Bakının mərkəzində mağazalar sürətlə bağlanır - FOTOLAR

15-01-2016, 16:47           
Bakının mərkəzində mağazalar sürətlə bağlanır - FOTOLAR
Manatın bir il ərzində ikinci dəfə dəyər itirməsindən sonra ölkə əhalisi “qənaət rejimi”nə keçməyə başlayıb. Bu hal özünü paytaxtın mərkəzində yerləşən mağaza və müxtəlif iaşə obyektlərində də açıq şəkildə göstərir.

Musavat.com-un əməkdaşı Bakının Fəvvarələr meydanı kimi tanınan Nizami küçəsində yeləşən mağaza və iaşə obyektlərinin müştərilərinin xeyli azaldığının şahidi olub.
Bir zamanlar insanlarla dolu olan mağazalar artıq müştərisizlikdən içəridə gəzişən satıcılarla baş-başa qalıb. İkinci devalvasiya Bakıda xüsusilə texnologiya mağazalarına təsir edib. Ən çox qiymət artımına məhz bu mağazalar gedib. Bundan başqa, bəhs etdiyimiz küçədə qızıl-gümüş, zinət əşyaları mağazaları da çətin vəziyyətdə qalıblar. Orada yerləşən məşhur “Captain Silver” mağazası isə artıq öz fəaliyyətini tamamilə dayandırıb.

Satıcılar bildirirlər ki, manatın birinci devalvasiyasından sonra insanlar mal almasalar da, mağazalara girib baxırdılar. İndi isə heç baxmaq üçün də gələn yoxdur. Bu səbəbdən də əksər mağazaların üzərində böyük faizlə endirim, yaxud da bağlanacaqları ilə bağlı elan görmək olur.

İqtisadi ekspert Natiq Cəfərli isə musavat.com-a açıqlamasında bildirib ki, mərkəzdə mağazaların bağlanması prosesi bundan sonra daha sürətlə gedəcək:
“Mərkəzdəki mağazaların bağlanmasının iki önəmli səbəbi var. Birinci səbəb odur ki, icarə haqları həddindən artıq bahadır. İkinci səbəb isə hazırda ticarət dövriyyəsinin azalması və insanların alıcılıq qabiliyyətinin aşağı düşməsidir. İnsanlar sürətlə iş yerlərini və gəlirlərini itirirlər. Bu isə birbaşa alıcılıq qabiliyyətinə də təsir edir. Eyni zamanda vəziyyət elədir ki, sabaha güvən də yoxdur və əlində vəsaiti olan belə bu səbəbdən onu geyimə xərcləmir. Bu iki səbəbə görə, mərkəzdəki dükanlar sürətlə bağlanır. Bu sürət o zaman aşağı düşə bilər ki, icarə haqları kəskin şəkildə azaldılsın və iqtisadi aktivlik, manata olan güvən artsın. Ancaq təəssüf ki, ikinci dediyim məsələ yaxın zaman üçün keçərli deyil. Mağazalarda qiymətlərin kəskin şəkildə ucuzlaşması isə mümkün deyil. Çünki malın maya dəyəri var və hamısı xaricdən gətirilir. Dolların və avronun Azərbaycandakı indiki məzənnəsini nəzərə alsaq, qiymətlərin enməsindən danışa bilmərik”.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.