Mehriban Əliyevanın deputat mandatına xitam verildi

7-03-2017, 09:48           

14 saylı Xəzər seçki dairəsində yeni seçkinin nə zaman olacağını prezident müəyyən edəcək

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva deputat mandatına xitam verilməsi üçün martın 6-da Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.


Müraciətdən dərhal sonra-günün ikinci yarısı MSK-nın iclası keçirilib. İclasda Mehriban Əliyevanın deputat mandatından məhrum edilməsi üçün müraciətinə baxılıb. İclasda MSK sədri Məzahir Pənahov deyib ki, Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti vəzifəsinə təyin edilib:


“Onu bu vəzifəyə təyin olunması münasibətilə təbrik edirəm. O ardıcıl olaraq 3 dəfə Milli Məclisə deputat seçilib. Mehriban Əliyeva öhdəsinə düşən işləri yüksək səviyyədə yerinə yetirib, Azərbaycan parlamentinin ən fəal deputatı kimi tanınıb. Mehriban xanım prezident İlham Əliyevin ən yaxın silahdaşıdır. Konstitusiyaya əsasən Milli Məclis üzvü dövlət orqanlarında vəzifəyə təyin olunarsa, deputat kimi səlahiyyətlərinə xitam verilməlidir. Bununla bağlı Mehriban Əliyeva MSK-ya müraciət edib”.


İclasda Mehriban Əliyevanın deputat mandatına xitam verilməsi üçün qanuni əsas yarandığı nəzərə alınıb və deputat mandatına xitam verilməsi barədə qərar qəbul edilib.


Qeyd edək ki, Mehriban Əliyeva 2015-ci il V çağırış Milli Məclisə seçkilərdə 14 saylı Xəzər seçki dairəsindən deputat seçilib. Bu ilin fevralın 21-də Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə isə M.Əliyeva birinci vitse-prezident vəzifəsinə təyin edilib.


Xatırladaq ki, Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü icra hakimiyyəti orqanlarında vəzifə tutduqda parlament üzvlüyündən istefa verməlidir. Həmin şəxs bunun üçün MSK-ya müraciət etməli, MSK isə bu müraciətə maksimum 2 ay müddətində baxıb deputatın mandatına xitam verilməsi ilə bağlı qərar verməlidir.
Artıq deputatsız qalan 14 saylı Xəzər seçki dairəsində yeni seçkinin keçirilib-keçirilməyəcəyinə gəlincə, MSK katibi Mikayıl Rəhimov bildirdi ki, deputat mandatına xitam verildikdən sonra boş qalan dairədə yeni seçkinin təyin olunması Seçki Məcəlləsinin tələbi ilə tənzimlənir. Seçki ölkə prezidentinin sərəncamı ilə təyin edilir və bundan sonra həmin dairədə seçkilər keçirilir: “Odur ki, 14 saylı dairədə yeni seçkinin nə zaman olacağını prezident sərəncamı verildikdən sonra biləcəyik”.
Qeyd edək ki, Seçki Məcəlləsinin 176-cı maddəsinə görə, deputat mandatının boş qalmasından sonra bir ay müddətində müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilməlidir. Konstitusiyanın 87-ci maddəsində isə qeyd olunur ki, parlamentin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, hər hansı səbəbdən deputatsız qalan dairələrdə seçkilər keçirilmir. Hazırkı Milli Məclis isə 2015-ci ilin noyabrında seçilib. Bu isə o deməkdir ki, növbəti parlament seçkilərinə üç ildən artıq müddət qalıb və 14 saylı Xəzər seçki dairəsində yeni seçki keçirilməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.