Vidadi Hüseynov Cəfər Cəfərovun paxırlarını açdı
18-04-2019, 00:13
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərovun haqsızlığına məruz qalan Vidadi Hüseynov sabahinfo.az saytına müsahibə verib.
Gununsesi.org həmin müsahibəni təqdim edir:
– Vidadi müəllim, son vaxtlar adınız dövri mətbuat və saytlarda silsilə yazılarla gündəmə gəlib. Azərbaycan Dövlət Pedaqoji Universitetindən siz 07.02.2017-ci il tarixdə işdən azad edilmisiniz. Niyə indiyə qədər gözləmə mövqeyində olmusunuz?
-İlk öncə mən haqq səsimin xalqa çatdırılmasında mənə yardımçı olan mətbuat işçilərinin hər birinə təşəkkür edirəm. Doğrudan da Azərbaycanda azad söz hüququ mövcuddur və bunu yaradan möhtərəm Prezidentimizə bu böyük tribunadan təşəkkürümü bildirirəm. Cox doğru buyurursunuz, bu yazılar gecikdirilmiş addım sayılsa da, amma səbəbsiz deyil. Axı mən, işdən çıxarılanda dillə-ağızla, başqa iş vədəsi ilə uzaqlaşdırılmışdım. Ərizəmdə də işdən azad edilməyim yox, başqa işə keçirilməyimi yazmışdım. Mənimlə rəhbərlik arasında heç bir narazılıq olmadığına görə, bu müddət ərzində ancaq səbrlə mənə vəd olunmuş və həmin işə gorə ərizəm alınmış “Təhsil keyfiyyətinə nəzarət və monitorinq” bölməsinə müdir təyin olunacağım günü gözləmişəm. Günlər bir-birini, aylar bir-birini əvəzlədikcə aldanıldığımı başa düşüb, Universitet rəhbərliyinin, Təhsil Nazirliyində qəbullarda olmuşam. Hətta o vaxtdan bu işlə əlaqədar indiki Təhsil naziri C.Bayramovun qəbulunda olmuşam. C.Bayramov ADPU rəhbərliyinə müvafiq tapşırıq verəcəyini demişdi. Bu müddət ərzində mənə müxtəlif vədlər verilir və hər dəfə də aldanılırdım. Son dəfə 2019-cu ilin yanvar ayında yenidən Universitetə çağırıldım və “İnsan və heyvan fiziologiyası” kafedrasında yaranmış vakant yerə (saat hesabı) təyin olunmağım haqda təqdimat aldım. Həsrətin bitdiyini fikirləşib Allaha şükürlər etdim. Amma sən saydığını say, gör Eldar müəllim nə sayır. Sən demə, həmin vakant yerə Eldar müəllimin öz namizədi varmış. Təqdimatımı geri çevirib bu işin alınmayacağını deyir. Düşündüm ki, rektor Cəfər Cəfərovun bundan xəbəri yoxdur, onun fikirlərini öyrənməliyəm. Lakin qəbul zamanı C.Cəfərovun 180 dərəcə dönməyinin şahidi oldum. Qınamıram, rəhbər adamdır, yanındakı qurdlara daha çox inanar.
– Rektor Cəfər Cəfərovun cavabı maraqlıdır, necə oldu?
– Cəfər Cəfərov: “Səni işə qaytarsam, gərək hamını qaytaram. Mən burada həmişəlik qalan deyiləm ki, mən də buradan bir gün gedərəm, ondan sonra gəlib işləyərsən” (gülür)
– Haqqınızda yazılan yazılardan oxumuşdum ki, rektor C.Cəfərov Lerik və təhsili haqda son dərəcə bədgüman danışmışdı.
-Bəli, Lerik ictimaiyyətinin nümayəndəsi kimi qardaşım Vüqar müəllim rektor C.Cəfərovun qəbulunda olarkən o, qardaşımla çox sərt danışmış və Lerikin çox geridə qalmış bir rayon olduğunu və orada təhsilin olmadığını, məktəblərin fəaliyyət göstərmədiyini demişdir. “Vidadi getsin öz rayonuna, orada işləsin” – deyə “yol” göstərmişdi. Respublikamızın, hətta ucqar rayonların belə sürətlə inkişaf etdiyi bir dövrdə, möhtərəm Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətə bu baxışıyla xor baxmaq, Lerik camaatını hökumətdən, dövlətdən incik salmaq C.Cəfərovun nə işinə yarayır ki?! Yəni doğrudanmı təkcə Azərbaycan Dövlət Pedaqoji Universitetində onlarla lerikli tələbənin oxuduğundan rektor C.Cəfərov xəbərsizdir? Bu, lerikli tələbələrin hissiyatına toxunmaq deyilmi?!
-Lerik ictimaiyyətinin buna reaksiyası necə oldu?
-Bu sözlərdən sonra Lerik rayonunun ictimaiyyəti (321 nəfər) möhtərəm Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və digər əlaqədar təşkilatlara müracətlər etmiş, bundan hiddətləndiklərini bildirmişlər. Müraciətlərində universitet rəhbərliyinin bu addımı nəinki mənə, bütün Lerik ictimaiyyətinə hörmətsizlik kimi dəyərləndirilir. Universitetin mövqeyi cəmiyyəti qıcıqlandırmağa hesablanıb. Məsələni sakitləşdirmək əvəzinə, yeni şantaj mövqeyindən çıxış edirlər. Bəli, rektorun hazırki mövqeyi regionçuluğa söykənir. Belə olmasaydı, kəndardan qohumlarını və yerlilərini, Turizm Universitetinin əməkdaşlarını ən qocaman təhsil ocağına gətirməzi, hansı ki, Pedaqoji Universitet həmişə təcrübəli əməkdaşları ilə digər universitetlərə örnək olunası qədərdi.
