.“Qolumun saatını açıb iki erməni öldürən tağım komandirinə hədiyyə etdim...”
28-06-2019, 10:11
“Mənim bir milyonum olsaydı, saat almazdım, ölkə gənclərinin təhsil almasına xərcləyərdim, kasıba, əlsizə-ayaqsıza əl tutardım”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov bu qiymətə saat olmasını birinci dəfədir eşitdiyini bildirib:
“Mənim bir milyonum olsaydı, saat almazdım, neynirəm o qədər pulu saata verirəm. Saat sadəcə vaxtı göstərmək üçündür. O pulu ölkə gənclərinin təhsil almasına xərcləyərdim, kasıba, əlsizə-ayaqsıza əl tutardım. Birinci dəfədir ki, bir milyon dəyərində saat olduğunu eşidirəm. Heç padşahın oğlu bir milyona özünə saat almaz”.
R.Mahmudov qol saatını cəbhədə erməni öldürən hərbçiyə hədiyyə etdiyini bildirib:
“Sizə maraqlı bir əhvalatı danışım. Gədəbəydə hərbi hissə komandiri olan Oruc Abdullayev mənim dostumdur. Hər dəfə Gədəbəyə gedəndə onunla görüşürdüm. Bir dəfə onunla birlikdə düşmənlə üzbəüz olan postda qalxdıq. Ona dedim ki, əsgərin yanına əliboş gəlmişəm, gərək mən bura bazarlıq edib gələrdim. O.Abdullayev məni aparıb əsgərlərin ərzaq anbarına saldı və dəhşətə gəldim. Anbarda əsgər üçün hər cür ərzaq var idi. Sonra əsgərlərin qarşısında çıxış etdim və qol saatımı iki erməni öldürən tağım komandirinə hədiyyə etdim. Dedim ki, bunu heç kim telefonuna çəkməsin. Amma avtobustda bir adam mənə yaxınlaşıb dedi ki, saatınızı zabitə hədiyyə etdiyiniz üçün mən də saatımı sizə bağışlayıram”.
Qeyd edək ki, İbiza adasında 22 yaşlı azərbaycanlı turistin 1 milyon funt-sterlinq dəyərində saatının oğurlandığı barədə xəbər yayılıb. Avropada yaşayan azərbaycanlı jurnalist Cavanşir Həsənli isə sosial şəbəkədə sözügedən şəxsin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədovun oğlu Sübhan Məmmədli olduğunu yazıb.
Məsələ ilə bağlı AYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Nəcəfli açıqlamasında yazılanların həqiqəti əks etdirmədiyini bildirib.