Düşünülməmiş iqtisadi siyasət, yoxsa maliyyə sabotajı? –Hökumət devalvasiyadan nə gözləyirdi, nə oldu? - Təhlil

9-09-2016, 09:37           

Artıq il yarımdan çoxdur ki, ölkə gündəminin əsas müsakirə mövzusunun dolların məzənəsi olduğunu desək, yəqin, səhv etmərik. İndi dost-tanış, qohum-əqraba bir-birini gördükdə, hal-əhval tutmazdan öncə, “dollar yenə qalxdı, bunu axırı necə olacaq?” deyə sual edir. Ancaq heç kim bu suala doğru-düzgün cavab verə bilmir. Çünki Azərbaycanda “dollar-manat” münasibətləri iqtisadi qanunlarla, bazarın tələblərilə deyil, bəzən siyasi qərarlarla, bəzən də subyektiv maraqlarla, kimlərinsə şəxsi və ya korporativ istəkləriylə tənzimlənir. Bu üzdən də Azərbaycanda dolların məzənnəsi ilə bağlı proqnoz vermək mümkün deyil. Hər halda bir ölkədə ki, Mərkəzi Bankın rəhbərinin, maliyyə nazirinin belə dolların məzənnəsi ilə bağlı açıqlamaları, vədləri 2-3 gündən sonra yalan çıxırsa, burda proqnoz verməyin nə qədər doğru olduğunun xüsusi şərhə ehtiyacı qalmır.

Düzdür, müstəqil iqtisadçı ekspertlər dolların manata nisbətdə məzənnəsinin daha da artacağını vurğulayırlar. Bu gün dolların məzənnəsinin 1.80 manata yaxınlaşması və valyuta qıtlığının yaranması onların proqnozlarını doğru çıxarır.

Əslində, burda qeyri-adi nə isə yoxdur. Ölkənin mövcud iqtisadi potensialını, maliyyə vəziyyətini, idxal-ixrac əməliyyatlarını, valyuta axınını təhlil etdikdə, həmçinin beynəlxalq maliyyə bazarında dolların getdikcə möhkəmlənməsini nəzərə aldıqda, hətta manatın bugünkü məzənnəsinin də realığı əks etdirmədiyi aydındır. Yəni, dövlətin müdaxiləsi olmazsa, 1 dollar 2-3 manat, bəlkə də daha yüksək səviyyəsində ifadə olunar.

Mərkəzi Bank “üzən məzənnə” siyasətinə keçib, yoxsa…?

Bu üzdəndir ki, Mərkəzi Bank ötən ilin dekabrında “üzən məzənnə” siyasətinə keçdiyni elan etsə də, faktiki olaraq, valyuta bazarını öz nəzarəti altında saxlamaqdadır. Mərkəzi Bankın valyutanın alış-satış məzənnəsindən 4 faizlik kənarlaşma həddini müəyyənləşdirməsi də bunu sübut edir. Belə ki, 2-ci devalvasiyadan sonra məzənnənin hər gün elan edilməsi yeni rejimin “üzən məzənnə” siyasəti deyil, “üzən-tənzimlənən” olduğunu aydınlaşdırdı.

Qeyd edək ki, təcrübədə 3 məzənnə rejimi var:

1. Üzən;

2. Üzən-tənzimlənən;

3. Təsbit edilmiş.

Üzən-tənzimlənən rejimdə də məzənnə, əsasən, tələb-təklifə görə müəyyənləşdirilir, amma kəskin dalğalanmaları önləmək üçün Mərkəzi Bank daha fəal çalışmağa məcbur olur. Yəni, valyuta hərracları keçirməklə, satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddini müəyyənləşdirməklə milli valyutanın kəskin devalvasiyasının qarşısı alınır.

Belə rejimin düzgün idarə olunmaması və ya sui-istifadə halları isə “qara bazar”ın güclənməsinə və rəsmi məzənnə ilə real məzənnə arasında böyük fərqin yaranmasına gətirib çıxarır.

