ATV kanalının kollektivi xalqın rəyinə qarşı birləşdilər

21-05-2015, 20:50           
ATV kanalının kollektivi xalqın rəyinə qarşı birləşdilər
Xalqın gözü tərəzidir. Bu atalar sözünü Azərbaycanda hər kəs sevir. Lakin bütün səmimiyyət bir yerdə bitir. Xalqın gözünü tərəzi sayanlar yüngül tərəfə düşürsə, bütün yüksək mənəvi dəyərlər, deyimlər, atalar sözləri yaddan çıxır.

ATV telekanalının aparıcısı Mətanə Əlverdiyevanın "Gündəlik" proqramının efirində sözünə sahiblik etməməsi, ardınca günahı özündə yox, onu tərəzinin yüngül tərəfinə atan xalqda görməsi ən azı-qeyri səmimilikdir.

Hər şey ötən gün elə "Gündəlik" proqramında başladı. Xanım aparıcı "Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi", sözləri sosial şəbəkədə əsl partlayışa səbəb oldu. Hər kəs onu qınamağa, təhqir etməyə başladı, efirdən qovulmasını tələb etdi.

Məsələ ilə bağlı ATV telekanalının üzrü, qəbahətindən də betər oldu. İctimai rəyin tamamilə başqa istiqamətə yönəldiyini görəndə bir bəyanat da verdilər. Dedilər ki, guya bəzi "məkrli" media qurumları və internet portallarının əməkdaşları işlədilən ifadələri bilərəkdən konteksdən çıxararaq, öz mənafelərinə uyğun formada təqdim edirlər. ATV-nin adını hallandırmaqla belə həssas məqamlarda öz oxucu saylarını artırmağa çalışırlar.

Əziz həmkarlar, gəlin bir qədər ciddi olaq. Teleaparıcının efirdə səsləndirdiyi fikirləri bütün qulaqlar yaxşı eşitmişdi. Biz heç nəyi konteksdən çıxarmamışıq. Biz yalnız aparıcı xanımın fikirlərinə yer ayırmışıq. Onu sözlərinə görə qınayan biz - "məkrli jurnalistlər" deyil, xalqdır. Biz jurnalist olaraq hadisələrə müdaxilə etmirik. Yalnız baş verənləri oxucularımıza çatdırırıq. Xalq o sözləri sevmədisə, günahı bizdə aramayın, lütfən.

Məsələ bununla bitmədi. Bu gün teleaparıcı İlqar Mikayıloğlu öz həmkarını elə eyni telekanaldakı "Gün üzü" verilişinə çağırdı və Mətanətin qəbahətinə haqq qazandırmağa çalışdı. Telekanalın əməkdaşları da ona qoşuldular və xalqın rəyinə qarşı birləşdilər. Bu zaman tam "vicdanlı" şəkildə davrandılar. Əks fikirdə olan bir nəfəri də belə efirə çağırmadılar. Əllərində olan efir imkanlarından yararlanaraq, onları təndiq edənləri haqsız çıxarmağa çalışdılar. Həm də əks fikrə yer ayırmadan.

Həmin bəraət verilişi də çox gülünc görünürdü. Nə qədər montaj edilmiş kadrlar göstərsələr də, fraqmenti parçalayıb fikirləri yayındırmağa çalışsalar da, bir sözlə Mətanəti haqlı çıxarmaq istəsələr də, mümkün olmadı. Mümkün də olmayacaq. Çünki hər şey gün kimi aydındır. Mətanət bu sözləri deyib: "Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi".

Ölkə rəhbərliyi səviyyəsində hadisəyə qiymət verilib. İnsanların necə faciəvi şəkildə öldüyünü bütün dünya görüb. Hətta düşmənimiz Ermənistandan da hadisə ilə bağlı fikirlər səsləndirilib. Belə bir yerdə Mətanət hadisəni külək və ya film adlandırır.

Mətanət nə "məkrli" media qurumlarına, nə də ki, ATV telekalını sevməyənlərə görə hədəfdə deyir. Söz var kəsdirər başı, söz var kəsər savaşı. Mətanət isə baş kəsdirən sözlərinə görə hədəfdədir. Bunu artıq anlayın, cənablar!

Teymur Hacıyev
Milli.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.