"Yaddaşı silinən şəhər"
22-07-2023, 11:16
1993-cü ilin 23 iyulundan 30 il keçir!
...İki il yarım qabaq “Güvən mənə, inanım sənə” yazısında demişdim: Azərbaycanın ən böyük dərdi dövlətlə vətəndaş arasında qarşılıqlı inamın, etimadın olmamasıdır. İndi də problemlərimizin qaynağını sovetin bu mirasında görürəm.
...İndi o bölgələr azad olunub, yenidən qurulur. Görünən odur ki, bu işdə də dövlət-vətəndaş birliyi yoxdur. Dövlət vətəndaşın rəyini, istəyini nəinki soruşmur, heç deyilənə əhəmiyyət də vermir. Vətəndaş dövlətinə inanmır, dövlət də ona güvənmir.
... Müharibə zamanı tam dağılmış şəhərlərin bərpa olunmasına aid çox nümunə var. Bu nümunələrdən çıxış edərək şəhərləri bərpa edən dövlətləri iki qrupa bölərdim: tarixinə, vətəndaşına, onun əmlak hüququna sayğı göstərən və göstərməyən.
İkinci Dünya müharibəsindən sonra dağılmış Avropa şəhərlərinin bərpasına bu cür ikili yanaşma oldu. Çox yox, üç şəhərdən misal deyim: Drezden, Varşava, bir də Minsk.
İlk iki şəhərin mərkəzi tarixi hissəsi olduğu kimi tikilib. Tarixi abidələrin bərpası on illər boyu davam edib. Drezdendə bəzi bərpa işlərinə hətta Almaniya 1990-cı ildə birləşəndən sonra başlanıb. Varşavanı bərpa edəndə tək arxitekturanı yox, binaların əvvəlki rəngini də saxlayıblar. Bu öz tarixinə, tarixi yaddaşına hörmət edən dövlətin davranış mədəniyyəti idi.
Minskdə isə belə olmadı. Şəhəri dairəvi sistem üzrə, bir növ Moskvaya bənzədərək yenidən tikdilər. Əvvəlki Minskdən heç bir əsər-əlamət qalmadı. Şəhərin qədim küçələrinin yerində geniş prospektlər çəkildi, tarixi binaların əvəzinə stalinçi neoklassizm stilində meydanlar salındı, evlər tikildi.
Yaşlı belorusdan eşitmişdim, deyirdi kommunistlər Minskin yaddaşını sildilər.
...Baş plana görə, yeni Ağdam əvvəlki şəhər və ətrafındakı 8 kəndi əhatə edəcək. Deyirlər 100 minlik bir şəhər olacaq. Yaxşı fikirdir. Amma istəməzdim yeni tikiləcək şəhərlərimiz ənənəvi standart, qutuya bənzəyən dördkünc, zövqsüz evlərdən ibarət olsun.
Şəhərimiz işğaldan azad olunan gündən onu xəyalımda bir başqa cür qururam.
Necə qururam? "Yaddaşı silinən şəhər" adlı yazı Ağdamın, Qarabağın başqa şəhərlərinin necə tikilməsini istəməyim haqdadır. Şərhdə bölüşdüyüm linklərdə "mənim saldığım şəhərlə" tanış ola bilərsiniz. Fikirlərinizi yazsanız, bəlkə bu mövzuda müzakirələr açılar, səsimizi eşidərlər. Yazını dərc etmiş saytlara təşəkkürüm də öz yerində.
Vahid Qazi
Teref.az