-Sizin həm mətbuatda, həm də ərizə formasında olan müraciətlərinizə hansı cavablar olmuşdur?
-Məhz problemin yarısı buradadır. Göndərdiyim ərizə və müraciətlər oxunmur, əksinə şikayətçi olduğum insanların invanına yönəldilir, onlar da şübhəsiz, özlərinin müdafiəsinə ölçülmüş cavabı Nazirliyə və digər qurumlara göndəriblər. Həmən qurumlar da heç bir araşdırma aparmadan Universitetin mövqeyini təkrar mənə ünvanlayırlar və bununla da işlərini bitmiş sayırlar. Təkcə Respublika Əmək Müfəttişliyinin (19130051530 №-li, 10.04.2019-cu il tarixli) cavabında göstərilir ki, işə götürən tərəf (ADPU) mənə qarşı Əmək Məcəlləsinin 69.5 maddəsinin tələbləri pozulmuş, əmək müqaviləsinə verilən xitam qanunsuzdur.
-Belə nəticəyə gəlmək olar ki, Siz ixtisara yox, sadəcə digər işə keçirilməyinizlə bağlı işdən azad olunmusunuz.
-Bəli, ixitisara təqribən 300 nəfərə yaxın əməkdaşı saldılar. Maraqlıdır, əvəzində yenilərini işə götürdülər. Araşdırmaq imkanınız olsa, Cəfər müəllimdən əvvəl olan əməkdaşlarla indiki əməkdaşların sayını, öz ərizəsi ilə çıxanların monitorinqini keçirin, nəticənin şahidi olarsınız. Mən Cəfər müəllim gələn dövrə kimi Universitetin böyük dispetçeri vəzifəsində olmuşam. Sonradan bu vəzifənin nəzdində adını dəyişdirilərək “Təhsilin keyfiyyətinə nəzarət və monitorinq” bölməsi yaradıldı və ilk gündən məni həmən bölməyə müdir keçməyimə söz verilmişdi. Aldanmağıma səbəb də burdan yaranıb.
–Dediniz ki, bir qrup Lerik rayon ictimaiyyəti cənab Prezidentə və Birinci vitse-prezidentə əvvəl 207, sonra isə 312 nəfərlik müracət ünvanlayıb. Nəticəsi oldumu?
-Fevralda cənab Prezidentə ünvanlanan müraciət Təhsil Nazirliyindən Pedaqoji Universitetin rektorunun qəbuluna yönəldildi. Sakinlər buna etirzını bildirdilər, çünki rektorla belə görüşlər kifayət qədər olmuş, heç bir nəticə hasil olmamışdır. Yenidən cənab Prezidentə teleqram ünvanladılar ki, biz rektorla görüşü məqsədəuyğun saymırıq. Təhsil Nazirliyindən sakinlərə telefon bağlantısı oldu, İnsan Resursları şöbəsinin qəbuluna may ayında boş yer olduğunu bildirirlər. Təsəvvür edin, bu qədər insan müraciət edir, may ayını Nazirlik göstərir. Yenidən cənab Prezidentə müraciət olundu. Nazirliyin soyuq yanaşması insanların hiddətinə səbəb olmuşdur.
Nəhayət 15.04.2019-cu il tarixdə Nazirliyin İnzan Resursları şöbəsinin müdiri Eşqi Bağırovla mənim və bir neçə rayon sakinlərinin görüşü baş tutdu. Eşqi Bağırov bizi çox soyuq qarşıladı. Əsasən Lerikdən gələn nümayəndələr hansı ki, Təhsil Nazirliyi təkidlə onları dəvət etmədi. Eşqi müəllim onları düz ünvana gəlmədiyini bildiridi. Yoldaşlar dedi, bir sənin yox, cənab Prezidentə olan müraciətin nəticəsinə görə gəlmişik və Təhsil Nazirliyi bizi dəvət edib. Eşqi müəllim də çox cavan olsa da, özünün qeyri-səmimi və böyük postun sahibi kimi göstərməyə çalışırdı. Mənimlə olan yoldaşlar ona dedi ki, siz belə deyirsiniz, onda Prezident Administrasiyası hələ bilmir yəqin təhsilə bağlı problemi sizə ünvanlayıb? Təhsil Nazirliyinə yox, onda gərək Kənd Təsərrüfatı Nazirliyinə, ya digər aidiyyəti olmayan bir yerə yönəldilərdi? Eşqi müəllim birmənalı bildirdi ki, biz Təhsil Nazirliyi olaraq Pedaqoji Universitetin rektoruna söz deyə bilmərik. Bizdə hələ də şübhə öz cavabını tapmayıb. Təhsil Nazirliyi Eşqi müəllimin təbirincə Universitetdən daha aşağı mövqedədirmiş?
Naşı məmurlar həqiqətən insanlarda dövlətə, hökumətə qarşı ruh düşkünlüyü yaradırlar. Bu məmurlar cənab Prezidentin bu qədər işlərinin üstünə əməlləri və danışıqları ilə xətt çəkirlər. Sakinlər hər hansı vasitə ilə olursa olsun, cənab Prezidentin özünün bu məsələdən xəbəri olması üçün digər tədbirlər haqqında düşünməyə məcburdurar.
Bütün bunlara baxmayaraq, mən və Lerik ictimaiyyəti öz Prezidentinə tam inanır və ümid edirik ki, qısa zaman kəsiyində bu işin müsbət həlli olacaqdır.