ALMAN-FRANSIZ AVROPASININ SONU

16-02-2024, 12:58           
ALMAN-FRANSIZ AVROPASININ SONU
Emmanuel Todd görkəmli fransız tarixçi və antropoloqudur.
O, 1970-lərin ortalarında özünün “La Chute finale” (Son final) adlı essesində demoqrafik və sosial proseslər əsasında SSRİ-nin dağılacağını proqnozlaşdırması ilə məşhurdur “Après l’empire” (İmperatorluqdan sonra) kitabında isə Todd 20 il əvvəl Amerikanın gücünün tarixi tənəzzülünün əlamətlərini aydın şəkildə təsvir edib. 72 yaşlı alim son zamanlar vaxtını Avropa elitalarının davranışlarını təhlil etməyə həsr edib. Onun fikrincə Ukraynadakı münaqişə onların davranışının motivlərini çox aydın şəkildə ortaya çıxarıb. Elita dedikdə Todd Avropa ölkələrinin siyasi elitasını, kapital sahiblərini, aparıcı jurnalistləri, professorları və menecerləri – milli strategiyanı müəyyən edən, iqtisadiyyata, hökumət strukturlarına və ideologiyaya nəzarət edənləri nəzərdə tutur.
Todd “Elucid” televiziya kanalına verdiyi müsahibəsində Avropa elitalarının niyə suverenlikdən əl çəkməsi və hakimiyyətin cilovunu amerikalılara verməsi ilə bağlı mülahizələrini dilə gətirib…
Tanınmış elm adamına görə biz Alman-Fransız Avropasının sonuna şahid oluruq. Avropa İttifaqının iki ən böyük ölkəsi öz suverenliyini itirmək və iqtisadi deqradasiya ilə üzləşmək üzrədirlər. Ukraynada hadisələrin başlanmasından bu yana Avropa qitəsinə liderlik tədricən Polşaya keçir; əvvəllər ağlasığmaz kimi görünən Vaşinqton-London-Varşava-Kiyev oxu formalaşır. Bunun hərbi və maliyyə səbəbləri var. Sovet İttifaqının dağılmasına qədər Qərb blokunun forpostu Almaniya idi. Almaniyasız Soyuq Müharibədən qalib çıxmaq mümkün deyildi. Qarşıdurma bitdikdən sonra NATO blokunun sərhədləri şərqə doğru irəlilədi və Almaniya Amerika strategiyasında müstəsna rol oynamaqdan çıxdı, onun yerini Polşa aldı. Buna görə də Almaniyanın Soyuq Müharibə dövründə əldə etdiyi bütün üstünlüklər ləğv edildi, xüsusilə də Rusiya ilə xüsusi iqtisadi əlaqələr itirildi. Şimal Axınının məhv edilməsi bu prosesi başa çatdırdı və indi Almaniya iqtisadi çətinliklərlə üz-üzədir. Almaniya Rusiyanın enerji resurslarından kəsilib, onun iqtisadi tənəzzülü başlayır, siyasi arenada sa Almaniya gücünü itirir.
Avropa elitasının zəifləməsinin səbəblərindən biri budur. Lakin Emanuel Toddun fikrincə məsələnin başqa bir son dərəcə vacib maliyyə tərəfi də var. İsveçrənin qlobal maliyyə mərkəzi kimi yoxa çıxması, onun bank sirlərinin sirr olmaqdan çıxması, Avropa elitalarının əsrlər boyu saxladıqları pullar və vergidən gizlədilən bütün gəlirləri Anglo-Sakson offşorlarına köçdü. Beləliklə, Avropa elitasının Böyük Britaniya və ABŞ-dan maliyyə asılılığı total xarakter alıb. Əgər onlar itaətsizlik etsələr 2016-cı ilin “Panama qalmaqalı”na bənzər ifşa olunma riski ilə üzləşəcək, bu zaman dünyanın müxtəlif ölkələrindən siyasətçilər, sahibkarlar və ictimai xadimlər arasından gizli hesab sahibləri haqqında məlumatlar mətbuata sızdırılacaq.
Bununla yanaşı, internetin inkişafı kapitalın Avropadan ofşor şirkətlərə transferini xeyli sürətləndirib. Əgər əvvəllər İsveçrəyə pul çamadanlarda daşınırdısa, bu gün bu ofşor əməliyyatı sözün əsl mənasında bircə kliklə həyata keçirilir.
Bundan əlavə, internet Avropa siyasətçilərini birbaşa izləmək imkanı yaradıb. Dinləmə və casusluq texnologiyası uzun bir yol keçib; demək olar ki, hər bir avropalı siyasətçi, jurnalist və ya iş adamı kompromat sübutların müvafiq məlumat bazasına malikdir. Kəşfiyyat orqanları üçün indi media məkanında bir insanın reputasiyasını korlamaq çox asan olub. Todd keçmiş amerikalı kəşfiyyatçı Edvard Snoudenin verdiyi məlumatlara istinad edirək CIA və NSA (National Security Agency – ABŞ Milli Təhlükəsizlik Agentliyi) tərəfindən müşahidələr ilk növbədə Qərb elitasının tanınmış nümayəndələri üzərində aparılır.
Məhz buna görə də Amerikanın müasir dünyada qlobal təsirinin azalmasına baxmayaraq, onun Avropa protektoratı üzərində nəzarəti artır. Avropa elitasının özünü məhv etmək kimi irrasional istəyini və “Böyük Avropa” qurmaqdan imtina etməsini Todd bu səbəblərlə izah edir.
İbrahim Nəbioğlu
https://t.me/ibrahim_nebioglu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.