Kərbəla hadisəsi
16-07-2023, 00:19
Müaviyə 680-ci ildə öldü və vəsiyyətinə uyğun olaraq oğlu Yezid xəlifə oldu. Cəməl və Siffin döyüşlərində Hz. Əlinin yanında yer alan Süleyman ibn Surad el-Huzayi, Həbib ibn Muzahir və Müslim ibn Avsecə kimi kufəli şiə liderlər Hz. Hüseynə bir məktub yazıb, xəlifəliyi Yeziddən almaq üçün kufəli tərəfdarlarının başına keçməyə dəvət etdi. Hüseynin Əməvi iqtidarına qarşı bir üsyan təşkil edib İraqdakı Suriya hakimiyyətinə son verəcəyi ümidi ilə başda yəmənlilər olmaqla başqa kufəlilər də oxşar çağırışlar göndərdilər. Yezidə biət etməyi rədd edib Məkkəyə çəkilən Hüseyn qərar vermədən öncə Kufəyə göndərdiyi əmisi oğlu Müslim ibn Aqil vasitəsi ilə vəziyyəti dəyərləndirməyi qərara aldı. Müslüm Kufəyə gəlincə qısa müddətdə minlərlə dəstək sözü aldı və bu vəziyyətə güvənərək Hüseynə şiələrin və Kufədəki ardıcıllarının liderliyini qəbul etməsini tövsiyə etdi. Sonunda Hüseyn israrlı dəvətləri qəbul etməyə qərar verdi.
Artan şiə narazılığından qorxan Yezid sürətlə hərəkətə keçdi. O zaman Bəsrə valisi olan ən güclü adamı Ubeydullah ibn Ziyadı Hüseyn tərəfdarı hərəkatı əzməsi üçün Kufə valisi təyin etdi. Ziyadın sərt qisas tədbirləri və cəzalandırmaları yəmənlilər və digər şiə tərəfdarları daxil olmaqla, kufəliləri qorxutdu. Kufəlilər tərəfindən yarı yolda buraxılan Müslüm həbs olunaraq edam edildi. Kufə bu dəfə də Əməvilərin tam nəzarətinə keçdi. Amma Hüseyn Kufəyə gəlmək üçün yola çıxmışdı.
Ölüm yolçuluğunda Hüseyni qohumlarından və dostlarından ibarət kiçik bir qrup müşaiyət edirdi. Küfəyə getməzdən əvvəl Kərbəla düzənliyində 4000 nəfərlik Əməvi ordusu qarşılarını kəsdi. Orada Yezidə boyun əyməyi son dəfə rədd edən Hüseyn 72 nəfərlik karvanı ilə birlikdə 10 Məhərrəm 61-ci ildə (miladi 10 oktyabr 680-ci il) qəddarcasına qətlə yetirildi. Yalnız qadınlar və bir neçə uşaq xilas ola bildi. Daha sonra Zeynalabdin adını alan Əli ibn Hüseyn çadırda xəstə yatdığı üçün sağ qala bilmişdi. Kərbəlanın 54 şəhidi arasında yalnız bir neçə kufəli tərəfdar vardı. Şiələr onlara bu gün də sayğı duymaqdadır. Şiəliyin, əslində islamın ilk faciəli dövrü beləcə sona çatdı.
Fərhad Dəftəri, İsmaililər. səh 87-88
Teref.az