Şirməmməd Hüseynov: “Rəsulzadə bayrağımızı parlamentin üstünə, İlham Əliyev də 162 metr yüksəkliyə qaldırdı”

26-05-2017, 09:48           
Şirməmməd Hüseynov: “Rəsulzadə bayrağımızı parlamentin üstünə, İlham Əliyev də 162 metr yüksəkliyə qaldırdı”
“Mən Cümhuriyyətimizin 100 illiyinə 50 ildir hazırlaşıram”

Cümhuriyyətimizin 99-cu ildönümü ərəfəsində böyük araşdırmaçı alim, dəyərli ziyalımız, jurnalistikamın ağsaqqalı Şirməmməd Hüseynovla görüşdük. Yaşı 93-ə adlasa da, yenə də işgüzarlığından qalmır, hər gün 8-10 saat yazı masasının arxasında işləyir, arxivə gedir, həftədə iki dəfə universitetdə mühazirələr oxuyur bu fenomen şəxsiyyət. Özü də Məhəmməd Əmin Rəsulzadə, digər Cümhuriyyət qurucuları, Azərbaycan Demokrat Cümhuriyyətinin tarixi barədə danışdıqca şövqə gəlir, üzü gülür, qəlbən yaşayır o illəri. Danışdıqca mənə elə gəldi ki, Şirməmməd müəllimin uzunömürlüyünün səbəbi həm də Cümhuriyyətimizə, onun tarixinə, işinə olan sevgisi, məhəbbətidir.


- Şirməmməd müəllim, özünüzü daha çox harada rahat hiss edirsiniz, auditoriyada, yazı masası arxasında?


- (Cümhuriyyət qurucularına işarə edir) Bu kişilərlə oturub-durmaqdan böyük səadət yoxdur. Bunlar dünyanı dəyişiblər, bizə dövlət yaradıblar. Məhəmməd Əmin deyir insan övlad dünyaya gətirir, millət dövlət dünyaya gətirir. Millətin övladı dövlətdir. Fərd övladına hamilə olduğu kimi, millət də dövlət yaratmaq üçün hamilə olur. Millətin də dövlət yaratması üçün gərək o millət həddi-buluğa çatsın. Üzeyir bəy Cümhuriyyətimizin 1 yaşında nə yazsa, yaxşıdır? Deyir, mayın 28-də Azərbaycan dövləti doğdu. Sözə bax e... İnsan niyə dünyaya övlad gətirir? Nəsli davam etdirsin, həm də qocalanda ona xidmət eləsin. Millət də dövləti ona görə yaradır ki, o millətin torpağını, vətənini, varlığını qorusun, ona insan kimi yaşamaq şəraitini yaratsın. Özgədən adama ata-ana olmaz. Millətin doğma övladı onun öz müstəqil dövlətidir. Qıraqdan gələn səni soymağa, işlətməyə, əsir etməyə gəlir. İndi millətdə bu təfəkkürü yaratmaq lazımdır ki, a kişi, doğmaq, millət, dövlət yaratmaq lazımdır...


- Dövlətimiz var. Daha nə etmək lazımdır?


- Müəyyən nəsil dövləti yaradır, gələcək nəsil o dövlətin sayəsində yaşayır. İndi bəzən o nəvə-nəticələr, kötücələr o dövləti yaradanları lazımınca qiymətləndirməyi bacarmırlar. Elə bilirlər ki... Deyir, “it ağac kölgəsində yatar, elə bilər öz kölgəsidir”. Elə bilirlər ki, bu hazır şeyi bunlar yaradıblar. Özündən əvvəlkilərə ağız büzürlər. Bəzisi böhtan atır. Bu, ona bənzəyir ki, bir adam öz ata-anasına, onu yaradana, onu dünyaya gətirənə alçaqlıq eləyə. Dövlət millətə xidmət etmək, onu yaşatmaq üçündür. Övladıdır da. Ona görə kimə səcdə etmək lazımdır? Millətə, torpağa. Cümhuriyyət dövründə Məhəmməd Əmingilin üç şüarı var idi. Birincisi, bu millət bu dövləti o vaxt yaşadacaq ki, o başa düşəcək ki, bu vətən də onundur, bu millət də onundur, bu dövlət də. Yəni özününküdür. Görürsən Üzeyir bəy nə yazır: “Hər şey özümüzündür”. Fasilə məsələsi var e, onu xüsusi vermək lazımdır. Bəziləri deyirdi ki, Cümhuriyyət iflasa uğradı, süqut etdi, ya nə... Məhəmməd Əmin deyir süqut-zad havayı söhbətdir, fasilə olub. Gəlib bizi işğal ediblər, amma biz o fasiləni aradan qaldıracağıq.


