Elə həmin ölkədi: içib yatan da eynidi, gülüb keçən də...
23-07-2023, 10:07
"Kösk"lərin qarşısında dayanıb qəzetləri nəzərdən keçirmək vərdişimi tərgidə bilmirəm. Təkcə nəzərdən keçirsəm nə var...
Sən nə vaxtdan düz olmusan deyib, “Ədalət”i götürüb tərsinə qoyuram, nə bilim, “Xalq”ı götürüb o üz-bu üzünə çevirib bir xeyli baxır, heç nə başa düşmürəm, “Səs”i götürüb astaca qulağıma yaxınlaşdırıram, baxıram səsi zadı çıxmır. “Paralel”i götürüb ölçürəm görüm həyatda paralel olan nəsə var? “Üç nöqtə”ni götürüb o üz-bu üzünə baxıram ki, görüm harasına vergül qoymaq olar...
Hər dəfə də hiss edirəm ki, köşk satıcısı mənə bir xeyli baxıb nəyin nə olduğunu başa düşmür - bəxtəvər başına.
Dünən yenə bu yağış yuyub gün qurudan qəzetlərin qarşısında dayanıb qiymətlərinə baxırdım. Gördüm ölkədə qəzetdən ucuz heç nə yoxdu, intəhasi həftənin birinci günündə çıxan qəzet həftənin sonuncu günündə çıxan qəzetin ayağına dolaşmaqla məşğuldu. Bekar niyə dayanmısız, arada mitinq eləyi, başımız qarışsın də - deyib mızıldana-mızıldana gözüm “Xalq”a sataşır. Baxıram “Xalq”ın qiyməti yoxdu.
-Havayıdı?
Başımı köşkdən içəri uzadanda içəridən xalqa oxşayan arıq, sısqa bir oğlan gülümsəyir üzümə.
-Yox! Qiyməti burdakı kağızdadı, bir dəqiqə gözləyin,- deyib eləmir tənbəllik, aşağıdan uzun bir siyahı çıxarır.
-Niyə? Elə üstündə yazsınlar da xalqın qiymətin, nə gizli işdi ki?
-Bəzi qəzetlərin qiyməti bu siyahıda verilir bizə. 40 qəpikdi. Verim?
-Yox e, 40 qəpiklik xalq nəyimə lazımdı, qalsın.
-Ordan iki dənə siqaret ver- kiminsə qaranəfəs səsi söhbətin ortasına mina kimi partlayır. Siqaretin birin damağına, birin cibinə qoyub mızıldanır: havayı da versən bu xalqı götürməzlər, bahadı.
Yaxşı görək, sən də Habillik eləmə burda, xalq Ədalət Şükürov zaddı? - deyib öz-özümə gileylənə-gileylənə qəzet setkasına təzədən yaxınlaşanda içimdən bir səs də adəti üzrə deyinməyindən qalmır: xalq Ədalət Şükürov deyil bəs kimdi, Zaurdu, Elgizdi, Xoşqədəmdi, Şəbnəmdi, Damcı zaddı?
Adam içindəki səsə rüşvət verib “sən Allah, get o yanda oyna” deyə də bilmir, qalır qırıla-qırıla...
Qəzetimizi götürüb bir xeyli baxıram. Bircə sonuncu səhifədə rast gəlirəm adıma. Buraxılışa məsul: Təranə Əlizadə. Bundan qabaqkı “nömrə”miz burda olsaydı, yəqin onda da bir fərq olmazdı. Çoxdandı heç nə yaza bilmirəm. Bir tərəfdən də sevinirəm düzü. Yazmaq da iş deyil, yazanda ürəyin, oxuyanda başın ağrıyır.
Tərslikdən havada da bir isti var, adamın təbəssümü də üzündə əriyir, nəyinki makiyajı. Dayanacağın küncündə bir kişi yatıb. Onun da üzündə kədər donub. Yəqin axırıncı dəfə kədərli olub, o da qışa düşüb. Nəsə qışdanqalma kədərə oxşayır üzündəki. Heç bəlkə bu qış da yox, çoxdankı qışdan...
