"Ramil Usubov haqqında danışırlar ki..." - sabiq icra başçısı ilə sensasion müsahibə
16-04-2019, 20:52
Akif Səlimov: "Vəzifədən gedəndən sonra prezidentə qarşı çıxmaq əqidəsizlikdir"
Laçın rayonunun sabiq icra başçısı, istefada olan polkovnik Akif Səlimov Aznews.az xəbər portalının suallarına cavab verir:
- Akif müəllim, qarşıdan Şuşanın, ardınca da Laçının işğalı günləri yaxınlaşır. Bir ayın içərisində iki rayonun işağlının bir-biri ilə nə dərəcədə əlaqəsi vardı?
- 1992-ci ilin may ayının 8-də Şuşa, 18-də isə Laçın işğal olunub. Bu sualları cavablandırmaq üçün 1992-ci ilin mart, aprel, may aylarında baş verən hadisələr, gedişlər, proseslər haqqında məlumat vermək vacibdir. Mart ayının 6-da Azərbaycan Xalq Cəbhəsinin təzyiqi ilə Azərbaycan Respublikasının prezidenti Ayaz Mütəllibov istefa verdi. Prezident vəzifəsinin icrası Ali Sovetin sədri Yaqub Məmmədova həvalə edildi. Xalq Cəbhəsi praktiki olaraq bütün dövlət strukturlarının fəaliyyətinə, ictimai fikrə, yerli və dövlət əhəmiyyətli siyasi proseslərə qarışmaq, çox vaxt da qeyri-rəsmi təsir imkanları əldə etdi. Onların məqsədi hakimiyyətə gəlmək idi. Amma Moskva bu cür dolaşıq anlarda Azərbaycan rəhbərliyində Mütəllibov kimi yumşaq, qətiyyətsiz, sözə baxan şəxs görmək istəyirdi. Ruslar 1991-ci ildə Xanlar, Şaumyan kənd ərazilərindən, Şuşa və Laçın rayonları arasındakı 3 erməni kəndindən erməni əhalisinin rus hərbiçilərinin köməyilə çıxarılmalarının qarşılığında Mütəllibovdan umacaqlarını reallaşdırmağı da düşünürdülər.
1992-ci ilin aprel ayı ərzində bütün rayonlarda əsasən cəbhəçilərdən ibarət hərbi könüllü dəstələrin yaradılması sürətləndirildi. Cəbhəçilərin hakimiyyətə gəlmək istəkləri önündə Yaqub Məmmədov kimi hazırlıqsız, qeyri-peşəkar, siyasi və inzibati fiqur dayana bilməzdi. Mütəllibovun istefası kommunistlərin bir hissəsi, bəzi qruplar və rusların ürəyincə deyildi. Moskvanın təşkilatçılığı ilə Mütəllibovu hakimiyyətə qaytarmaq planları işlənib hazırlanmışdı. Mayın 14-də ətrafındakı güclə Ali Sovetin sessiyasına gələn Mütəllibov deputatların böyük əksəriyyətinin onun lehinə səsverməsi ilə yenidən prezident səlahiyyətlərinə yiyələndi. Hakimiyyət arzularının puça çıxmaq təhlükəsini görən AXC mayın 15-də prezident aparatına silahlı hücum etdi. Bina zəbt edildi.