Təəssüf ki, bu gün Azərbaycanda bunu müşahidə etməkdəyik. Son həftələr banklar, faktiki olaraq, valyuta satışını dayandıraraq, Mərkəzi Bankın keçirdiyi hərraclarda Neft Fondundan aldıqları dolları “qara bazar”da satışa çıxarırlar.

Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası isə bunu sadəcə seyr etdiyindən (bəlkə də “paylarını” aldıqları üçün – müəl.), dolların real məzənnəsi ilə rəsmi məzənnə arasında kəskin fərq yaranıb. Bu isə, faktiki olaraq, 3-cü devalvasiyanın baş verməsi deməkdir.

250 milyarddan səmərəli istifadə edilməməsinin nəticəsi…

Yəni, hökumət rəsmən elan etmədən növbəti devalvasiyanı həyata keçirib. Bunun baş verməsinin iqtisadi səbəbləri barədə hər gün mətbuatda yazıldığından təkrarlamaq istəmirik. Ölkədə son 10-15 ildə aparılan iqtisadi siyasətin, ayrı-ayrı məmurlar tərəfindən dövlətin milyardlarla vəsaitinin korrupsiya yolu ilə mənimsənilməsinin, böyük pulların real iqtisadiyyata (zavod, fabrik tikintisinə, iri aqrar təsərrüfatların yaradılmasına) deyil, heç bir səmərəsi olmayan tikililərə (idman-konsert komplekslərinin tikintisinə, binaların üzlənməsinə, hansısa yarışların keçirilməsinə və sairə) yönəldilməsinin, valyutanın leqal və qeyri-leqal yollarla xaricə daşınmasının belə nəticələnməsi labüd idi.

Təkcə nəzarət paketi dövlətə məxsus Beynəlxalq Bankdan 8 milyard dollar vəsaitin oğurlanması, nazirlərin xaricdə milyardlarla dollarlıq əmlaka malik olması barədə ortaya çıxan faktlar, manatın, əlbəttə, belə dəyərsizləşməsinə səbəb olmalı idi.

Ümumiyyətlə, son 10 ildə ölkənın neft-qaz satışından əldə etdiyi 150 milyarda yaxın, eləcə də investisiya və kreditlər şəklində daxil olan 100 milyarddan artıq vəsaitdən səmərəli istifadə edilməməsinin nəticəsi bu gün özünü göstərməkdədir. Dağıdılan pullar və itirilmiş zaman nəinki milli valyutanı, bütövlükdə Azərbaycan iqtisadiyyatını ağır böhranla üz-üzə qoyub.

Mərkəzi Bankın “qara bazar” siyasət: hər ay 10 milyonlarla gəlir əldə edirlər!

Ancaq bu gün manatın tədricən dəyərsizləşməsinin yalnız iqtisadi səbəblərlə bağlı olduğunu iddia etmək yanlış olardı. Şübhə yoxdur ki, burda maliyyə bazarına nəzarət edən şəxslərin, ayrı-ayrı hökumət təmsilçilərinin şəxsi maraqları da ciddi rol oynayır. Məhz onlar hər həftə dövlətin (Neft Fondunun) 100 milyon dollar vəsaitini bankların əli ilə “qara bazara” çıxararaq, rəsmi məzənnə ilə real məzənnə arasındakı fərqdən hər ay 10 milyonlarla dollar gəlir əldə edirlər! Buna görə də tədrici devalvasiyada, manatın hər gün müəyyən qədər dəyər itirməsində maraqlı görünürlər.

