İş adamlarının yumurta pulu davası böyüdü
11-03-2017, 10:44
“Emre Piliç Gida Sanayi ve Ticaret Limited Şirketi”nin rəhbəri Ömür Oral Bakıda mətbuat konfransı keçirdi; Türkiyə iş adamının pulu mənimsənildiyinə görə Azərbaycana nota verib
Türkiyədə toyuq, yumurta istehsalı ilə məşğul olan “Emre Piliç Gida Sanayi ve Ticaret Limited Şirketi”nin rəhbəri Ömür Oral və onun nümayəndəsi Aslan İsmayılov mətbuat konfransı keçiriblər. “Four Seosons” hotelində baş tutan tədbirdə Ö.Oral bildirib ki, “Xəmsə-M” MMC-nin rəhbəri Mürvət Həsənli Türkiyənin ən iri toyuq məhsulları müəssisəsi olan “Emre Piliç Gida Sanayi ve Ticaret Limited” şirkətinin təxminən 1,7 milyon ABŞ dolları məbləğində pul vəsaitini qanunsuz şəkildə ələ keçirib. Qeyd edilən faktlar “Siyəzən Broyler” ASC-nin maliyyə sənədləri və M. Həsənlinin etirafedici izahatları ilə öz təsdiqini tapıb. Lakin bu günə qədər M. Həsənli cinayət məsuliyyətinə cəlb edilməyib.
Ö.Oral qeyd edib ki, hüquq-mühafizə orqanlarının qeyri-obyektiv yanaşması ucbatından Türkiyə Respublikasının ölkəmizdəki səfirliyi bu məsələ ilə bağlı nota verib, onun özü isə Azərbaycanda üzləşdiyi qanunsuzluqlarla bağlı Türkiyə rəhbərliyinə müraciət edib. Bundan əlavə, Türkiyənin Azərbaycandakı ticarət attaşesi ilə keçirilmiş görüşdə bu məsələnin diqqətdə saxlanıldığı və “Emre Piliç” şirkətinin hüquqlarının bərpa edilməsi üçün müvafiq addımların atılacağı bildirilib.
İşin qısa məğzi ondan ibarətdir ki, “Emre Piliç” şirkəti “Siyəzən Broyler” ASC-yə damazlıq yumurta satıb, həmin yumurtaların pulları isə “Siyəzən Broyler” ASC tərəfindən M. Həsənliyə verilib. “Siyəzən Broyler” ASC tərəfindən 3,8 milyon ABŞ dolları M. Həsənliyə verilsə də, sonuncu “Emre Piliç” şirkətinə bu puldan cəmi 2,1 milyon ABŞ dollarını ödəyib, yerdə qalan 1,7 milyon ABŞ dollarını isə verməyib.
Ö.Orala bildirib ki, “Siyəzən Broyler” ASC bu pulları ödəməkdən imtina edir. “Emre Piliç” şirkətinin rəhbəri Ömür Oral bu pulları tələb etmək üçün Azərbaycana gələcəyini və lazımi instansiyalara şikayət edəcəyini bildirdikdə, M. Həsənli cavabında bildirib ki, “Siyəzən Broyler” ASC yüksək hakimiyyət dairələrinə məxsus olduğundan, bu şirkətə qarşı hər hansı addım atıla bilməz. Ö.Oral belə səhv etsə, dərhal həbs ediləcək. Beləliklə də, M. Həsənli Ö.Oralın Azərbaycana gəlişinin qarşısını almağa çalışıb. Ö.Oral deyib ki, bu yolla M.Həsənli “Emre Piliç” şirkətinə çatası təxminən 1,7 milyon ABŞ dollarını qanunsuz şəkildə ələ keçirib.
O, Azərbaycana gələndən sonra isə onun özünü təhdid etməyə, oğlunu öldürtdürəcəyi ilə hədələməyə başlayıb. 19.10.2016-cı ildə “Emre Piliç” şirkəti “Siyəzən Broyler” ASC-yə qarşı borcun tutulması tələbinə dair Sumqayıt İnzibati-İqtisad Məhkəməsində iddia qaldırdıqda həmin pulların M.Həsənli tərəfindən mənimsənildiyini məlum olub. Bundan sonra “Siyəzən Broyler” ASC Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edib.
