Azərbaycan pasportu 199 ölkə arasında 133-cü yeri tutur

10-03-2017, 01:13           
Azərbaycan pasportu 199 ölkə arasında 133-cü yeri tutur
İnsanları müxtəlif ölkələrdə vətəndaşlıq, daha doğrusu, fərqli ölkələrin pasportlarının üstünlükləri haqda bilgiləndirən «Nomad Capitalist» şirkəti 2017-ci ilin ən yaxşı pasportlarının siyahısını açıqlayıb. «Nomad Pasport İndeksi 2017» adlı sənəddə 199 ölkənin pasportları qiymətləndirilib.

Pasportların əhəmiyyəti 5 əsas faktora – pasportların sahiblərinə verdiyi şəxsi azadlığın həddinə, vizadan azadlığına, beynəlxalq vergilərin miqdarına, ikili vətəndaşlığa, həmin pasportlara münasibətə görə müəyyən edilir.

2017-ci ilin 10 ən yaxşı pasportu aşağıdakı ölkələrin pasportlarıdır:

İsveç

Belçika

İtaliya

İspaniya

İrlandiya

Finlandiya

Almaniya

Danimarka

İsveçrə

Lüksemburq

ÜSTÜNLÜKLƏR

Məsələn, 1-ci yerdə dayanan İsveç pasportunun üstünlüklərindən danışan sənəd müəllifləri bu pasport sahibinin 176 ölkəyə vizasız səfər etmək imkanı olduğunu, pasportun xaricdə çox böyük reputasiya qazandığını, İsveç pasportu olanlara bir neçə ölkənin vətəndaşlığını almaq imkanı verildiyini, onların şəxsi azadlığının yüksək səviyyəsini, xaricdəykən İsveç vergilərindən azad edildiklərini vurğulayırlar.

Belçika Avropa Birliyinin (AB) mərkəzidir, ona görə də Belçika vətəndaşları nəinki AB ərazisində, ümumiyyətlə, dünyanın 174 ölkəsində vizasız gəzə bilərlər. Belçika pasportu sahibləri vergi azadlığından, ikili vətəndaşlıq imkanından da zövq alırlar. Həmçinin, başqa mədəniyyətlərə sayqıyla yanaşdıqlarına görə seçilirlər.

Yaxud Danimarka vətəndaşlarının pasportlarına üstünlük qazandıran onların sahiblərinin 174 ölkəni vizasız gəzmək imkanı, həm də, ümumiyyətlə, danimarkalıların dünyanın ən xoşbəxt vətəndaşları hesab edilməsidir.

AZƏRBAYCAN VƏ QONŞULARI

Azərbaycansa bu siyahıda da Qafqaz qonşularından geridədir. Azərbaycan pasportu 199 ölkə pasportu arasında 133-cü yeri tutub. Rusiyanın pasportu 82, Gürcüstanınkı 83, Türkiyəninki 88, Ermənistanınkı 132, İranın pasportu isə 191-ci yerdədir.

Dünyanın ən güclü ölkələrindən hesab olunan Birləşmiş Ştatların vətəndaşlarının pasportu dəyərinə görə 35-ci yerdə dayanır.

Ən pis pasporta sahib olanlar Əfqanıstan, İraq, Eritreya, Pakistan, Liviya, Suriya vətəndaşlarıdır.

«Nomad Capitalist» şirkətini səyahət həvəskarı, sahibkar və investor Andrew Henderson 2012-ci ildə yaradıb. O, şirkəti vasitəsilə öz gördüklərini və öyrəndiklərini – başqa ölkələrdəki həyat tərzi, iş və sərmayə imkanları haqda bilgilərini paylaşır. www.nomadcapitalist.com saytı ən çox izlənilən səhifələrdəndir. Sayta ildə 3 milyondan çox adam baxır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.