Burda Mərkəzi Bankın da xüsusi rolu olduğunu qeyd etmək lazımdır. Belə ki, Mərkəzi Bank hər gün dolların rəsmi məzənnəsini, az da olsa, artırmaqla, bazardakı ajiotajın səngiməsinə imkan vermir, hamını əlindəki manat kütləsini “qara bazarda” baha qiymətə də olsa dollara çevirməyə, bir növ, təhrik edir. Halbuki Mərkəzi Bank çox yox, bir həftə rəsmi məzənnəni hər gün cüzi də olsa aşağı salmaqla, həm valyuta bazarındakı ajiotaja son qoya bilər, həm də insanların “qara bazara” axışmasına…

Bunu etməyərək, bir tərəfdən davamlı olaraq dolların rəsmi məzənnəsini az-az artırmaqla, bir tərəfdən banklara real tələbatdan az dollar satmaqla, bir tərəfdən də onların bu dolları “qara bazara” çıxarmasına şərait yaratmaqla, faktiki olaraq, devalvasiyanı stimullaşdırır. Yəni, bir tərəfdən növbəti devalvasiyanın olmayacağı bəyan edilir, digər tərəfdən də manatın gündəlik dəyər itirməsi siyasəti yürüdülür.

Bu siyasət isə ölkədə iqtisadi vəziyyətin daha da ağırlaşmasına, işgüzar mühitin getdikcə zəifləməsinə, insanlarda sabaha inamsızlığın yaranmasına, sosial gərginliyin artmasına, yaşam şərtlərinin ağırlaşmasna gətirib çıxarır.

Hökumət devalvasiyadan nə gözləyirdi, nə oldu?

Halbuki devalvasiya qərarı verilərkən, hökumət tam bunun əksinin hədəfləndiyini bəyan edirdi. Bildirilirdi ki, manatın dollara nisbətdə məzənnəsinin aşağı salınması yerli istehsalı stimullaşdıracaq, işgüzar mühiti canlandıracaq, iş adamlarını yeni iş yerləri açmağa təşviq edəcək, valyutanın xaricə axınının qarşısını alacaq.

Ancaq 2-ci devalvasiya qərarından keçən müddətdəki iqtisadi göstəricilər tam bunun əksini göstərdi. Belə ki, İqtisadi Tədqiqatlar Mərkəzinin məlumatına görə, ilk 7 ayın makro iqtisadi nəticələrinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə ÜDM bütövlükdə 3 faiz, qeyri-neft bölməsinin ÜDM-i 5,4 faiz, əsas kapitala yönəldilmiş vəsaitlər 29,7 faiz, eləcə də tikinti-quraşdırma işləri 31,7 faiz, kredit qoyuluşları 9,1 faiz azalıb. Əvəzində istehlak məhsullarının və xidmətlərin qiymətləri 10,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,0 faiz bahalaşıb.

Gömrük məlumatına görə, bu ilin ilk yarısında keçən ilin müvafiq dövrünə nisbətən ixrac əməliyyatları 13,9 faiz, o cümlədən qeyri-neft ixracatı 27 faiz aşağı düşüb. Bunun nəticəsində ticarət dövriyyəsində 225,7 milyon dollarlıq mənfi saldo yaranıb. Nəzərə alsaq ki, idxalın rəsmi həcmi real həcmindən ən azı 30% az göstərilir, bu rəqəmin daha böyük olduğu şübhə doğurmur.

İlk 7 ayın məlumatları məlum olmasa da, 2016-cı ilin yanvar-aprel ayları ərzində ərzaq malları ixracı 40 faizdən çox azaldığı halda, ölkəyə gətirilən 21 adda əsas yeyinti məhsullarından 16-nın idxalında çox ciddi artım olduğu müəyyən edilib. Məsələn, kərə yağı və süddən hazırlanmış digər yağların idxalı 110 faiz, çayın idxalı 200 faiz, balıqlar və xərçəngkimilər, molyuskalar və digər su onurğasızları idxalı 218 faiz, tərəvəz, bəzi yeməli meyvəköklülərin idxalı 196 faiz, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları 15 faiz, qəhvə idxalı 201 faiz və sair artıb. Yəni devalvasiyanın idxalı azaldacağı, əksinə ixracı artıracağına dair hökumətin gözləntiləri özünü doğrultmayıb.

