Azər Qasımlı: “Nazarbayevin Köçəryana verdiyi bu dəstək...” – Müsahibə
19-04-2019, 13:18
“Hazırda NATO-ya üzv dövlətlərlə Rusiya arasında sakitlik hökm sürür. Artıq Krımla bağlı hər şey bəllidir, bütün mövqelər açıqlanıb. Suriya ilə bağlı da vəziyyət demək olar ki aydındır. İndi Suriyada daha çox Rusiya və İran hökmranlıq edir. Müəyyən mənada Türkiyə. Suriya istiqamətində də müəyyən sakitlik var. İsrail-Fələstin münaqişəsində isə ABŞ və NATO öz sözünü deyir”.
Respublikaçı Alternativ Partiyasının (REAL) məclis başqanı Azər Qasımlı belə düşünür.
Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Sosial şəbəkələrdə Ermənistan Baş naziri Nikol Paşinyanın əleyhinə “Nikol yalançıdır” adlı kampaniya başlayıb. İrəvan, Gümrü, Sisyan, Maralik və digər şəhərlərdə virtual aksiyaya açıq dəstəklər olub. Etirazçılar baş nazirdən vəd etdiyi islahatları həyata keçirməyi tələb edirlər, Paşinyanın imkanları isə məhdud kimi görünür. Bu baxımdan, bu etirazların miqyasının genişlənməsi ehtimalı nə dərəcədə yüksəkdir?
- Bu etirazların miqyasının genişlənməsi ehtimalının yüksək olduğunu hesab etməzdim. Çünki seçkilər yeni keçirilib və Paşinyan hələ də Ermənistan daxilində ən yüksək reytinqə malik olan siyasətçidir. Buna görə də düşünmürəm ki, Ermənistan cəmiyyəti kimlərinsə etiraz aksiyaları yaratmaq cəhdlərinə müsbət yanaşsın. Digər yandan, vaxtilə hakimiyyətdə olmuş “Qarabağ klanı”nın, yaxud Köçəryan-Sərkisyan klanının bu etirazlarda əllərinin olub-olmaması araşdırılmalıdır. Başqa sözlə, hesab edirəm ki, bu etirazların genişlənməsi ehtimalı o qədər də yüksək deyil.
- Rusiya Prezidenti Vladimir Putindən sonra Qazaxıstanın keçmiş başçısı Nursultan Nazarbayev də həbsdə olan sabiq həmkarı Robert Köçəryana dost məktubu göndərdi. Sizcə bu məktub təkcə Nazarbayev və Köçəryan arasında olan dostluq münasibətini əks etdirirdi, ya...?
- Nazarbayev artıq aktiv siyasətdən getməyə hazırlaşır, yəni prezident olmayacaq. Əlbəttə, onun Köçəryanla şəxsi münasibətləri olub. Düşünürəm ki, həmin şəxsi münasibətlərə görə, Ermənistanın keçmiş prezidentinə mənəvi dəstəyini ifadə etmək üçün bir dost kimi məktub göndərib. Bu məktubun Ermənistandakı proseslərə ciddi təsiri olmayacaq. Digər yandan, Köçəryana ciddi dəstək haqda danışmaq mümkün deyil. Bunu sadəcə olaraq, mənəvi dəstəyin ifadəsi kimi qeyd etmək olar, yəni ciddi nəticəsi olmayacaq.
- Rusiya NATO ilə əməkdaşlığın tamamilə dayandırıldığını açıqladı. Belə bir qərar gərgin münasibətləri hansı istiqamətə yönəldə bilər? Dayandırılmış əməkdaşlıq fonunda ehtimal olunan NATO-Rusiya qarşıdurmanın qarşısını ala biləcək bir mexanizm varmı?
- Hazırda NATO və Rusiya arasında qarşıdurmanın yaranacağına inanmıram. Perspektivdə olsa da, yaxın perspektivdə bunu görmürəm. NATO və Rusiya arasındakı münasibətlər onsuz da, yaxşı deyildi. Bu da keçmişdən gələn prosesin nəticəsidir. Çünki Suriyada, yaxud Yaxın Şərqin digər bölgələrində əməkdaşlıq etmirlər. Bu, əməkdaşlıqdan çox rəqabətə oxşayır. Hətta bir sıra nöqtələrdə qarşı-qarşıya gəlmək ehtimalından danışılır. Buna görə də düşünürəm ki, bu qərar gərgin münasibətlərin məntiqi nəticəsi idi.