Mayın 18-də İsa Qəmbər Ali Sovetin sədri oldu. Diqqət edin, may ayı ərzində Azərbaycanda 3 dəfə hakimiyyət dəyişikliyi baş vermişdi. Azərbaycanda hakimiyyətin zəifliyini, idarəetmənin iqtidarsızlığını, ictimai xaosu görən ermənilər Xankəndidə Şuşanı tutmaq planlarının hazırlıq mərhələsinə başladılar. 4 nəfər erməni generalı, 10 nəfər polkovnik, bir neçə təcrübəli rus zabiti, onlarla Əfqanıstan döyüşlərini keçmiş zabitlər Şuşanı tutmaq üçün hücum planı hazırladılar. Şuşanı tutmaq istəklərini ermənilər heç gizlətmirdilər də. Dəfələrlə rus mətbuatında Şuşanı tutacaqları haqqında çağırışlar da etmişdilər. Şuşadakı hərbi güclər, rayon rəhbərliyi və əhali ermənilərin hücum edəcəklərini bilirdilər. Bizimkilərə, sadəcə, hücumun vaxtı dəqiq məlum deyildi. Dağınıq könüllü botalyonları bir mərkəzdən idarə edə bilmək üçün Rəhim Qazıyevin əmri ilə briqada yaradıldı və podpolkovnik Elbrus Orucov komandir təyin edildi. Elbrus Orucovun komandir təyin edilməsi cəbhəçi botalyonların, könüllü dəstələrin ürəyincə olmadı. Şuşada onu çox soyuq qarşıladılar və onun tabeçiliyində xidmət etməyə könülsüz razılaşdılar.
Aprelin axırlarında erməni generallarının ruslarla birlikdə hazırladığı hücuma qarşı Azərbaycan rəhbərliyi bir nəfər podpolkovniki Şuşaya göndərməklə işini bitmiş hesab etdi. Halbuki, həmin anlarda Azərbaycan generalları və Əfqanıstan döyüşlərini keçmiş onlarla zabitlər Bakının küçələrində və bulvarda var-gəl edirdilər. Şuşanın müdafiəsi üçün cəbhə liderlərinin və aparıcı fiqurlarının bir nəfəri də Şuşaya gəlmədi. Mayın 4-6 arası Elbrus Orucov Müdafiə Nazirliyinə ard-arda məlumatlar verdi ki, mayın 7-də ermənilər hücuma keçəcəklər. Bu məlumatdan sonra belə, Şuşaya heç bir kömək göndərilmədi, qabaqlayıcı hərbi əməliyyatlar belə keçirilmədi. Mayın 8-i Şuşa erməni silahlı qüvvələri tərəfindən işğal olundu. Bir əhəmiyyətli məlumatı da diqqətinizə çatdırmaq istəyirəm. Nazirlər kabinetinin aprel ayında verdiyi sərəncam əsasında Şuşa şəhərinin mülkü əhalisinin köçürulməsinə başlanmışdı. Bu köçürülmənin əhaliyə və hərbiçilərə çox pis mənəvi-psixoloji təsiri oldu. Şəhəri tərk edən başıpozuq qüvvələr Şuşa ilə Laçın arasında olan strateji məntəqəyə - Turşsuya toplandılar. Yüksək çinlilər və komandirlər tərəfindən Turşsuda müdafiə qurmaq və Şuşanı əks hücumla almaq üçün planlar hazırlandı. Mayın 12-də hakimiyyətə gəlmək istəyən AXC rəhbərliyi bütün rabitə vasitələri ilə könüllü botalyonlara və cəbhəçilərdən ibarət olan hərbi hissələrə əmr verdilər ki, təcili Bakıya gəlin. Silah-sursatları və malik olduqları texnikaları ilə birlikdə bütün botalyonlar, reyd dəstələri, köməkçi polis qüvvələri Turşsu mövqeyini tərk edərək Laçın şəhərindən keçməklə Bakıya üz tutdular. Laçın camaatının yalvarışları, qadınların göz yaşları belə hərbiçiləri saxlaya bilmədi. Mayın 13-də OMON da mövqeləri tərk edib Bakıya getdi. Mayın 16-da mövqeydə olan Daxili Qoşunların bir polku da prezident Mütəllibova sadiq olduqlarını söyləyərək, mövqeləri tərk etdilər və Bakıya yönəldilər. Bu polkun mövqeyi tərk etmək əmrini Daxili Qoşunların komandanı, Mütəllibov tərəfdarı general Ağayev vermişdi. Bunların gedişi ilə Laçın rayonu Dağlıq Qarabağ tərəfdən Şuşa istiqamətində tam müdafiəsiz qaldı. Laçının özündə o zaman iki real silahlı qüvvə var idi. 1300 nəfərdən ibarət Laçın alayı və Laçın polisinin şəxsi heyəti. May ayının 11-də Laçın polisi hərbi rəhbərliklə Daxili İşlər Nazirliyi rəhbərliyinin razılaşdıqları əmrə əsasən tam heyətdə Laçın şəhərindən çıxarılaraq 53 km Qubadlı istiqamətində Suarası və Fərəcan kəndlərindəki mövqelərə göndərilmişdi. Həmin vaxt Ermənistanla sərhədləri qoruyan Laçın alayının qalmış hissəsi mühasirəyə düşmək təhlükəsi səbəbindən mövqeləri tərk edib, cənuba doğru,Tikanlı zəmi ərazisinə çıxdılar.
