Çingiz Abdullayev: "Camaat icra başçısının hərəkətinə görə məndən üzr istədi"
12-04-2019, 11:51
Bu günlərdə 60 yaşı tamam olan məşhur detektiv yazıçısı, Azərbaycanın xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayev "Report"a müsahibə verib. Həmin müsahibəni təqdim edirik
- Çingiz müəllim, Sizi 60 yaşınızın tamam olması münasibətilə təbrik edirik. 60 yaşında özünüzü necə hiss edirsiniz?
- Özümü 60 yaşında deyil, gənc bir yazıçı kimi hiss edirəm. Bu yaş mənim üçün sadəcə olaraq iki 30 yaş deməkdir. Ötən həftənin şənbə günü 650 oxucu mənimlə görüşmək üçün bilet alıb. Mən nə müğənni, nə şair, nə də şou-biznes əhli deyiləm. Heç oynaya da bilmirəm. Amma 650 adamı 6 saat ərzində qarşılamışam və onların suallarını cavablandırmışam. Təsəvvür edin ki, saat 19:00-dan gecə saat 01:00-a qədər su belə içməmişəm. Bu müddət ərzində yalnız ayaq üstə oxucularımla söhbətləşmişəm. Bütün bunlar mənə əsas verir deyim ki, mən cavanam. Yaşımın 60-ı haqlaması yalandır (gülür).
- Sağlamlığınız necədir? Hər hansı xəstəlikdən şikayətiniz varmı?
- Sizi inandırım ki, mən hələ indiyə qədər siqaret çəkməmişəm, spirtli içki və narkotik maddə qəbul etməmişəm. Ömür boyu idmanla məşğul olmuşam. Siz bilirsiniz ki, mən həm də Neftçi Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədriyəm. Amma idmanla məşğul olmağım Şuraya sədrlikdən əvvəl də olub. Ola bilər ki, səhhətimdə problemlərin olmaması mütəmadi olaraq idmanla məşğul olmağımdan irəli gəlir.
-Yeri gəlmişkən, Neftçi FK-nın Müşahidə Şurasının sədri kimi komanda üzvləri ilə tez-tez görüşürsünüzmü?
-Əlbəttə, mən klubun hər oyununda iştirak edirəm. Hətta xaricdə olsam belə özümü mütləq çatdırıram. Sizə bir sirr deyim. Elə olub ki, mən klubun oyununa görə xarici ölkələrin birinə olan səfərimin biletini təcili dəyişməli olmuşam. Təbii ki, rəhbərliklə də görüşürük.
-Prezident İlham Əliyevin sizi “Şərəf” ordeni ilə təltif etməsini necə qarşıladınız?
-Təbii ki, bu, gözəl hissdir. Təsəvvür edin ki, gözlənilmədən, xəbəriniz olmadan bir hadisə ilə qarşılaşırsınız. Mən bu təltifi gözləmirdim.
-Çingiz müəllim, əvvəllər olduğu kimi yenə də tez-tez xaricə səfərlər edirsiniz?
- Əlbəttə. Mən 10 gün bundan əvvəl xaricdən gəlmişəm. Bu axşam yenə xaricə səfərim var. 90-cı illərdə mən hər gün həftəsonu işdən sonra Rusiyanın paytaxtı Moskvaya gedir və orada iki gün qalıb yenidən həftənin ilk gününə Bakıya qayıdırdım. Yaradıcılıqla məşğul olduğuma görə səfərlərim çoxluq təşkil edir.
-Azərbaycan Yazıçılar Birliyinin binasında (AYB) gününüzün nə qədər hissəsini keçirirsiniz?
- Bu ərəfələr demək olar ki, günümün çox hissəsini AYB-də keçirirəm. Amma nəzərə almaq lazımdır ki, AYB mənim iş yerimdir və iş yerimdə günümü keçirməyim normaldır. Bir dəfə olub ki, iki ay ərzində AYB-yə gəlməmişəm. Çünki xarici ölkədə dünya əhəmiyyətli tədbirlərin birində iştirak edirdim. Amma mən həm AYB-də, həm kitabxanada, həm Neftçi FK-da oluram, həm də oxucularımla görüşürəm. Bütün bunlarla yanaşı həm də yazıram.
- Gün ərzində buna vaxtı necə tapırsınız?
- Mən sizə bir məsələni deyim ki, bilməyənlərin də xəbəri olsun. Mən gün ərzində cəmi 4 saat yatıram. Bu gün gecə saat 01:30-da yatıb, saat 05:00-da oyanmışam.