Bunlardan əlavə, monetar-fiskal göstəricilər də pisləşib. Belə ki, dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 75,6 faiz, cəmi depozit bazasının valyutalar üzrə strukturunda dollarla əmanətlər 80,2 faiz təşkil edib. İndiyədək 9 bank bağlanıb. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanan 9 bank üzrə 218 milyon manatdan artıq kompensasiya ödənilib. Nəticədə də ADİF texniki defolt vəziyyətinə düşüb. Bütün bunlarla yanaşı, 2016-cı ilin yanvar-iyul aylarında 2015-ci ilin eyni dövrünə nisbətən dövlət büdcəsinin gəlirləri 25,3 faiz azalıb.

Bu ilin ilk yarısında Dövlət Neft Fondunun (DNF) büdcəsinə 4 milyard manata və ya 2,5 milyard dollara qədər vəsait yığılıb. Nəticədə, DNF-nin dollarla ifadə olunan 6 aylıq büdcəsi ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 milyard dollar və 36,4 faiz azalıb.

Xaricə valyuta axını artıb: ölkədən milyardlarla dolla çıxarılır!

Manatın uculaşması milli valyutaya və banklara olan inamı azaltdığından, iqtisadiyyatda dollarlaşma səviyyəsini yüksəldib. İri alış və satışların dollarla aparılmasını və nağd şəkildə ödənişini şərtləndirib. Bu isə gizli iqtisadiyyatın miqyasını genişləndirib, vergi yığımı kəskin azalıb və hökümətin qəbul etdiyi qərarların milli iqtisadiyyata təsirləri zəifləyib.

Eyni zamanda ölkədən xaricə valyuta axını da ciddi dərəcədə artıb. Bu ilin göstəriciləri əlimizdə olmasa da, 2015-ci ildə Azərbaycanda müxtəlif adlar altında (investisiyalar, əmanətlər, kreditlər, depozitlər, xidmət haqları və sair formalarda) çıxarılan kapitalın həcminin cari hesablar balansının müsbət saldosunu 9 milyard dollara yaxın üstələdiyi məlumdir. Bu nisbət isə məhz Mərkəzi Bankın ehtiyatlarının əriməsi hesabına qapadılıb.

Ölkədən kənara çıxarılan qeyri-leqal kapitalın həcmi isə yalnız maliyyə sektoruna nəzarət edən şəxslərə məlumdur.

Bu isə hökumətin devalvasiyadan sonra kapitalın daxili iqtisadiyyatın inkişafına yönələcəyinə dair gözləntilərinin də doğrulmadığını göstərir. Əksinə, devalvasiya və manatın getdikcə dəyərsizləşməsi əllərində böyük kapital olan insanların pullarını dollara çevirərək ya “yastıq” altına yığmasına, ya da xaricə çıxarmasına səbəb olub. Türkiyədə, Gürcüstanda şirkət açan azərbaycanlıların sayının artması da bundan xəbər verir.

Devalvasiya bankları çökdürdü: borclar artıb, gəlir yoxdu!

2 devalvasiyanın və ardınca manatın tədricən dəyərsizləşdirilməsi siyasəti biznes sektoruna və banklara da ciddi zərbə vurub.

Birinci devalvasiyaya qədər bankların, təxminən, 7 milyard dollar xarici borcu var idi. Bu, haradasa, 5,5 milyard manat təşkil edirdi. Hazırkı məzənə ilə bu borc 13 milyard manata yüksəlib. Yəni, bankların xarici borca xidmət xərcləri 2,5 dəfə artıb. Hələ nə qədər artacağı da məlum deyil.

Bankların əhaliyə də valyuta ilə borcları artıb. 2-ci devalvasiyadan öncə – ötən il dekabrın 1-nə banklarda dollarla olan əmanətlərin həcmi 5 milyard 420,5 milyon manata bərabər olub. Manatla ifadədə hazırda bu rəqəm də 2 dəfəyə yaxın artıb. Devalvasiyadan sonra əhali sürətlə əmanətlərini dollara çevirdi. Bunun nəticəsində dollarla əmanətlərin həcmi, təxminən, 10 milyarda yüksəlib. Tədricən dolların məzənnəsinin yüksəlməsi bankları burdan da ciddi ziyana salacağı şübhəsizdir.

