"Sən də get fikirləşməyə"
17-07-2023, 11:14
Səhər-səhər telefonum naqafil zəng çaldı. Nömrəyə baxdım, NaxTel nömrəsi idi - 060... Zəngin Naxçıvandan gəldiyini anladım. Telefonumu açdım.
-Alo! Eldar Tovuzoğludur?
-Yox, səhv düşübsünüz.
-Bəs kimdir?
-Bilmirsiniz kimə zəng edibsiniz?
-Yox, mən savadsız adamam. Sənin nömrəni verdilər. Dedilər Eldar Tovuzoğludur.
-Mən Heydər Oğuzam, Eldar Tovuzoğlu yox. Amma fərq etməz, Eldar Tovuzoğlu da ola bilərəm, sözünüzü deyin.
-Hə, hə, Heydər Oğuz. Bizə bir çəkiliş qrupu göndər.
-Hara?
-Naxçıvanın filan rayonunun, filan qəsəbəsinə.
-Ağsaqqal, mən Bakıda yaşayıram. Çəkiliş qrupum da yoxdur. Naxçıvandan şikayətçilər özləri çəkib göndərirlər, mən də onu paylaşıram. Sən də eyni şeyi edə bilərsən. Amma səninlə şərti şumda kəsmək istəyirəm ki, xırmanda yabalaşmayaq.
-Buyur.
-Sizin rayonun bir neçə sakini mənə şikayət məktubu göndərib. Mən də paylaşmışam. Sonra gedib icra hakimiyyəti ilə, ya da şikayət etdikləri ünvanla anlaşıblar. Ardınca da mənə deyiblər ki, göndərdiklərimi sil. Baxın, siz də elə deyəcəksinizsə, bəri başdan mənə heç nə göndərməyin. Çünki silən deyiləm.
-Yaxşı, qoy, onda gedim, fikirləşim, lazım olsa çəkib göndərərəm.
-Oldu, ağsaqqal, sən də get fikirləşməyə.
Doğrusu, məni Eldar Tovuzoğlu olaraq tanıyan ağsaqqalla söhbətimdən sonra özümü “Ölülər” komediyasının Şeyx Nəsrullahı kimi hiss etdim. Çünki Şeyx Nəsrullah da ölüsünü diriltmək istəməyən kənd əhlini yaxşı-yaxşı fikirləşməyə göndərirdi.
Heyder Oguz
Teref.az