Heydər Əsədovun Aqrar Universitetində müəmmalı tələbə qəbulu…
9-10-2015, 14:06
“Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”. Bu fikirlər rəhmətlik Heydər Əliyevə məxsusdur.
Zaman-zaman ölkədə aparılan təhsil islahatları nəticəsində müəyyən irəliləyişlər əldə olunsa da, bəzi məlum faktlar hələ də sistemə başıaaşağılıq gətirir. Paytaxt Bakıda fəaliyyət göstərən dövlət və özəl ali təhsil ocaqlarında vəziyyəti nisbətən qənaətbəxş hesab etmək olar. Çünki, nəzarət var və baş verənlər dərhal gündəmə gətirilir, içtimailəşdirilir.
Lakin təəssüflər olsun ki, paytaxtdan kənarda olan təhsil ocaqlarında isə nəzarətsizlik hələ də hökm sürür. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Aqrar Universitetində isə vəziyyət bir başqadır. Heydər Əsədovun Kənd Təsərrüfatı naziri təyinatından sonra gözlənilən irəliləyişlər Aqrar Universitetindən çox uzaqda dayanır. Təhsil naziri Mikayıl Cabbarovu və onun qaydalarını saya salmayan bu universitetin rektoru İbrahim Cəfərov tam arxayınlıqla öz “işindədir”. Aldığını alır, verdiyini verir…
Aqrar Universitet tələbələri tərəfindən Bizimxeber.az-a daxil olan məlumata görə, rektor İbrahim Cəfərov ölkənin tanınmış təhsil ocağını əməlli başlı biznes obyektinə çevirib. Universitetdə imtahanlar zamanı tələbələrdən qiymətə görə pul istənilir ki, bu işi də rektorun yaxın adamı sayılan Tədris İşləri üzrə prorektoru Anar Hətəmov həyata keçirir.
Tələbələr bildirir ki, universitetdə adı gedən amma bir gün də dərsə gəlməyən tələbələr var. Bunlar rektor və ona yaxın olan adamlarla danışıq aparmaqla aylığa çıxıblar. Bu əsasən Aqronomluq, Baytarlıq Təbabəti və Əczaçılıq fakültələrində geniş yayılıb.
Qiyabi təhsil alan yüzlərlə tələbə isə hər semestrdə qiyabi şöbənin müdiri Siyavuş Vəliyevlə görüşürlər. Hər imtahan üçün 50 manat “ödəmə” verən qiyabi oxuyan tələbələr imtahanlarından kafi qiymət almış hesab olunurlar. Artıq təhsil naziri və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə rektordan şikayətlər daxil olduğu bildirilir.
Ən ciddi məqam isə Universitetə qəbulla bağlıdır. Bildiyimiz kimi, Azərbaycanda qəbul yalnız TQDK tərəfindən keçirilən test imtahanları vasitəsi ilə həyata keçirilir. Amma birinci mərhələdə imtahanlardan kəsilən, amma 0 balı olmayan abituriyentlər isə asanlıqla Aqrar Universitetə qəbul oluna bilir. Maraqlı faktdır… Bu necə baş verir?
Təhsil Nazirliyinin balansında olmayan Aqrar Universitetə bu daha asan və sadədir…
Belə ki, rektor İbrahim Cəfərovun yaxın adamları kəsilən abituriyentlərin valideynləri ilə danışıqlar apararaq 7-10 min manata Aqrar Universitetə qəbul həyata keçirilir. Bu işi TQDK-dakı adamları vasitəsi ilə İbrahim Cəfərov həyata keçirir. Belə tələbələr isə dərslərə təxminən 1 ay geç qatılır. Bu kimi tələbələr isə tam təlimatlandırılır…
Bu barədə daha dəqiq məlumatlar yaxın günlərdə… Bizi izləyin…