Üstəlik, bankların manatla verdikləri kreditlər getdikcə dəyərsizləşir, dollarla verdikləri kreditləri isə geri ala bilmirlər. Qeyd edək ki, 2-ci devalvasiyadan öncə Azərbaycanda bütün valyuta növləri daxil olmaqla, ümumi kredit portfelinin dəyəri 19 milyard 744 milyon manat təşkil edib. Bunun 7 milyard 477 milyon dolları xarici valyutada, təxminə 12 milyarda yaxını manatla idi.

Dollarla paylanan 7 milyard kreditin böyük hissəsinin qaytarılacağı sual altındadır. Çünki kredit götürən şirkətlər iflas olur, əhalinin isə ödəmə qabiliyyəti itib. Manatla kreditlər, demək olar ki, tam olaraq 1-ci devalvasiyadan öncə verilib. Bankların devalvasiyadan qabaq payladığı 12 milyard manat kredit, o vaxt 15 milyard dollar edirdisə, indi təxminən 6,5 milyarda düşüb. Dollarla ifadədə bankların bu kreditlərdən gəliri azı 2 dəfə aşağı düşüb.

Yəni, bankların xərcləri 2,5-3 dəfə çoxaldığı halda, gəlirlərinin bir o qədər azalması, onların kapital resurslarının 5-6 dəfə azalmasına səbəb olub.

Bütün bunlar devalvasiyanın bank sektoruna vurduğu ən ağır zərbədir. Buna görə də, bankların aktivlərin keyfiyyəti pisləşib, problemli borcların həcmi artıb. Nəticədə bank sektorunda kifayət qədər böyük problemlər yaranıb, 9 bank bağlanıb, hələ neçəsinin də bağlanacağı məlum deyil. Hər halda belə şəraitdə bankların işləyə bilməsi mümkün deyil. Artıq ölkənin bank, maliyyə sektoru çökmə həddinə çatıb. Nəzərə alsaq ki, banklar iqtisadiyyatın qan damarı hesab olunur, onda bu sektorun çökməsinin ölkədə hansı problemlər yaradacağını təsəvvür etmək çətin deyil. Və artıq bu, özünü göstərməkdədir.
Biznes sektoru can verir: 1000-lərlə şirkət, mağaza fəaliyyətini dayandırıb!

Bankların kreditləşdirməni böyük ölçüdə dayandırması ölkədə işgüzar mühitin daha da aşağı düşməsinə, biznes sektorunun maliyyə əldə etmək imkanlarının yoxa çıxmasına səbəb olub. Kreditləşmənin dayanması isə ölkədə biznes mühitinin pisləşməsinə səbəb olmaqla, yeni müəssisələrin, təsərrüfatların, iş yerlərinin açılmasını əngəlləyir. Yəni, hökumətin devalvasiyadan gözləntiləri özünü burda da doğrultmur.

Əksinə, devalvasiyadan sonra biznes subyektlərinin borclarının artması onların bir çoxunun fəaliyyətini dayandırmasına gətirib çıxarır. Belə ki, devalvasiyadan öncə biznes subyektləri özlərinin istəyi olmadan valyuta ilə, təxminən, 5 milyard dollara yaxın kredit almışdılar. O dövrdə bu, 4 milyard manatdan bir qədər çox idisə, indi 10 milyard manatdan çoxdur. Bu, o deməkdir ki, hər bir biznes subyektinin kredit borcu ən azı 2,5-3 dəfə artıb. Bu isə həmin biznes subyektinin faktiki olaraq iflasına səbəb olan faktordur.

Təsadüfi deyil ki, devalvasiyadan sonrakı müddətdə 1000-lərlə şirkət, müəəssisə, mağaza fəaliyyətini dayandırıb, xeyli sayda xarici şirkət Azərbaycanı tərk edib.

