Komitə oğru qadının videosunu yayanlara cəza istədi – “Anamız, bacımız, qızlarımızdır”
7-12-2018, 13:10
"Qadının o formada təqdim edilməsini düzgün saymırıq, bu hadisəni kəskin pisləyirik”.
Bunu BakuPost-a açıqlamasında ötən gün sosial şəbəkələrdə Bakıda oğurluq zaman ev sahibləri tərəfindən yaxalanmış qadının videogörüntüsünün çəkilərək sosial şəbəkədə yayılmasına münasibət bildirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov söyləyib.
E. Səfərov deyib ki, vətəndaşlar bu videogörüntünü sosial şəbəkələrdə bölüşürlər: "Hər bir cəmiyyətdə istər kişi, istər qadın olsun, oğru da, qatil də, ümumiyyətlə, cinayətkar da var. Biz də Azərbaycan cəmiyyətində belə hallara qarşı mübarizə aparırıq. Ancaq Azərbaycan qadınının siması haqqında cəmiyyətdə belə bir fikir formalaşdırılması, xüsusən qadınlara qarşı zorakılıqla mübarizə günlərində yolverilməzdir. Kişi, yaxud qadın cinayət, oğurluq törədibsə, məsuliyyətə cəlb edilməlidir. Ancaq bu cinayətin kişi, qadın, yoxsa uşaq tərəfindən törədildiyi yönündə yanaşma düzgün deyil. Cinsi ayrı-seçkiliyə yol verilməməlidir”.
Dövlət Komitəsinin şöbə müdiri hüquq-mühafizə orqanlarının məsələyə münasibət bildirməli olduğunu vurğulayıb: "Dövlət Komitəsi "qadın oğrudur”, "qadın döyülməlidir” simasının, yanaşmasının formalaşdırılmasına qarşıdır. Hanısa belə videogörüntünü bir nəfər bölüşürsə, təəssüf ki, digər vətəndaşlar da bölüşür. Kimsə oğrudursa, məhz qadın olduğuna görə oğurluq etmir. Kişi də bu əməli edə bilər. Dünyada oğurluq, narkotik satışı ilə və digər cinayətlərlə hər cinsin nümayəndəsi məşğul ola bilir. İnzibati xətalar və cinayət əməllərə hüquq və məhkəmə çərçivəsində baxılmalıdır. Ancaq "qadın oğrudur”, "qadın belədir” formatında məsələnin təqdim edilməsi düzgün deyil. Biz cəmiyyətdə vətəndaşlara da çağırış edirik ki, belə vimdeogörüntüləri "qadın oğrudur” yanaşması ilə paylaşmasınlar, göstərməsinlər. Azərbaycan qadını vəfalı, sədaqətlidir, anamız, bacımız, qızlarımızdır. Başqa cür də ola bilməz”.
Daxili İşlər Nazirliyinin məsələyə münasibətini öyrənmək mümkün olmayıb.
Qeyd edək ki, dünən "Facebook” sosial şəbəkəsində Bakıda bir mənzildə oğurluq edən qadının yaxalanması ilə bağlı videogörüntü yayılıb. Kişi ev sahibi tərəfindən çəkilən videogörüntüdə 40-45 yaşlı qadının ağlayaraq imdad diləməsi əks olunur.