Mayın 18-də ermənilər praktiki olaraq döyüşsüz Laçın şəhərini tutub, Laçın-Gorus yolu boyu koridor yaratdılar. Şuşa və Laçının işğalı hakimiyyət uğrunda gedən mübarizənın nəticəsi idi. Hakimiyyətə gəlməyi Şuşa və Laçının işğalından üstün bilən cəbhə botalyonları mövqeləri tərk edərək xəyanət yolu tutub Bakıya yollandılar.
- Dağlıq Qarabağ və ətraf rayonların işğalını hərbi və siyasi cəhətdən necə əsaslandırardınız?
- 1988-1990-cı illərdə Azərbaycan hakimiyyətinin SSRİ-nin parçalanması prosesi zamanı qətiyyətsiz, ikibaşlı mövqeyi SSRİ dağılandan sonra MDB yaradılmasına münasibətdə yanlış siyasət, rus qoşunlarının Azərbaycandan tələm-tələsik çıxarılması torpaqlarımızın işğalı üçün əsas yaratdı. AXC hakimiyyəti Rusiya və İrana qarşı düşmən mövqeyi tutdu, hərbi qüvvələri yarada bilmədi, ölkəni dərəbəylik bürüdü. Rusiya açıq-açığına həm siyasi, həm də hərbi baxımdan Ermənistana dəstək verdi. Ermənistandakı rus ordusunun quru qoşun hissləri, tank bölmələri, artilerya qurğuları Dağlıq Qarabağa yeridildi. Rus hərbi təyyarələri rus-erməni birləşmələrinin hücumlarına havadan dəstək verdi. Bu gedişlə əslində rus hərbi qüvvələri torpaqlarımızı işğal edib ermənilərə təhvil verdi. Dünyanın bir çox xristian ölkələrindən könüllü ermənilər, muzdlu xarici döyüşçülər Dağlıq Qarabağa axışdılar. Erməni diasporasının təbliği nəticəsində Qarabağ erməniləri türklər tərəfindən qırılan məzlum xalq, Azərbaycanlılar isə İslam fundamentalistləri kimi dünyaya təqdim olundu.
1915-ci il saxta "Erməni soyqırımı" amilinin xristian dünyasının şüurunda qoyduğu iz də əleyhimizə işlədi. Azərbaycanın daxilində nisbətən döyüşə qadir qüvvələr Sürət Hüseynovun ətrafında olduğundan AXC hakimiyyəti hərbi rıçaqlarını itirmiş vəziyyətə düşdü. Ölkə daxilində real qüvvələr müxtəlif maraqlar səbəbindən parçalandı. Sürətin ruspərəst mövqeyi, Əlikramın seperatçılığı, AXC-nin quru-quru türkçülük hayqırtıları Azərbaycanı zəlil etdi. Yalnız Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra daxildə vətəndaş qarşıdurmasına və seperatçılığa son qoyuldu.
- Sizcə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin bu qədər uzanması nə ilə əlaqədardır?
- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu qədər uzanmasında bir çox faktorların müxtəlif səpkili rolları var. Xarici faktorlar bir çox münasibətlər və mövqelərin birgəliyindən yaranıb. Münaqişə başladığı andan bütün xristian dünyası erməniləri müdafiə mövqeyi tutdular. BMT, ATƏT, müxtəlif beynəlxalq qurumlar rəsmən dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipi əsasında rəsmi mövqelərini bildirsələr də, paralel olaraq, xalqların öz müqəddəratını təyin etmə hüquna da eyni güclə istinad etdilər. Seperatizmi xalqların öz müqəddəratını təyin etmə hüququ ilə fərqləndirməyə ciddi cəhd də etməyən beynəlxalq hüquq dünyanın bir neçə yerində belə problemlərin həllində növbəti acizliyi Dağlıq Qarabağ məsələsində də nümayiş etdirdi. SSRİ-nin dağılması ilə əlaqədar dünya durumunda tarazlıq pozuldu. ABŞ-ın iqtisadi və hərbi qüdrəti müqabilində ciddi çətinliklərlə üzləşən Rusiya keçmiş Sovet Respublikalarının bir qrupundan ibarət MDB-ni və KTM adlı birlik yaratdı. Ermənistan hər iki təşkilatın üzvüdür, Rusiyanın da müttəfiqidir. Rusiya Azərbaycanla müxtəlif əməkdaşlıq etsə də, Azərbaycandan umacağı əsas məqsədə - ərazilərimizdə ən azı təmas xəttində rus qoşunlarının yerləşdirilməsinə nail ola bilmir. Bu baxımdan, Ermənistanı bütün istiqamətlərdə dəstəkləyir və Qarabağ probleminin həllini istəmir.
Münaqişənin uzanması bəzi hallarda daxili faktorla da əlaqəli olub. Azərbaycan haqlı tərəf olduğunu uzun illərdir sübut etməyə çalışır. Münaqişənin silahlı müdaxilə ilə həllində çox böyük risklər olduğundan danışıqların prespektivsizliyi bilinsə də, bu müddətdə ordumuzu gücləndirməklə məşğul olunub. Müharibəyə başlayacağımız təqdirdə Rusiyanın özünü necə aparacağını dəqiq bilməməyimiz səbəbindən riskə gedilməyib. Dünya bu tip münaqişələrin həllində müharibəni vasitə kimi qəbul etmir. Xarici və daxili amilləri analiz edib münaqişənin dinc yolla həlli variantını tapmaq praktiki olaraq mümkün deyil. Tərəflərin diametral fərqli baxışları ortaq məxrəcə gəlmək istəklərini də mümkünsüz edir.
- Son aylar münaqişənin həlli istiqamətində aparılan danışıqları, cəhdləri necə dəyərləndirirsiniz? Bunlar sülh naminə bir nəticə verəcəkmi, bəlkə silaha əl atılmalıdır?
- Son aylar münaqişənin həlli ilə əlaqədar aparılan danışıqlar, təşəbbüslər, tədbirlər ilk baxışda elə təsəvvür yarada bilər ki, bütün bunların nəticəsi olacaq və hansısa etapda, hansı vaxtda erməni tərəfi güzəştə gedəcək, torpaqlarımızı qaytaracaq. Biz danışıqları davam etdirməyə məcburuq ona görə ki, beynəlxalq aləm nüfuzlu təşkilatlar, qüdrətli dövlətlər qarşısında qınanan, sülh danışıqlarını pozan tərəf kimi qəbul edilməyək. Ermənistan məqsədinə çatıb, ərazilərimizi işğal edib. O da danışıqlarda maraqlıdır ki, təcavüzkar kimi qəbul edilməsin. Sonsuza qədər danışıqları davam etdirmək üçün ermənilərin ehtiyatında çox sayda saxta əsaslar, vaxtı uzatmaq üçün minlərlə bəhanələri var.