Bundan əlavə, demək olar ki, özəl və dövlət müəssisələrinin, şirkətlərinin hamısında ciddi ixtisarlar baş verib. Nəticədə 10 000-lərlə iş yeri bağlanıb.

İş adamları əllərindəki kapitalı hansısa sahəyə qoymadan çəkinirlər
Bundan əlavə, xaricdən ölkəyə hazır məhsul və xammal gətirənlərin də gəlirləri kəskin azalıb. Onlar gətirdikləri malı baha qiymətə satdıqda alıcı problemi yaranır, bir qədər aşağı satdıqda isə dollar getdikcə qalxdığından, gəlirdən məhrum olurlar.

Devalvasiyanın işgüzar mühiti canlandıraçağına, yerli istehsalı artıracağına olan ümidlər də yoxa cıxıb. Manat getdikcə dəyərsizləşdiyindən, iş adamlarında da sabaha inamsızlıq yaranıb. Bunun ciddi böhrana səbəb olacağının düşünərək, əllərindəki kapitalı hansısa fəaliyyət sahəsinə qoymadan çəkinirlər. Ya dollara çevirib saxlayır, ya da yaxın xarici ölkələrdə hansısa işə yatırmağa üstünlük verirlər. Oliqarxlar isə offşor zonalara yönəldirlər.

Bu da hökumətin devalvasiyanın ölkədə işgüzar mühiti gücləndirəcəyinə dair gözləntilərinin tam əksinin baş verdiyini göstərir.

Devalvasiya vətəndaşlara 3 istiqamətdə zərbə vurub!

Devalvasiyanın ən böyük zərbəsi isə, sözsüz ki, ev təsərrüfatlarına və sadə vətəndaşlara dəyib. Bu, bir neçə istiqamətdə özünü göstərir.

Birinci istiqamət devalvasiyadan dərhal sonra ortaya çıxdı. Bildiyiniz kimi, devalvasiya ərəfəsində vətəndaşların kommersiya banklarına təqribən 2 milyard dollar kredit borcu var idi. Devalvasiyadan əvvəl bu, 1, 5 milyard manat idisə, hazırda dollar kreditlərinin həcmi 4 milyard manata yaxındır. Yəni, dollar krediti olan vətəndaşlar durduqları yerdə 3 dəfə artıq borca düşüblər. Bunu isə əksəriyyətin qaytarmaq imkanları yoxdur.

İkincisi, devalvasiyadan bir müddət sonra özünü biruzə verməyə başladı. Çoxlu sayda şirkətlərin, müəssisələrin bağlanması, tikinti sektorunun dayanması, çoxsaylı ixtisarlar 1000-lərlə, bəlkə də 10 000-lərlə insanın iş yerini itrməsinə səbəb oldu. Bu da ailələrin gəlirlərini itirməsi, işsizliyin səviyyəsinin daha da artması deməkdir. Yeni iş yerləri yaradılmadığından bu insanların nə ilə keçinəcəyi sualı açıq qalır. Belə vəziyyətin bir müddət sonra ciddi sosial gərginlik yaradacağı şübhə doğurmur.

Üçüncüsü isə, hələ ikinci devalvasiyadan sonra başlayan və bu gün də sürtlə davam edən bahalaşma problemidir. Hökumət ilkin dövrdə inzibati yollarla qiymət artımının qarşısını alsa da, bu, uzun sürmədi. Yəni, qiymət artımı ilə bağlı yükü şirkətlərin üzərinə keçirmək cəhdi baş tutmadı. Çünki bu hal olan-qalan biznesin də çökməsi riskini yaradır. Qiymətlərin inzibati yollarla tənzimlənməsi iş adamlarının ölkəyə mal gətirməkdən və ya istehsal etdiyi məhsulu bazara çıxarmaqdan imtina etməsinə səbəb olardı. Nəticədə qıtlıq yaranardı ki, bu da hökumət üçün daha ciddi başağrısına çevrilə bilərdi. Ona görə də qiymətlərin bahalaşmasına “yaşıl işıq” yandırıldı.
Manatın ucuzlaşması fonunda dolların bahalaşması ilk növbədə idxal olunan əsas yeyinti məhsullarının (bitki və heyvan mənşəli yağların, süd məhsullarının, ətin, şəkərin), dərman və digər əzcaçılıq mallarının, eləcə də tütün və tütün məmulatlarının, spirtli içkilərin, avtomobillərin, məişət texnikası, mebelin və onun hissələrinin, sonrakı mərhələdə isə çörəyin, un məmulatlarının və digər məhsulların bahalaşmasına səbəb olub. Bu bahalaşma birinci devalvasiyadan qabaqkı dövrlə müqayisədə bəzi məhsullarda 50-60 faiz, bəzilərində isə 1,5-2 dəfə özünü göstərir. Proses davam etdiyindən ilin sonuna qiymətlərin daha da artaçağı, inflyasiyanın Mərkəz Bankın hədəflədiyindən azı 2-3 dəfə yüksək olacağını proqnozlaşdırmaq olar.

