Dəhşətli müharibənin son günü: təslim olan Almaniya və müzəffər müttəfiqlər – Stalin niyə narazıydı...
19-08-2023, 13:08
Ən yeni tarix. Maraqlı faktlar.
9 may1945-ci ildə səhər saat 6-də Moskva şəhərində diktor Yuri Levitan radio vasitəsi ilə SSRİ-nin alman faşizmi üzərində qələbəsini bəyan edib. SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə 9 may Qələbə günü elan edilib. Amma ikinci dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə bu bayram fərqli bir tarixdə, mayın 8-də qeyd olunur.
Maraqlıdır, arada yaranan 1 gün fərq hansı səbəblərdən irəli gəlir?
Əslində Almaniyanın kapitulyasiyası ilə bağlı protokol 1945-ci il mayın 7-də saat 02:41-də Fransanın Reyms şəhərindəki texniki kollecin inzibati binasında imzalanıb. Dörd bənddən ibarət olan kapitulyasiya aktına Almaniya tərəfdən general Yodl, ingilis-amerikan ordusu adından generlal Smitt, SSRİ tərəfdən general Susloparov, Fransa tərfdən isə, müşahidəçi statusunda general Sevez imza atıblar. Bundan sonra Britaniyanın baş naziri Çörçill mayın 8-də radio vasitəsi ilə alman faşizmi üzərində qələbəni elan edib.
Reyms protokolu ilə bağlı maraqlı məqamlardan biri də odur ki, akta imza atan general Susloparov Moskvadan gecikmiş bir göstəriş alıb – aktı imzalamamaq göstərişi. Amma artıq gec olub. İosif Stalin Reyms protokoluna belə münasibət bildirib:
“Reymsdə müttəfiq ölkələr kapitulyasiya aktına imza atıblar. Sözsüz ki, onu ləğv etmək olmaz. Amma Reyms protokolunu qəbul etmək də olmaz...”
Reyms protokolu imzalananda general Susloparov akta imza atarkən bir şərt irəli sürüb, istənilən müttəfiq ölkə tərəfindən daha bir kapitulyasiya aktı imzalana bilər. Tərəflər bu şərti qəbul ediblər. Elə bu şərt əsas götürülərək mayın 8-də Berlinin Karlhorst qəsəbəsində yerləşən hərbi məktəbin yeməkxanasında Vermaxtın sözsüz və tam kapitulyasiyası ilə bağlı növbəti akt imzalanıb. SSRİ tərəfdən akta marşal Georgi Jukov imza atıb. Akt Mərkəzi Avropa vaxtı ilə 22.43-də imzalanıb. Moskva vaxtı ilə isə artıq mayın 9-u saat 00.43 olub. Bax, elə bu səbəbdən də Qələbə günü məhz bu tarixdən elan edilib.
Qeyd edək ki, Almaniya ilə SSRİ arasındakı müharibə 1418 gün davam edib.
Müharibə nəticəsində təkcə SSRİ tərəfindən 27 milyon insan həlak olub, 15 milyona yaxın hərbçi və dinc əhali yaralanıb.
Müharibə illərində SSRİ-nin 1710 şəhər və qəsəbəsi, 70 min kəndi, 32 minə yaxın fabrik və zavodu, 65 min kilometr dəmiryol xətti dağıdılıb.
Bütövlükdə müharibə nəticəsində SSRİ-yə 2.6 trilyon rubl ziyan dəyib və o öz maddi sərvətlərinin üçdə birini itirib.
Almaniya-SSRİ müharibəsinin ən dəhşətli və ağır dövrlərinin 886 günü Leninqradda yaşanıb. Bu şəhər 886 gün düşmən mühasirəsində qalıb. Bu ərəfədə 800 mindən artıq insan aclıqdan və soyuqdan həlak olub.
Müharibə illərində kütləvi informasiya vasitələrinin nümayəndələri cəbhələrdə böyük fəallıq göstərərək peşə borclarını ləyaqətlə yerinə yetiriblər. Müharibə zamanı 1500 nəfər müxbir döyüş bölgələrində həlak olub.
Müharibədə göstərdikləri şücaət və qəhrəmanlıqlara görə 7 milyon nəfər müxtəlif orden və medallara layiq görülüb. Onlardan 11633 nəfər Sovet İttifaqı Qəhrəmanı fəxri adı ilə təltif olunub.
1941-1945-ci illərdə 800 mindən artıq qadın könüllü olaraq müharibədə iştirak edib. Bu qadınlardan 84 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Müharibə illərində SSRİ-də 120 min təyyarə, 90 min tank, 360 min top, 300 min minamyot istehsal olunub.
1945-ci ildə Berlində keçirilən hərbi əməliyyat öz miqyasının böyüklüyünə görə Ginnesin rekordlar kitabına düşüb. Həmin əməliyyatda hər iki tərəfdən 3.5 milyon adam, 52 min hərbi sursat, 7750 tank və 11 min təyyarə iştirak edib.
SSRİ-də 17 il Qələbə bayramı qeyd olunmayıb. 1948-ci ildən 1965-ci ilə qədər 9 May adi iş günü sayılıb və bayram təntənələri keçirilməyib. 1965-ci ildə qələbənin 20 illik yubileyindən sonra 9 May rəsmi bayram kimi qeyd olunmağa başlanıb və iş günü sayılmayıb.
İlk qələbə paradı Dövlət Müdafiə Komitəsinin qərarı ilə 1945-ci ilin iyunun 24-də Moskvada Qırmızı meydanda keçirilib. Stalinin əmri ilə paradı marşal Georgi Jukov qəbul edib.
Alman faşizmi üzərində qələbənin təmin olunmasında azərbaycanlıların da rolu az olmayıb. 1941-1945-ci illər ərzində 600 mindən artıq azərbaycanlı ən qızğın döyüş bölgələrində düşmənə qarşı mübarizə aparıblar. Göstərdikləri şücaətlərə görə həmvətənlərimizdən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüblər.
Qələbənin təmin olunmasında Bakı nefti ən əsas amillərdən biri olub. 1941-ci ildə neftin istehsalı 23 milyon tona çatıb. Bu isə SSRİ-də istehsal olunan ümumi neftin təxminən 75 faizi demək idi. Bir faktı xatırlatmaq kifayətdir ki, müharibə illərində hər beş hərbi texnikanın dördü Bakı neftinin hesabına işləyib. Ümumilikdə müharibə ərəfəsində neftçilərimizin gərgin əməyi sayəsində Azərbaycan müharibə üçün 80 milyon tona yaxın neft, 23 milyon ton benzin və digər yanacaq məhsulları verib.
İlham Cəmiloğlu.