İcra hakimiyyətləri səlahiyyətlə\rinin bir hissəsini itirəcək - "kiçik padşahlar" dövranı gedir

23-05-2015, 11:21           
İcra hakimiyyətləri səlahiyyətlərinin bir hissəsini itirəcək - "kiçik padşahlar" dövranı gedir
Azərbaycanda icra başçılarının rayonlardakı ağalığına son qoyulmasına az qalıb. Söhbət onların yerli özünüidarəetmə orqanları üzərində hegemonluğunun başa çatmaq üzrə olduğuna dair ilkin siqnalların eşidilməsindən gedir.

"Bələdiyyə institutu artıq uzun müddətdir ki, Azərbaycanda fəaliyyət göstərir. Amma bələdiyyə institutunun fəaliyyətini biz Azərbaycanda hiss eləmirik. Faktiki olaraq bələdiyyə icra hakimiyyətinin bir şöbəsinə çevrilib. Halbuki onlar sərbəst fəaliyyət göstərməlidirlər". Bu sözləri millət vəkili Vahid Əhmədov bildirib.
Onun sözlərinə görə, bələdiyyələr nə bölgələrdə, nə də şəhərlərdə işlər görür. Yalnız torpaq satışı ilə məşğul oldular və bununla da işlərini bitmiş hesab elədilər. Onların yol çəkməsi və ya hansısa kəndə su çəkməsini görmürük. "Biz Milli Məclisdə bələdiyyələrin səlahiyyətlərinin artırılması məsələsinə baxmışıq. Ancaq bələdiyyələr özləri də çevik işləməli və səlahiyyətləri daxilində müəyyən işlər görməlidirlər. Vergilərin yığılmasında iştirak etməlidirlər", - deyə o əlavə edib.
Millət vəkili hesab edir ki, bələdiyyələrin fəaliyyətini nizamlamaq üçün Türkiyə təcrübəsini öyrənmək lazımdır.
"Türkiyədə bələdiyyələr çox yüksək səviyyədə iş qurublar. Faktiki olaraq bütün işlərdə iştirak edirlər. Türkiyədə bələdiyyələrə olan münasibəti Azərbaycanda da eləmək lazımdır ki, burada da işləyə bilsinlər", - deyə o vurğulayıb.
Vahid Əhmədovun sözlərinə görə, bələdiyyələrin səlahiyyətləri genişləndirilsə də, onlar maliyyə çatışmazlığını bəhanə edirlər. "Maliyyə məsələsi bələdiyyələrin özlərindən də asılıdır. Öz ərazisində hansısa istehsalat sahəsi təşkil etməli, vergi yığımına diqqəti artırmalı və digər məsələlər var", - o qeyd edib.
Millət vəkili hesab edir ki, bələdiyyə ilə icra hakimiyyətləri arasında səlahiyyətlər bölüşdürülməlidir. Bilinməlidir ki, bələdiyyə nə işlə məşğul olur, icra hakimiyyəti nə işlə məşğul olur. "Bələdiyyələrin qanunvericilik çərçivəsində formalaşma prosesi çox zəif gedir. Uzun müddət keçməsinə baxmayaraq proses hələ başa çatmayıb. Bələdiyyələr ilə icra hakimiyyəti orqanları arasındakı münasibətlər qanunvericilikdə aydın olsa da, real həyatda hər şey tamamilə fərqlidir. Yəni bələdiyyə faktiki olaraq icra hakimiyyətinin bir şöbəsi kimi fəaliyyət göstərir", - o vurğulayıb.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev srağagünkü çıxışında bələdiyyələrin fəaliyyətindən narazı olduğunu bildirmişdi. Dövlət başçısı deyib ki, bütün bölgələrdə, kəndlərdə, şəhərlərdə aparılan işlər dövlət büdcəsi hesabına görülür: "Bələdiyyə bir kənd yolunu tikib? Halbuki bu onun bilavasitə işidir. Bütün kənd yollarını dövlət büdcəsi hesabına, ya da Prezidentin Ehtiyat Fondunun hesabına biz tikirik. Bələdiyyə sadəcə olaraq, bir möhür idarəsidir. Buna son qoyulmalıdır".
Görünən odur ki, proseslər yerli özünüidarəetmə orqanlarının icra hakimiyyətlərinin nəzarətindən çıxarılmasına doğru gedir. Bu isə icra başçılarının rayonlardakı hakimi-mütləqliyinə son qoymaqla bərabər, onların misli görünməmiş dərəcədə varlanmasının qarşısını alacaq. Əvəzində dövlətin və vətəndaşların maraqları ön plana çıxacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.