“Arif Rəhimzadə nə istəyirsə olsun, lap moltanı olsun” – Professor
9-03-2017, 22:00
Hazırda Ankarada olan sabiq millət vəkili, tarix elmləri doktoru, professor Nəsib Nəsibli Moderator.az-ın suallarını cavablandırıb.
- Nəsib bəy, deputat Arif Rəhimzadənin türklüyümüzlə bağlı dedikləri bir növ erməni dəyirmanına da su tökdü. Erməni saytlarından anlaşılır ki, ermənilər bu məsələdə sevinc içindədirlər.
– Bu barədə ilk dəfə feysbuk səhifəmdə fikirlərimi ifadə etmişdim və indi də onu qeyd edirəm ki, biriləri əgər türk olmaq istəmirsə, onu zorla türk etmək lazım deyil. Bu şərəfi onlara niyə zorla verməliyik? Bu məsələyə bir qədər ciddi yanaşsaq görərik ki, bu, millətləşmə sürəcinin davam etdiyinin göstəricisidir. Bir baxın, bu məsələlər onillərlə müzakirə olunur, amma bizdə həmişə dövlət bu məsələlərə çox yanlış bir mövqedən yanaşır. İki dövr istisna olmaqla, 1918 və 1993-cü illər. Qalan dövrlərdə isə həmişə dövlət milli adın mənimsənilməsi, kütlələrin malına çevrilməsi məsələsinə çox mənfi yanaşıb. Ona görə də biz bu halı yaşayırıq.
Xoşa gələn tərəf də odur ki, toplum bu məsələyə çox ciddi reaksiya verir. Hər bir adam ağlına gələni deyə bilər, çünki azaddırlar, özəlliklə də millət vəkilləri. Amma toplumun buna reaksiyası ümid doğurur, bilirik ki, bu məsələlər çox ciddi məsələlərdir və toplum da bunun fərqindədir.
- Erməni saytlarında belə bir təklif irəli sürülüb ki, Arif Rəhimzadəyə Nobel sülh mükafatı verilsin. Buna da münasibətinizi bilmək istərdik…
– Bu məsələyə yumorla yanaşmaq lazımdır. Əlbəttə ki, ermənilər bununla bizi dolamaq istəyirlər. O üzdən bunu yumorla qarşılamaq lazımdır. Bunun heç başqa izahatı da yoxdur.
- Arif Rəhimzadədən əvvəl deputat Araz Əlizadə də türklüyümüzə bir növ dil uzatdı, Nuru Paşaya, Osmanlıya dair ağılalmaz fikirlər səsləndirdi. Ancaq nədənsə nə onda, nə də indi aidiyyatı qurumlar tərəfindən deputatlarla bağlı heç bir tədbir görülmədi. Hətta Arif Rəhimzadə növbəti dəfə açıqlama verib türk olmadığını dedi.
– Arif Rəhimzadə nə istəyirsə olsun, lap moltanı olsun. Bu onun şəxsi fikridir və dövlət buna görə də onlara reaksiya vermədi və buna heç reaksiya verməyə də dəyməzdi. İkincisi, dövlətdə təmsil olunmuş insanların əksəriyyəti sovet dönəmindən qalma homosoveticusdu. Yəni elə eyni tipli insanlardır.
- Nəsib bəy, bu cür “təbliğat” aparan şəxslərə bir Türk olaraq necə cavab verərdiniz?
– Onların dediklərinə ancaq gülüşlə cavab verərəm. Yenə deyirəm, özünü türk hesab etməyən insana o şərəfi niyə verməliyik? Niyə onları şərəfləndirək? Qoy nə olurlarsa olsunlar, lap moltanı olsunlar. Əgər milliyəti bir kənara qoyub coğrafi mənada “azərbaycanlıyam” deyirlərsə, lap elə tovuzlu millətindən, gəncəli millətindən, şəkili millətindən, bakılı millətindən və s. olsunlar. Özləri bilərlər.