- 70 illik fasilə?


- Qaldırdı, ya yox? İndi uzaqgörən kimə deyərlər, soruşuram səndən? Bu cür siyasət adamlarına uzaqgörən deyərlər. Bu deyir ki, fasilə olub, biz də bu günü yaşayırıq. Onda niyə deməyək ki, eşq olsun sənə, 1955-ci ildə dünyanı dəyişmisən, amma hələ 29-cu ildə demişdin ki, ay cavanlar, vallah-billah bu dövlətdə yaşayacaqsınız! Dedi ki, bu ideyanı, müstəqilliyi xalqa daddırdıq. Uşağa şirnini dadızdırandan sonra əlindən almaq olmaz. Millət müstəqil dövlət həyatını yaşayandan sonra gərək ziyalılar o fikri o millətin canından çıxmağa qoymayalar. Hüseyn Caviddən tutmuş digər ziyalıları niyə güllələyirdilər? Müstəqil dövlət həyatı yaşamaq məfkurəsini bu millətin canından çıxmağa qoymadılar. Məhəmməd Əmin deyir, ey gənclik, sən bu dövləti yaşadacaqsan, o bayrağı bir də qaldıracaqsan! İndi İlham Əliyev o bayrağı 160 metr qaldıranda gedib o kişini durğuzacam ki, dayı, sən deyirdin ki, o bayraq parlamentin üzərində dalğalanacaq, əşi, indi 170 metr hündürlükdə dalğalanır e! Mən niyə yazıram bununla fəxr etmək lazımdır? Elə şeylər var ki, tarixi biləndən sonra ona məhəbbətin olur. Xırda məsələlərə diqqət eləmək lazım deyil. Bilmək lazımdır ki, Vətən də bizimdir, millət də, dövlət də. Dövləti idarə edənlər bu tezisi bilməlidir. Elə etməlidir millət doğrudan da fəxr eləsin ki, əsl yaşayış milli müstəqil dövlətdədir. Əsas budur ha... İndi bunun üçün də hər şeyi dövlətdən istəmək olmaz. Kennedinin məşhur sözü var. Deyir, Amerika mənə nə verib yox, gərək sual verəsən, sən Amerikaya nə vermisən? İndi sən millətə nə vermisən. Həsən bəy Zərdabi deyir çırmanıb suya girən lazımdır ki, qabağa getsin, canını versin, bu milləti yetişdirsin, onu azad etsin. Ona görə də Məhəmməd Əmin Rəsulzadə Axundovdan, Zərdabidən, Sabirdən, Əli bəydən, Əhməd bəydən, Üzeyir bəydən başlayırdı. Ədəbiyyatını, qəzetini, mədəniyyətini, musiqisini yaratdılar. Məhəmməd Əmin yazır ki, Şərq xalqları arasında 25 il içərisində öz ədəbiyyatını, mətbuatını, məktəbini, mədəniyyətini, təşkilatlarını, partiyalarını, dövlətini yaradan ikinci bir millət yoxdur. 100-200 il ərzində edənlər var, amma 25 il ərzində yox. Yazırdı Şimali Azərbaycanın 25 ildə gördüyü işi dünyada görən ikinci xalq yoxdur ki, 25 ildə görsün. Üzeyir bəy də yazırdı ki, Allah bizim millətə çox böyük istedad verib, şərait olsa, bizim millət dünya mədəniyyətinə incilər verəcək. Avropa Oyunları ilk dəfə harda keçirildi? Azərbaycanda. İslam Oyunları harda keçirildi? Azərbaycanda. Baxırsan ki, inkişafa meyl, yenilik hissi, özünü millətlər içərisinə salmaq hissi təbiətində var e. Böyük hissdir, bu hisslə yaşamaq lazımdır. Mən niyə çox işləyirəm? Təsbeh çevirməklə, avara gəzməklə, boş danışmaqla iş olar? Kimin əlindən gəlirsə, öz milləti üçün, vətəni üçün etməlidir.


***


Şirməmməd müəllim hazırda iki cildlik “Odlu yurd” kitabından Məhəmməd Əmin Rəsulzadə ilə bağlı seçmələri nəşrə hazırlayır.


- Bu ilk cilddən Məhəmməd Əminin bir cildi çıxacaq. İndi bunu işləmək lazımdır. Mən yavaş-yavaş qəzetdə çap etdirirəm. Amma əsas məsələ bunu çap eləmək deyil, həm də onu oxutmaqdır.
musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.