Sülh danışıqları bundan sonra 50 il davam etsə də, bir nəticə olmayacaq. Dünya üzərində Azərbaycana torpaq qaytaracaq erməni mövcud deyil və heç doğulmayacaq da. Dövlətimiz danışıqları aparmaqla bərabər, hərb yolu ilə torpaqlarımızı azad etmək üçün hər işi görüb. Prezidentimiz hər zaman bildirib ki, ərazilərimizi işğaldan azad edəcəyik. Bu yaxınlarda Mehriban xanımın hərbiçilərlə görüşü zamanı dediyi, “hər kənddə, hər şəhərdə Azərbaycan bayrağı dalğalanacaq” sözləri son məqsəddən, qətiyyətdən və məramdan xəbər verir. Azərbaycan xalqı, xüsusilə gənclik müharibə yolu ilə ərazilərimizi qaytarmaq əzmindədir və Ali Baş Komandanımızın yanındadılar. Müharibə şəraitində olan dövlətdə hər şey cəbhə üçün qaçılmazlığının hamı tərəfindən dərk edildiyi bir vaxtda əhalinin birliyini pozan, parçalanmalar yaradan, müxtəlif kütləvi tədbirlərlə baş qatmaq cəhdlərindən uzaq durmaq lazımdır. Qarabağ, hərbi quruculuq, ordu, müharibə mövzularında bəzi siyasətçilərin, partiyaların həddindən artıq canfəşanlıqları əhalinin müəyyən hissəsinin ucuz hörmətini qazanmaqdan başqa bir şey deyil. 1992-ci ilin dərsləri unudulmamalıdır.
- Akif müəllim, mövzunu dəyişək, bəzən yüksək vəzifəli məmurlar vəzifədən azad olunduqdan sonra mövqelərini, əqidələrini dəyişirlər. Bu barədə siz nə deyə bilərsizin?
- Əslində, elə məmurlar o vəzifələrə təyin olunana qədər, mövqesiz və əqidəsiz olublar, demək. Vəzifədən gedəndən sonra prezidentə, əqidə yoldaşlarına, səni o mərtəbəyə gətirən insanlara düşmən kəsilirsənsə, burda səbəb itirdiyin maddiyyat və vəzifənin yaratdığı girəvələrdir. Doğruluqdan, düzlükdən, təmizlikdən dəm vuran belə məmurları xalqımız yaxşı tanıyır. Dünənə qədər söydüyün, aşağıladığın insanların toplusuna sığınaraq yeni mövqeylər, təzə imkanlar istəyənlərə xalq arasında "əqidəsiz" deyirlər. Bu cür insanlara heç kim axıra qədər inanmır, etibar etmir, təzə tərəfdaşları tərəfindən birdəfəlik şpris kimi istifadə edilib atılır. Heydər Əliyevin təyin etdiyi bəzi kadrların çörək itirməsi heç bir çərçivəyə sığası hərəkət deyil. "Çörək adamı tutur" deyib atalar...
- Polis sistemində böyük təcrübəyə maliksiniz, Azərbaycanın bugünkü hüquq mühafizə orqanlarının fəaliyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycanda hüquq mühafizə orqanlarının fəaliyyəti qənaətbəxş səviyyədədir, istər daxildən dəyərləndirəndə, istərsə də xaricdən baxanda. Beynəlxalq əhatənin, dünya hüquq sisteminin tələbi baxımından ölkədaxili reallıqların qaçılmaz etdiyi islahatlara ehtiyac duyulur və ciddi hüqüqi islahatlara start verilib. Sözsüz ki, bu islahatlar bütövlükdə xalqımızın xeyrinə olacaq. Polis sisteminə daha yaxşı bələd olduğumdan tam qətiyyətlə deyə bilərəm ki, 1994-cü ildən bəri Azərbaycan polisinin ölkədə asayişin təmini, cinayətkarlığa qarşı mübarizə, daxildə qarışıqlıqlar salmağa cəhd edən qüvvələrin qanunlar çərçivəsində zərərləşdirilməsi, vətəndaşların haqq və hüquqlarının qorunması, Azərbaycan insanının qorxusuz, sərbəst yaşayıb işləməsi sahəsində fəaliyyəti uğurlu hesab edilməlidir. Təbii ki, polisdən narazı insanlar və qruplaşmalar var. Azərbaycan polisində nöqsan axtaran şəxslərə məsləhətim budur ki, ən inkişaf etmiş ölkələrdəki hadisələrə və polisin hərəkətlərinə baxsınlar və vicdan baxımından Azərbaycan polisi ilə müqaisə etsinlər. Kadrlarla bağlı yuxarıda söylədiyim fikirlərə yenidən münasibət bildirmək yerinə düşər. 1994-cü ildən bəri Azərbaycan polisinə rəhbərlik edən general polkovnik Ramil Usubov da Heydər Əliyev tərəfindən vəzifəyə təyin edilib. Bu gün Azərbaycanda sıravi insanlar da ürək dolu danışırlar ki, Ramil Usubov dövlətçiliyimizə, dövlətimizə Heydər Əliyev ideyalarına, bu gün Ulu öndərin yolunu davam etdirən prezidentimiz İlham Əliyevə tam sədaqətlidir və yolundan dönməz bir insandır. Etibar, şüurlu sədaqət, ədalətlilik, xalqa bağlılıq, vətənpərvərlik, humanistlik onu xarakterizə edən əsas meyarlardır.