Yaşam şərtləri ağırlaşır, yoxsulluq artır: sosial gərginlik güclənə bilər

Bunun isə işini itirən, sabit gəliri olmayan və ya sosial müavinətlə dolanan insanlar bir yana, işləyənlərin də həyat səviyyəsinin ağırlaşmasına səbəb olduğu hər kəsə məlumdur. Hazırda ölkədə əmək haqlarının sürətlə dəyərsizləşməsi prosesi gedir ki, bunun da nəticəsində yaşayış standartları sürətlə aşağı düşür, sosial göstəricilər pisləşir.

Görün, vəziyyət nə yerə çatıb ki, Azərbaycanda minimum və orta əmək haqqının dollarla səviyyəsi hətta Ermənistandan belə geri qalır. Müqayisə üçün deyək ki, hazırda Ermənistanda orta əmək haqqı 386 dollar, minimum əmək haqı isə 115 dollardır. Neft-qaz ölkəsi olan Azərbaycanda isə hazırda orta aylıq əmək haqqı 310 dollar, minimum əmək haqı isə 68 dollar civarındadır!!!

Belə bir vəziyyət isə ölkədə yaşam şərtlərinin ağırlaşmasına, yoxsulluğun artmasına səbəb olur. Bu isə öz növbəsində əhali və hökumət arasında sosial münasibətlərin gərginləşməsinə və radikallaşma meyillərinin güclənməsinə gətirib çıxara bilər.

Belə şəraitdə iqtisadiyyatın idarə edilməsi də xeyli mürəkkəbləşir və sosial-iqtisadi böhranın qarşısını almaq mümkün olmur. Bu gedişat isə hökumətin özü üçün də problemlər yarada bilər. Tarixi təcrübə göstərir ki, heç bir siyası sistem iqtisadi böhrana davam gətirə bilmir. Ona görə də, siyasi hakimiyət nəyin bahasına olursa-olsun, bu GEDİŞATI DAYANDIRMALIDIR!

Prezident manatı sabit saxlamağı mümkün sayır: kimdir təxribatçı?

Bunun üçün isə ilk növbədə manatın sürətlə ucuzlaşmasının qarşısı alınmalıdır. Prezident İlham Əliyevin 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında (İkinci devalvasiyadan az sonra – red.) səsləndirdiyi fikirlərə əsaslanaraq, deyə bilərik ki, buna imkan da var. Sitat: “Neft gəlirlərinin aşağı düşməsi, təbii ki, milli valyutamıza da mənfi təsir edib. Manatın məzənnəsinin dəyişdirilməsinin əsas səbəbi neftin qiymətinin üç dəfə aşağı düşməsidir. Yəni, manatın məzzənnəsinin dəyişdirilməsi qaçılmaz idi. İl ərzində çalışırdıq ki, maksimum dərəcədə bunun qarşısını alaq. Gözləyirdik ki, neftin qiymətləri sabitləşsin. 50 dollar səviyyəsində sabitləşəndə artıq biz bir qədər rahatlandıq ki, devalvasiyaya ehtiyac qalmayacaq…”.