- Oxucularınızla görüşdən danışdınız. Bu cür görüşlər tez-tezmi olur?
- Bəli olur. Yeri gəlmişkən, bu yaxınlarda akademik Rafael Hüseynovla birlikdə Kürdəmirdə oxucularımla görüşə getmişdim. Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı nə bizimlə görşə gəldi, nə də bizim onunla görüşməyimizə imkan verdi. Hətta müavininə bizimlə görüşməyi qadağan etdi. Mən Azərbaycanın beş Xalq yazıçısından biriyəm. Biz Bakıdan sizin rəhbərlik etdiyiniz rayona qonaq gəlmişik. Başa düşürəm ki, siz icra başçısısınız və qəbullarınız, görüşləriniz olur. Amma heç olmasa rəhbərlik etdiyin rayonun sakinlərinə hörmət etməyi özünə borc bil. Təsəvvür edin ki, mənim görüşümə yüzlərlə oxucu gəldiyi halda icra başçısı hətta müavinini belə bizim yanımıza buraxmadı. İcra başçısı sadəcə bunu unutmamalıdır ki, o, mənə deyil, mən ona lazımlı adamam. Sizi inandırım ki, Kürdəmir camaatı qayıdandan sonra mənə dəfələrlə zəng edib icra başçısının bu hərəkətlərinə görə üzr istədilər
- Hazırda hansı əsər üzərində işləyirsiz?
- İndi əcnəbilər üçün ssenari yazıram. Bununla yanaşı iki kitab da yazıram. Amma adlarını və motivləri hələ ki, açıqlamayım.
- Çingiz müəllim, kitab yazarkən köməkçilərdən istifadə edirsinizmi?
-Mən çətin olsa da, əsərlərimin hamısını özüm yazıram. Hətta tərcümələri də özüm yazıram. Bir zamanlar bir xanım köməkçi götürmüşdüm. O, mənə yazmaqda köməklik edirdi. Çünki kompüter yox idi, əl ilə yazırdıq.
- Əvvəllər olduğu kimi yenə də dövlət qulluğunda çalışmaq istəyərsinizmi?
- Bəli, mən əvvəllər dövlət qulluğunda işləmişəm. Amma bu iş bir az məsuliyyət tələb edir, çünki çətindir. Təbii ki, dövlətimiz, xalqımız üçün hər zaman işləməyə hazıram. Yəni, belə bir təklif olarsa, razılıq verərəm.
- Çingiz müəllim, bir dəfə müsahibənizdə əsərlərinizi hüquq-mühafizə orqanlarından əldə etdiyiniz cinayət arxivlərinin real motivləri əsasında yazdığınızı demişdiniz. Yenə də belə bir cinayət arxivlərinin motivləri əsasında yazırsınızmı?
- Təbii ki, olub. Mən cinayət arxivlərini götürüb onların əsasında bir çox əsərlər yazmışam. Amma daha həmin arxivlər 90-cı illərdə bitib.
- Bəs, hazırda Azərbaycanda baş verən cinayətlərin real motivləri əsasında əsər yazmağı düşünürsünüzmü?
- Bu günə qədər Azərbaycanda baş verən cinayət hadisələri üzərindən xeyli sayda əsərlər yazmışam. Bir müddət əvvəl hüquq-mühafizə orqanlarından mənə mənə Hacı Məmmədov və onun dəstəsinin törətdiyi cinayətlərin əsasında əsər yazmağı təklif etdilər. Hətta bununla bağlı bütün arxiv materiallarını mənə verəcəklərini dedilər. Amma mən razı olmadım.
- Çingiz müəllim, bəzi ədəbi tənqidçilər sizin yaradıcılığınızı dəfələrlə tənqid ediblər. Hətta sizi ciddi yazıçı kimi qəbul etmədiklərini deyirlər. Buna münasibətiniz necədir?
- Bu bilirsiniz necədir? Sanki bir milçək qolunu sancıb qaçır. Mən isə onlara cavab vermirəm. Mənim onlara cavabım dünyanın 32 dilində nəşr olunan kitablarımdır. Mənim yaradıcılığımı tənqid edənlər bircə misra yazıb 10 ölkədə çap edərlərsə, onları özümə bərabər saya bilərəm. Təbii ki, məni Anar Rzayevin tənqid edərsə, bunu ciddi qəbul edərəm. Amma bəzilərinin tənqidi mənim üçün əhəmiyyətli deyil.