- Sizə görə, cəmiyyətdə vətənpərvərlik hisslərinin aşılanması üçün daha nələr etməliyik?
- Ortada Dağlıq Qarabağın və ətrafında 7 rayonun işğal mövcudluğu var. Azərbaycan xalqı və dövlət rəhbərliyi, ordumuz torpaqlarımızın azad edilməsi, yüz minlərlə əhalinin yurd-yuvalarına qaytarılmasında israrlıdır. Bu günün müharibə durumu cəmiyyətdə vətənpərvərlik təbliğatının, bu ruhda tərbiyyənin, bütövlükdə xalq arasında müqəddəs hisslərin amala çevrilməsini vacib və qaçılmaz edib. İndiki şəraitdə Azərbaycanda vətənpərvərlik anlamına duyğusal vətənpərvərlik və hərbi vətənpərvərliyin tamlığı şəraitində baxmaq, dəyər vermək vacibdir.
Duyğusal vətənpərvərlik sahəsinə vətən, müharibə, qəhrəmanlıq və qəhrəmanlar haqqında yazılan şeirlər, nəsr əsərləri, bəstələnən musiqilər, çəkilən filmlər, təşkil edilən kütləvi tədbirlər, teatr tamaşaları və s. bu səpkili fəaliyyətlərin toplusu daxildir.
Hərbi vətənpərvərlik sahəsinə isə dövlətlərimizin tarixi və hərb tariximizin öyrənilməsi, tədris edilməsi, təhsil sistemində, müxtəlif qurumlarda bilavasitə silahların öyrənilməsi, tətbiqi, fiziki hazırlıq, kompleks idman yarışları, əhalinin, xüsusilə gənclərin hərbi hissələrlə tanışlığının təşkili, zabit və əsgərlərlə görüşlər, döyüş muzeylərinə kütləvi ekskursiyaların təşkili, gənclərin hərbi təhsilə yönəldilməsi, zabit peşəsinin gərəkliliyinin təbliği və s.daxildir.