Müraciət üzrə araşdırma aparılıb. Araşdırma aparıldığı zaman M.Həsənli müstəntiq Tural Aslanovun iş otağında ələ keçirdiyi məbləği tam şəkildə etiraf etmiş və “Emre Piliç” şirkətinin rəhbəri Ö.Oraldan xahiş edib ki, ona güzəşt etsin və cinayət məsuliyyətinə cəlb edilməsinə təkid etməsin. Baş İdarənin tövsiyəsi ilə tərəflər arasında 12.11.2016-cı il tarixli “Borcun etirafı haqda” müqavilə bağlanıb, M. Həsənli ilə Ö. Oral arasındakı razılaşmaya əsasən, borcun məbləği isə 1 milyon 300 ABŞ dolları məbləğinədək endirilib. Bu müqavilə bağlandığı zaman tərəflərin qarşılıqlı razılığı ilə videoçəkiliş də aparılıb.
Ö.Oral həmin videoçəkilişi də mətbuat nümayəndələrinə təqdim edib. Həmin videoya https://www.youtube.com/watch?v=qBCLOZNYMY4 ttps://www.youtube.com/watch?v=qBCLOZNYMY4 linkinə keçid etməklə baxa bilərsiniz.
Ö.Oral deyib ki, M.Həsənli Azərbaycanda yüksək vəzifə tutan himayədarlarının məsləhəti ilə Türkiyəyə gedərək “Emre Piliç” şirkətinin rəhbər heyəti barədə vergi orqanlarına şikayət edib, hakimiyyətin birbaşa nəzarəti altında olan kütləvi informasiya vasitələrində “Emre Piliç” şirkətinin nüfuzunu ləkələmək üçün müxtəlif böhtan xarakterli məqalələr yazdırıb. Bu böhtan kampaniyası bir neçə aydır ki, davam edir. Bu məqalələr Türkiyə iş adamlarının ciddi narazılığına səbəb olub və Azərbaycanın investisiya mühitinə böyük zərbə vurur.
Ö.Oral deyib ki, M.Həsənlinin bu kimi hərəkətlərindən sonra yenidən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edib ki, araşdırmanı davam etdirsinlər və M. Həsənli cinayət məsuliyyətinə cəlb olunsun.
“Bu dəfə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tamam fərqli mövqe nümayiş etdirərək, bizim aramızda borc müqaviləsinin bağlandığını əsas gətirdi, bu səbəbdən də ortada hər hansı cinayət faktının olmadığını, aramızdakı mübahisənin isə mülki xarakterli olduğunu dedilər. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin bu davranışı ona dəlalət edir ki, bu idarə M.Həsənlinin maraqlarını müdafiə edir, hətta borc məbləğinin 1,7 milyon ABŞ dollarından 1,3 milyon ABŞ dollarına endirilməsində də canfəşanlığı təmənnasız olmayıb. Halbuki bir neçə ay öncə həmin idarə M. Həsənliyə 1 aylıq vaxt vermişdi və ziyanın əvəzini ”Emre Piliç" şirkətinə ödəməyəcəyi təqdirdə cinayət məsuliyyətinə cəlb ediləcəyi ilə bağlı onu xəbərdar etmişdi.
Ölkə başçısı bir çox çıxışlarında xarici investisiyaların cəlb edilməsi və qorunması sahəsinə xüsusi diqqət yetirməyi, bu sahəni daim nəzarətdə saxlamağı dövlət məmurlarına tapşırsa da, xarici iş adamları hazırki misalları görüb, Azərbaycana sərmayə qoyuluşlarından çəkinir, daha da böyük ziyana uğramamaq üçün buradakı fəaliyyətlərini bağlayırlar" deyə, Ö.Oral bilirib.
Onun nümayəndəsi, tanınmış hüquqşünas Aslan İsmayılov deyib ki, M.Həsənli ələ keçirdiyi pul vəsaitini qaytarmamaq üçün müxtəlif hüquqi maxinasiyalara da əl atır və “Emre Piliç” şirkətinə qarşı 2 saylı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq, guya vasitəçilik xidmətlərini göstərdiyinə görə hər satılmış yumurta üçün 0,06 ABŞ dolları, ümumilikdə isə 4 milyon 800 min ABŞ dolları məbləğində pul vəsaitinin “Emre Piliç” şirkətindən tutulmasını tələb edib. Həmin iş hal-hazırda məhkəmə baxışı mərhələsindədir.
A.İsmayılov bu işdən geri çəkilməsi üçün ona təzyiqlər göstərdiyini, hətta həbs edilə biləcəyi ehtimalını da dilə gətirib. Bildirib ki, heç bir təzyiq qarşısında geri çəkilməyəcək, türk iş adamına pul ödənilməyincə hüquqi müstəvidə mübarizəni davam etdirəcəklər.musavat.com//