Digər yandan, vaxtaşırı belə bəyanatlar verilir, sonradan isə masa arxasında oturub hansısa məsələləri müzakirə edirlər. Amma onu da qeyd etmək lazımdır ki, hazırda NATO-ya üzv dövlətlərlə Rusiya arasında sakitlik hökm sürür. Artıq Krımla bağlı hər şey bəllidir, bütün mövqelər açıqlanıb. Suriya ilə bağlı da vəziyyət demək olar ki aydındır. İndi Suriyada daha çox Rusiya və İran hökmranlıq edir. Müəyyən mənada Türkiyə. Suriya istiqamətində də müəyyən sakitlik var. İsrail-Fələstin münaqişəsində isə ABŞ və NATO öz sözünü deyir. Afrika və Orta Asiya yönündə də ciddi bir qarşıdurmanın əlamətləri görünmür. Yəni, əməkdaşlığın dayandırılması əlahiddə bir hadisə deyil.
- Azər bəy, Əlcəzairdən sonra Sudanda da hakimiyyət dəyişikliyi baş verdi. Hazırda regionda gedən bu prosesdə diqqət çəkən əsas məqam isə budur ki, dəyişiklik çevriliş yolu ilə edilir. Sizcə, bu, kortəbii başlamış bir prosesin nəticəsidir, ya düşünülmüş bir geosiyasi planın tərkibinə daxildir?
- Düşünülübsə, kim tərəfindən düşünülüb? Bu haqda söz demək çətindir. Belə layihələr geosiyasi, bir neçə ölkəni əhatə edən layihələrdir. Bunun arxasında kimin, yaxud kimlərin dayandığı sual altındadır. Amma mən belə düşünülmüş planlara inanmıram. Çünki Sudanda baş verən dəyişiklik bu ölkə daxilində gedən prosesin nəticəsidir. Əlbəttə, bu proses regionun digər ərəb dövlətlərinə də sıçrayacaq və proses davam edəcək. Baş verənlər bu ehtimalı yüksəldir. Vaxtilə Tunisdə “Ərəb baharı” adı ilə başlayan proseslər digər ölkələrə də keçdi. Suriyada müqavimət olmasaydı, bu, daha çox ölkəyə təsir edəcəkdi. Əgər Rusiya və İrandan müdaxilə, yaxud Bəşər Əsədə dəstək olmasaydı, bu rejim də çökəcəkdi. Suriyadan sonra da, “domino effekti” ilə proses digər ölkələri əhatə edəcəkdi. Amma bunun qarşısı alındı. Suriyada baş verənlər də bunun nəticəsidir.
İndi də bu proses Sudandan sonra “domino effekti” verə bilər. Əgər hansısa ölkədə bunun qarşısı xarici müdaxilə ilə alınmağa cəhd edilsə, orada Suriyada olduğu kimi bir vəziyyət yaranacaq. Yəni, yeni münaqişə ocaqları ortaya çıxacaq. Amma düşünürəm ki, bu dəyişiklik Sudan daxilində gedən prosesin nəticəsidir. Yəni, bir şəxs 40 il hakimiyyətdə olarsa, son nəticəsi də belə olur. Uzunmüddətli hakimiyyət insanın psixologiyasında da dəyişikliyə səbəb olur, insanlar da bezirlər. Elitalar daxilində də qarşıdurmalar, mübahisələr yaranır. Sudandakı dəyişiklik də bunun nəticəsidir. Əlbəttə, bunun da regiona çox ciddi təsiri olacaq.
- Bu dəyişiklik prosesi hansı ölkələrə toxuna bilər?
- Əlcəzairdə hakimiyyət dəyişikliyi baş verdi. Daha sonra proses Sudanda davam etdi. Düşünürəm ki, hadisələr yenidən Misirə qayıda bilər. Söhbət daha çox ərəb dünyasından gedir.