Hə, müəllim, deyirdin, istedad hamının baxdığı yerdə görməyi bacarmaqdı. Amma belə yerdə adam görmək də istəmirəm heç. Gəl bizə görməyi yox, baxmağı öyrət, biz də baxıb keçək... Biri təəccüblə baxır, biri diksinir, biri çimsinir, biri deyinir, biri gülür, məni isə həyatın illərdir dəyişməyən üzü düşündürür.
Tələbə vaxtı yolum tez-tez 1 saylı Respublika Psixiatriya Xəstəxanasının qarşısından düşürdü. Fikir verirdim, kiminsə yaxını həmin yerdə müalicə alırdısa, düşəndə “xəstəxananın yanında saxla” deyirdi, xəstəsi olmayanlar isə düşəndə “dəlixananın yanında saxla” deyirdi.
Demək, tələbəliyimdən bəri heç nə dəyişməyib. Elə həmin ölkədi: içib yatan da eynidi, gülüb keçən də...
Gərək adamlara qarşı əynini qalın eləyəsən, kinayə, qınaq adamı bu 40 dərəcə istidə də üşüdür.
Adam bəzən bütün həssaslığını iliyinə qədər soyunub yerə tullamaq istəyir. Nə bilim, bütün narahatlığını, dəyişməyən düşüncəsini, incikliyini, bağışlaya bilib-bilmədiyini, gözündə böyütdüklərini eynək tək çıxarıb gözündən kənara qoymaq istəyir. Əlimi gözümə atanda baxıram eynək başımdadı. Əlimi başıma atanda kimsə məni səsləyir, tanımadığı adamı: - istəmədiz?
Diksinirəm: - nəyi?
-Xalqı də?
-Hansı xalqı?
-Qəzeti soruşmurduz?
-Qiymətini soruşurdum də, özün soruşmurdum ki.
-Elə bilirdim ki, almayacaqsız.
-Hardan bilirdin?
Sevindim... Fikirləşdim, bəlkə bu oğlan təkcə qəzet satmır, qəzet də oxuyur... Bəlkə hər gün bura gətirilən yüz qəzetdən heç olmasa birini açıb, yazımı görməsə də bəlkə şəklimi görüb hardasa...
Başladı deyinməyə ki...
-Qəzet alan var? Siz də hər dəfə gəlib qəzetləri dağıdıb gedirsiz, almırsız.
...Qələt eləyib “Xalq”ın qiymətini soruşmadım ki, deyib deyinə-deyinə dayanacağa tərəf çəkilirəm. Görürəm, dayanacağın üstünə yazılıb, “Dayanacağa maddi ziyan vuran şəxs cəza qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunacaq”. Belə çıxır ki, dayanacağa mənəvi ziyan vurmaq olar də. Belə çıxır ki, Azərbaycanda dayanacağın da mənəviyyatı var, amma .... dayanacaq qədər olmayan adamlar da var. Elə bu dayanacağın küncündə yatıb qalan...
Sağ ol, dayanacaq. Sənin küncündə yatan bu adama biri çıxıb deyə bilmir, gəl gedək bizdə yat, amma mini qınayır... İlk dəfədi yatan adamın da üzündə ifadə görürəm. Kimdisə, hiss olunur ki, bədbəxt bu ölkədə nəyinki özü üçün yaşamaq, heç özü üçün ölə də bilmir.
Oğlan düz deyir. O qız mənəm. Amma qəzetləri dağıtmıram, vallah düzəldirəm... Məsələn, “Ədalət”i yerdən götürüb “Azərbaycan”nın yanına qoyuram. “Xalq”ı götürüb “Səs”in yanına qoyuram. Neyləsəm də, axırda yenə “Üç nöqtə” qoyuram... Neyləyim ki, daha bu ölkədə nəyinki bir insan ömrü, bir qəzet ömrü də məni narahat eliyir.
Terane Elizadə
Teref.az