Güclü rubl ciddi problemlər yaratmağa başlayıb - Analiz
19-05-2015, 10:51
Rublun kursunun yüksəlməsi dövlət gəlirlərini 80 milyard rubl azaldıb
Vladimir Putin, demək olar ki, heç kimin gözləmədiyi problemlə üzləşib: rubl hədsiz dərəcədə güclü olub. Ötən il dünyada ən pis valyuta olan rubl cəmi üç ay müddətində ən yaxşı valyuta kateqroriyasına daxil olub və onun möhkəmlənməsi dövlət istiqrazlarına və gəlirlərə müsbət təsir etsə də, Rusiyanın ixracat gəlirlərinin azalmasına səbəb olur. Dollarla neft qiymətinin bu il, demək olar, sabit qalmasına baxmayaraq, rublla hesablaşmada kəskin şəkildə aşağı düşüb.
2014-cü ildə neft qiymətlərinin 50% aşağı düşməsi ilə bağlı olaraq rublun kursunun kəskin şəkildə enməsi büdcə kəsirini ÜDM-dan 1% saxlamağa kömək etdi. Hazırda Ukraynada barış yaranarkən, yüksək gəlirli qiymətli kağızlar isə daha çox investor cəlb etdikcə Rusiya hökuməti əks effektlə rastlaşıb.
Maliyyə bazarları və makroiqtisadiyyatın təhlili üzrə “Alfa Kapital”ın direktoru Vladimir Braqin bildirir: “Nəzərə alınsa ki, neftin rublla qiyməti son dərəcə aşağıdır, rublun indiki kursu Rusiya büdcəsi üçün əlverişsiz olub. Makroiqtisadi sabitlik əldə etməkdən ötrü Rusiyanın öz büdcə kəsirini məhdudlaşdırması lazımdır. Zəif rubl isə bu məqsədə yetmək üçün ən yaxşı üsuldur”.
Braqinn hesab edir ki, Mərkəzi Bank rublun kursunun artmasını ləngitmək üçün xarici valyuta ala bilər.
Lakin londonlu ekspert Liza Yermolenko bu fikri bölüşmür. Onun dediyinə görə, Rusiya Mərkəzi Bankının mübadilə kursuna təsirlə büdcəyə kömək üçün istənilən cəhdi onun müstəqilliyini sarsıdır. Mərkəzi Bankın sədri Elvira Naibullina keçən il azad kurs yaratmağa keçəndən sonra gələcəkdə daha ciddi problemlərin meydana çıxmasına şərait yarandı.
Bu il bazarda rubl əməliyyatları investorlara 22% gəlir gətirdi. Bu, dünyada hind rupisinin gəlirlilik əmsalını altı dəfə geridə qoyan ən yüksək gəlirdir. “Bloomberg”in məlumatına görə, rupi dünyadakı ən yaxşı göstəricili valyutalar içində ikinci yeri tutur.
Nəticədə Maliyyə Nazirliyi gəlir mənbəyi olan kreditlərin cəlb edilməsini, təxminən, üç dəfə - 126 milyard rubladək artırdı.
“Bloomberg”in sorğuya tutduğu analitiklər büdcə kəsiri hada proqnozlarını 2,5%-dən 2,6%-ə dəyişdiriblər.
“Renessans Kapital”ın aparıcı iqtisadçısı və Mərkəzi Bank rəhbərliyinin keçmiş müşaviri Oleq Kuzminin sözlərinə görə, rublun kursunun yüksəldilməsi dövlət gəlirlərini 80 milyard rubl azaldıb.
2015-ci ildə rublun kursu 17% möhkəmləndi, halbuki keçən il 46% aşağı düşmüşdü.
Neftin 56 dollarlıq qiyməti nəzərdə tutur ki, rublun dollara nisbətdə kursu, təxminən, 60 rubl təşkil edir. “Morgan Stanley”-nin analitikləri hesab edirlər ki, Rusiya valyutasının cari möhkəmləndirilməsi Rusiya iqtisadiyyatının korrektə edilməsinə də təhlükə təşkil edir.
Braqinin fikrincə, “daha güclü rubl iqtisadi üstünlüyü heçə endirir, bu isə öz növbəsində büdcə kəsiri üzərində nəzarət prosesini mürəkkəbləşdirir”.
Kseniya Qaluşko
"Bloomberg" (ABŞ), 18.05.2015
strateq.az