olub, hansı ki, həmin vaxt Çinin rəsmi “Sinxua” agentliyi ölkədə 287 milyon barel neft ehtiyatının olduğunu açıqlamışdı. Bu da 36 günlük neft idxalı deməkdir. ABŞ-ın kommersiya neft ehtiyatları isə 150 günlük ixrac həcmi qədərdir, Birləşmiş Ştatların Energetik Nazirliyi nəzdindəki energetika informasiya İdarəsi EİA-nın məlumatına görə ölkədə 522 milyon barel neft ehtiyatı var.

Qəzet yazır ki, Çinin neft ehtiyatlarının real həcmi neft bazarındakı vəziyyətə təsir edə bilər.Məntiq bundan ibarətdir ki, əgər Çinin ehtiyatları rəsmən açıqlanandan çox olsa bu, bazarda tələb və təklif arasındakı münasibətləri dəyişəcək. Məlum olacaq ki, son vaxtlar bazarda tələbatın artması artan istehlak həcmi ilə bağlı deyil, strateji planlaşdırma ilə bağlıdır. Nəticədə OPEC-in son vaxtlar neftin qiymətini stimullaşdırmaq üçün göstərdiyi səylər heçə enə bilər. Xəbər verildiyi kimi OPEC ölkələri hasilatı məhdudlaşdırmaq barədə şifahi razılaşma əldə ediblər və bu, neftin qiymətində nisbi artıma səbəb olub. Hazırda bir barrel “Brent” nefti 50 dollardan yuxarıdır.

Amerikanın “S&P Dow Jones Indices” mərkəzinin analitikləri qeyd edirlər ki, Çin idxal etdiyi neftin əsas hissəsini rezervuarlara doldurur və bu rezervuarların həcmi heç kimə məlum deyil. Ona görə də Çin özünə lazım olan anda rezervlərin həcmini açıqlamaqla neftin qiymətinin kəskin enməsinə səbəb ola bilər. İndiyə qədər neft bazarındakı vəziyyətə ABŞ-ın ehtiyatlarının həcmi barədə informasiyalar təsir edirdi. Əgər ehtiyatlar artırdısa qiymət aşağı düşürdü, azalanda isə neft bahalaşırdı.

Lakin rusiyalı analitiklər Çinin ehtiyatlarının bazara ciddi təsir edəcəyinə şübhə ilə yanaşırlar. Milli energetika təhlükəsizliyi Fondunun analitiki Aleksandr Paseçnik “Svobodnaya pressa”ya deyib ki, Çində neft rezervuarlarının nəzərdə tutulandan çox olması hələ onların hamısının dolu olması mənasını vermir. Bu anbarlar, boş, yaxud yarı boş da ola bilər. Digər tərəfdən Çində ehtiyatların elan olunandan bir neçə dəfə çox olması təsdiqlənsə belə hasilatçı ölkələrin hasilatı bir qədər azaltması bu amilin üzərindən xətt çəkəcək. Çünki Çinin ehtiyatlarının təxmin olunan həcmi belə tələbatı uzağı bir neçə ay ödəməyə bəs edər.

Milli Energetika İnstitutunun baş direktoru Sergey Pravosudov isə hesab edir ki, Orbital İnsight şirkətinin məlumatları son vaxtlar Amerikanın nə yolla olursa olsun, neftin qiymətini “vurmaq” səylərinin bir hissəsi kimi görünür. Onun sözlərnə görə, Amerika şirkətlərinin və əsas maliyyə investorlarının bütün səyləri ona yönəlib ki, neft yenidən bahalaşmasın. Məsələn, bu günlərdə nüfuzlu Goldman Sachs” bildirdi ki, əgər Nigeriyada və Liviyada siyasi vəziyyət sabitləşsə bu, neftin kəskin ucuzlaşmasına səbəb olacaq. Əslində isə Yaxın Şərqdəki vəziyyət münaqişələrin neft hasilatı rayonlarına yayılması riskinin olduğunu göstərir, bu isə hasilatın azalmasına səbəb ola bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.