Dünya Rifah İndeksinin hesabatına Bakıda sərt reaksiyalar

30-11-2018, 09:39           
Dünya Rifah İndeksinin hesabatına Bakıda sərt reaksiyalar
Bəxtiyar Sadıqov: “Onların Azərbaycandan xəbərləri yoxdur”; Fikrət Yusifov: “Kiminsə bizi rifah göstəricisinə görə geridə sıralaması daha çox ikili yanaşmanın məhsuludur”
Son 12 ildə dünyada firavanlıq ən yüksək səviyyəyə çatıb, yəni, daha çox adam həmişəkindən yaxşı yaşamağa başlayıb. Strateq.az xəbər verir ki, bunu noyabrın 28-də açıqlanmış Legatum Rifah İndeksi üzə çıxarıb.

Norveç artıq ikinci ildir bu reytinqdə başda gedir. Son beş ildə dünyada 113 ölkədə rifah səviyyəsi yüksəlib. Bunlar indeksdəki ölkələrin 75 faizini əhatələyir və bu ölkələrdə altı milyard adam yaşayır.

İndeks Asiya-Sakit Okean regionunun son 10 ildə ən sürətlə artdığını üzə çıxarıb. Burada orta və aşağı səviyyəli ölkələr rifah səviyyələrini sürətlə yaxşılaşdırıblar. Ən çox diqqəti çəkən isə Nepal, İndoneziya və Hindistandır.

Ümumilikdə, sürətli yüksəliş yaşayan ölkələrdə sakinlər 10 il öncəkindən daha yaxşı yaşadıqlarını bildiriblər.

Azərbaycan 99-cu yerdədir. Ermənistan 88, Gürcüstan 80, Rusiya 96, İran 108-ci yerdədir. Azərbaycan ötən il 149 ölkə içində 103-cü yerə çıxmış, bir il öncəkindən 3 pillə irəliləmişdi ttps://777897.info/b/https:/www.azadliq.org/a/28887785.html.

Azərbaycanın regionda yalnız İrandan irəlidə göstərilməsinə qarşı çoxsaylı mövqelər var. Xüsusilə Gürcüstanın 19 pillə bizdən öndə verilməsinin qərəz olduğu vurğulanır.

“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov bildirdi ki, rifah tək rəqəmlə deyil, gözlə də ölçülür: “Bilmirəm ki, o qurum rəqəmləri haradan alıb, nəyin əsasında Azərbaycana çox aşağı yer veriblər. Bəlkə siyasi yanaşma olub, bəlkə də onların Azərbaycandan xəbərləri yoxdur. Burada iki məqamı önə çəkmək istəyirəm. Birincisi, Azərbaycanın bu başından o başına gedəndə nə qədər tikinti-quruculuq işlərinin getdiyinin, yeni mənzillərin tikintisinin, insanların nə qədər imkanlarının yüksək olduğunun şahidi oluruq. Şəhərdə maşınlar əlindən tərpənməyin nə qədər çətin olduğunu hər kəs bilir. Gözlə baxanda görürsən ki, bunların hamısı xalqın rifahından xəbər verir. İnsanlar 1-2 mərtəbəli evlə kifayətlənmirlər. Eyni zamanda bir maşınla da kifayətlənmirlər. Özü də ən yaxşı avtomobillər alırlar. Hamının əlindəki telefon adi telefondan deyil. Daha çox qiyməti, proqramları olan telefonlardır. Azərbaycana gələn turistlər birmənalı olaraq müsahibə verəndə, öz ölkələrinə gedib orada çıxış edəndə ölkəmizin inkişafından, gözəlliyindən danışırlar.

Bizim insanların geyimlərindən tutmuş bütün aksesuarlara qədər hər şey bu xalqın rifahını göstərir. Axşamlar restoranlara gedin, görəcəksiniz ki, əvvəlcədən sifariş verməsən bir boş yer tapa bilərsənmi? Uşaqlarımızın geyimləri, toy geyimləri və s. rifahdan xəbər verir. Biri var ki, qazandığın pul yalnız yeməyinə çata və onunla qidalanasan. Ev, maşın və digər bu kimi şeylər birbaşa imkandan irəli gəlir. Bunlar da rifahın göstəricisidir. Onlar bizim ölkəyə aşağı yer verirlər, bu onların öz vicdanlarıdır. Əgər sən fəlakət içərisində boğulan, bütün günü küçələrə çıxıb etiraz mitinqləri keçirilən Ermənistanla Azərbaycan, dilənçi vəziyyətində yaşayan erməni xalqı ilə Azərbaycan xalqı arasında cüzi fərq görürsənsə, yaxud blokada şəraitində yaşayan İranla Azərbaycan arasında yaxınlıq olduğunu hesab edirsənsə, demək, bu sənin qərəzindən doğur. İrana müalicə digər şeylər üçün gedən azərbaycanlılar oradakı vəziyyəti yaxşı bilirlər. Bu baxımdan reytinqin ya naşılıqdan, ya bilməməzlikdən, ya da qərəzdən doğduğunu düşünürəm. Onlar Azərbaycana dost olmayan hansısa bir qurumdan bu arayışları, rəqəmləri götürə bilərlər. Ən sevindirici hal odur ki, bizi neçənci yerdə göstərmələrindən asılı olmayaraq Azərbaycan qurulur, inkişaf edir, Bakı gözəlləşir. Ölkəmizdə rifahın daha da yüksəlməsi üçün işlər daim görülür. Bunların müqabilində nə yazırlarsa, bu onların öz işidir”.

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov hesab edir ki, bu, Azərbaycanın apardığı islahatlara, əldə etdiyi nəticələrə qətiyyən uyğun gəlməyən bir münasibətdir: “Bir qədər öncə Dünya Bankının ”Doing Business 2019" hesabatında Azərbaycan ümumi reytinqdə yeni rekorda imza ataraq, əksər indikatorlar üzrə mövqeyinin daha üst səviyyəyə qalxmasına nail olmuşdu. Bu hesabatda Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Daha doğrusu, ölkəmiz 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb və dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib. Bu qədər nüfuzlu bir beynəlxalq maliyyə institutunun Azərbaycana verdiyi belə yüksək qiymət fonunda kiminsə bizi rifah göstəricisinə görə geridə sıralaması daha çox ikili yanaşmanın məhsuludur. Ola bilməz ki, ölkəmizdə əhalinin sosial məsələlərinin həllinə ölkədə bu qədər diqqət yetirildiyi bir vaxtda bu göstəriciyə görə biz aşağı yerlərdən birinə layiq olaq".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.