Göründüyü kimi, prezident neftin qiyməti 50 dollar səviyyəsində olardısa (həmin vaxt 36 dollara qədər düşmüşdü), hətta ikinci devalvasiyaya belə gedilməyəcəyinı bildirmişdi. Bu ilin əvvəlindən neftin qiyməti 50 dollar səviyyəsində sabitləşib. Belədə Mərkəzi Bankın manatı möhkəmləndirmək əvəzinə, hər gün dəyərsizləşdirməsi, faktiki olaraq, 3-cü devalvasiyanı reallaşdırması anlaşılan deyil.

Hökumətin maliyyə sektoruna rəhbərlik edən şəxslər bunu hansı məntiqlə etdiklərini ictimaiyyətə açıqlamalıdırlar. Hər halda ortada olan bütün göstəricilər manatın dəyərsizləşdirilməsinin ölkə iqtisadiyyatını uçurma apardığını, biznes mühitini sıradan çıxardığını, sürətli bahalaşmaya səbəb olduğunu və əhalini kütləvi şəkildə yoxsullaşdırdığını göstərir. İnsan bəzən bunun elə hakimiyyətin özünə qarşı bir təxribat olduğunu düşünməyə bilmir…

Yeganə çıxış yolu: milli valyutaya inam bərpa edilməlidir!

Vəziyyətdən çıxışla bağlı iqtisadçı ekspertlər, alimlər, deputatlar hər gün müxtəlif təkliflər iəli sürürlər. Bu təkliflərin hökumət tərəfindən öyrənilməsi, ölkə üçün səmərəli nəticə verə bilənlərin həyata keçirilməsi, əlbəttə, vacibdir.

Ancaq fikrimizcə, hazırkı şəraitdə ilk növbədə milli valyutaya inam bərpa edilməlidir. Manatı sərbəst buraxmaqla, kəskin inflyasiya şəraitində qeyri-neft sektoru tamamilə dağılmış iqtisadiyyatı inkişaf etdirmək, nağıldan başqa bir şey deyil. Üzən məzənə siyasətinə keçid o zaman səmərə verərdi ki, əvvəla, əhalinin ərzaq və qeyri-ərzaq məhsullarına olan tələbatının ən azı 70 faizi daxili istehsal hesabına ödənilsin; ikincisi, davamlı devlvasiya və inflyasiya şəraitində iqtisadiyyatı idarə edə bilən, əmək haqlarını qiymətlərə uyğun indeksləşdirməyi, kreditləşməsinin manatla aparılmasını və bundan bankların ziyan görməməsini təmin etməyi və sair mürəkkəb iqtisadi münasibətləri tənzimləməyi bacaran çevik hökumət olsun.

Bu şərtlərin heç biri mövcud deyil. Ötən ilyarımın təcrübəsi də göstərdi ki, manatı sərbəst buraxmaq və ya tədricən dəyərsizləşdirmək siyasəti iqtisadiyyatdakı böhranı daha da dərinləşdirir. Ona görə də, hökumət təcili bu siyasətə son verməlidir. Manatın dollara nisbətdə konkret bir məzənnəsi müəyyənləşdirilməli və ən azı 5 il bu məzənnənin sabit saxlanacağına dövlət təminatı verilməlidi. Bu zaman elə məzənnə seçilə bilər ki, hökumət onun saxlanılmasına maksimum az xərc çəksin.

Bu müddətdə də bütün resurslar real iqtisadiyyatın inkişafına yönəldilməli, rəqabətə davamlı yerli istehsal yaradılmalıdır. Bunun üçün hakimiyyətin əlində ciddi resurslar da var. Təkcə oliqarx nazirlərin xaricə çıxardığı kapitalın 50 faizini ölkəyə qaytarmaq, yerli istehsal müəssisələrinin yaradılmasına, aqrar sənayenin qurulmasına yönəltmək yetərlidir…

Yalnız bu şəraitdə getdikcə dərinləşən böhranın qarşısı alına bilər…
AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.