Məktəbli formaları bahalaşıb

9-09-2016, 11:29           
Məktəbli formaları bahalaşıb
“Bizim formalar azı iki il geyinilir. Keyfiyyəti o qədər yaxşıdır ki, hətta, ölçü dəyişməsə, 3 il də geyinmək olar. Ona görə də dizaynında dəyişiklik etmirik”.

Dia.az xəbər verir ki, bunu yeni təhsil mövsümünün başlanması ərəfəsində "Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin rəisi Etibar Əzimov "Ekspress"ə deyib. O, bildirib ki, BTE-nin tikdiyi formalarda dəyişiklik edilmir. Məktəbli formalarının qiymətinə gəlincə, onun sözlərinə görə, devalvasiya ilə əlaqədar qiymət 7 faiz artıb: "Məsələn, aşağı sinif üçün məktəbli kostyumu (pencək, şalvar və ya ətək) 34 manat idisə, bu il 37 manat olub. Keçən il yuxarı sinif üçün məktəbli kostyumu 43 manat idi, indi 46 manatdır. Hər iki dəst kostyumun qiymətində 3 man artım olub".

E.Əzimov bildirib ki, məktəbli formalarının istehsal sayı tələbdən asılıdır: "Biz özümüz tikdiyimiz üçün formaları müəyyən sayda istehsal edib anbarlara yığırıq. Formalar satıldıqca yenidən biçilib tikilir. Bu iş bizim özümüzün əlində olduğu üçün çox operativ surətdə hər bir ölçüdə tikib sayını artıra bilirik. İndi, hələ ki məktəbli formaları qurtarmayıb, amma tələbat olduqca kifayət qədər tikməyə imkanımız var".

Satışda tez-tez saxta məktəbli formalarının aşkarlanmasına gəlincə, E.Əzimov deyir ki, indi bəzi işbazlar gedib Çində və başqa ölkələrdə məktəbli formalarını tikdirib ölkəyə gətirərək, üzərinə BTE-nin loqosunu vurub satırlar: "Satışda bu loqoda olan formaları görənlər də elə bilir ki, məhsul BTE-nindir. Saxta formalar tez sıradan çıxır. Maldan başı çıxan adam baxan kimi formanın saxta və ya orijinal olduğunu biləcək",- deyən Əzimov dolabdan üstündə BTE-nin loqosu olan məktəbli formalarını çıxarıb göstərir: "Müqayisə edin və özünüz tapın, bunlardan hansı saxta və hansı orijinaldır".

O, bildirib ki, saxta məktəbli forması 3-5 manat, hətta daha ucuz ola bilər: "Amma bu forma bir dəfə yuyulduqda rəngi bozaracaq, tiftiklənəcək və geyim tez yararsız olacaq. Orijinal forma isə keyfiyyətini uzun müddət saxlayacaq. Biz parçanı Türkiyənin "Bosso" firmasından alırıq. Çox keyfiyyətli parçadır. Bu parçanın uyğunluq və keyfiyyət sertifikatı var. Bu parçanı SMPDK-ya vermişik. Onlar laboratoriyada analizdən keçiriblər. Bizə sertifikat veriblər ki, bu, tamamilə uyğundur. Bundan başqa, həmin firmanın istehsal etdiyi məhsulların 80 faizi Avropa ölkələrinə eksporta gedir".

Məktəbli formalarının modellərinə gəlincə, E.Əzimov deyib ki, formalar dörd modellidir; aşağı sinif qız və oğlan şagirdləri, yuxarı sinif qız və oğlan şagirdləri üçün olan modellər. "Dəstə oğlan üçün pencək və şalvar, qız üçün pencək və ətək daxildir. Köynək və jilet də əlavədir. Qış modeli üçün ancaq bir jilet əlavə olunur. Kim istəyir tək kostyum alır, kim istəyir dəst şəklində köynək və jiletini də alır. Köynəklər uzunqol olur. Aşağı siniflər üçün tam məktəbli forması dəsti 50 manat, yuxarı siniflər üçün 59 manatdır".

Ən kiçik ölçü 26, ən böyüyüsə 54-dür. BTE bu ölçülərdən çox böyük ölçülü və ya cılız uşaqlar üçün individual qaydada ölçü götürüb tikir. "Ölçüylə qısa zamanda tikib təhvil veririk".

Etibar Əzimov valideynləri övladları üçün məktəbli formalarını vaxtında almağa çağırıb: "Adətən valideynlər uşaqlarına formanı tətilin son günlərində alırlar. Bu isə BTE-nin mağazalarında sıxlıq yaradır", - deyə BTE-nin satış şöbəsinin rəisi gileylənir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.