İndiki vəziyyətdə duyğusal vətənpərvərliyə aid edilən sahələr hərbi vətənpərlikdən daha fəal görünür. Bu gün Azərbaycanda istənilən ixtisas və peşədən zabit peşəsi daha əhəmiyyətli tutulmalıdır. Xəstəliyin olsa, başqa ölkəyə getmək,yaxud həkim dəvət etmək mümkündür. Təhsildə səni nəsə qane etmirsə, xaricdə də oxumaq olar, yaxud hansısa sahə üzrə gərəkli mütəxəssisə ehtiyac olarsa, dəvət edilər. Zabit peşəsi nadir peşələrdən biridir ki, onu xaricdən dəvət olunanlarla əvəz etmək olmaz. Bu peşənin sahibi vətən yolunda düşməni məhv etmək, şərait tələb edərsə, həyatını qurban verməyə hazır olmalıdır. Gənclərimizin hərbi təhsilə münasibəti bu günün tələblərinə cavab verəcək səviyyədə deyil. Bü gün hərbi-lisey və hərbi akademiyaya gənclərin axını başqa universitetlərlə müqaisədə daha yüksək olmalıdır. Vəziyyətin necə olduğunu bilmək istəyirsinizsə, universitetlərə, hərbi akademiyaya keçid balları haqqında öyrənin, müqaisə aparın və nəticə çıxarın. Azərbaycan ordusunun müasir raket sistemlərini, artilerya qurğularını, helikopter və döyüş təyyarələrini, dronları, kompüter sistemlərini yüksək biliyə, intellektə, savada, fiziki və psixoloji hazırlığa malik zabitlər idarə edəcəklər. Ortada başqa əhəmiyyətli nümunə var - ölkə prezidentinin oğlu əsgərlikdədi. Bu baxımdan, bütün ranqlı məmurlar övladlarını hərbi xidmətə göndərməyə ən azı mənəvi baxımdan borcludular. Yaxud varlı, imkanlı, vəzifəli adamlar övladlarını hərbi akademiyaya göndərirlərmi? Hərbi təhsilə, hərbi xidmətə münasibət kökündən dəyişməli, bütün gənclər hərbi xidmətə getməli, neqativ üsullarla gənclərin xidmətdən yayındırılmasına son qoyulmalıdır. Vətənpərvərliyin real əsəslara oturdulması sahəsində hərbə münasibətdə sosial ədalətli təminindən daha bariz bir nümunə ola bilməz. Səngərdə məmurun da, çobanın da, iş adamı və naxırçının da, prokuror və rəisin də, vergi və gömrük yüksək çinlisinin də övladları hərbi qulluq keçsələr, heç vətənpərliyin məxsusi təbliğinə də ehtiyac qalmayacaq. Azərbaycan xalqının hərbiçi xalq olmağına ciddi ehtiyac var. Türk və İsrail reallıqları ortadadır. Balaca bir İsrail dövlətinin ətrafı sarımış 23 ərəb dövlətinin öhdəsindən gəlməsi yəhudi xalqının həm də hərbə münasibətinin nəticəsidir. Tarixi türk ənənələrinə sahiblənmək, regionda söz sahibi olmaq, torpaqlarımızı azad etmək, İrəvana, Dərələyizə, Göyçə və Zəngəzura iddia edib əməli işə keçmək də xalqın hərbə bağlılıq dərəcəsindən asılıdır. Calaq, çürük, sintez bir erməni xalqının öhdəsindən gəlmək isə ən ön mərhələdəki tarixi borcumuzdur.
- Aprel həm də Lələtəpənin düşmən nəzarətindən azad olunması ildönümüdür. Lələtəpə zəfərinin də hərbi vətənpərvərlik baxımından böyük önəmi var...
- 2016-cı ildəki aprel döyüşləri ölkə prezidentinin ordu quruculuğu sahəsindəki siyasətinin doğruluğunu və görülən tədbirlərin səmərəliliyini təsdiq etdi. Aprel döyüşləri Azərbaycan xalqının qəddini dikəltdi. Aprel döyüşləri Azərbaycan gəncliyində kütləvi hərbi coşqunluq yaratdı, Azərbaycan ordusunun qüdrətini, nəyə qadir olduğunu dünya önündə sübut etdi. Bu döyüşlər Azərbaycan əsgər və zabitlərinin döyüş qabiliyyətlərini nümayiş etdirdi. Döyüşlər ordu generallarının bacarıq və səriştələrini, səngərə sədaqətlərini göstərdi. Lələtəpənin alınması tarixi-hərbi nəaliyyət oldu. Ordumuzun bu qələbəsi erməni ictimaiyyətini parçaladı, hakimiyyəti dağıtdı, ordusunu rüsvay etdi. Bu gün Azərbaycan xalqı əmindir ki,Ali Baş Komandanımızın rəhbərliyi ilə daha iri miqsaylı aprel qələbələrinin şahidi olacaq, Azərbaycan bayrağını Şuşada, Laçında dalğalandıracağıq. O günə lap az qalıb.
Elgün Mənsimov,