Aqil Abbas: “Əsas odur ki, rusca danışanın təfəkkürü rusca olmasın”
20-04-2019, 09:49
“Məni rus agenti çıxardılar, agent olmağım üçün gərək tərcüməçi ayırsınlar”
Yazıçı, deputat Aqil Abbas həmişə orijinal fikirləri ilə diqqət çəkir. Açığı, onun dilindən səslənən sözlər hər zaman səmimi təsir bağışlayır. Çünki danışanda içdən gələn sözlər olduğunu hiss edirsən, hansısa malalama ya da siyasi konyukturaya hesablanmış açıqlamalar olmadığını görürsən.
Bu dəfə A.Abbasla söhbətimiz son günlərin polemikasına çevrilən uşaqların rus dilində təhsil alması ilə bağlı oldu.
- Aqil müəllim, doğurdanmı valideynlərin uşaqlarını rus sektoruna qoyması həyəcanlanmalı tendensiyadır?
- Vallah, mən həyəcanlanmalı heç nə görmürəm. Kim istəsə övladını rusca, kim istəsə ingiliscə, kim istəsə, ana dilimizdə oxudar. O qədər yazıçıların uşaqları rusca oxuyub ki... Düzdür, mən övladlarımı Azərbaycan dilində oxutmuşam. İntəhası, bizdə ingiliscə, fransızca təhsil verən məktəblər də var. Onların təhsil haqlarının qiyməti dəhşətdir, ancaq pullular uşaqlarını orada oxudurlar. Azərbaycan sektorları isə rus sektorundan geri qalır, valideynin pulu yoxdur ki, uşağını ingiliscə oxutsun, rus sektoru pulsuzdur deyə, ora qoyur.
Azərbaycanın dünyaya çıxışı ruscadır. Bu gün Rusiyadakı tok-şoularda azərbaycanlı yoxdur. Orxan Camal öldü, Fuad Abbasovu sıxırlar, ancaq nə qədər erməni aparıcı istəsən rus televiziyalarında tapırsan. Bizdə rus dili bilən savadlı jurnalistlər var, onlara şərait yaratmaq, Rusiya televiziyalarında tok-şoulara çıxmasına imkan yaratmaq lazımdır. Yadınızdadırsa, bir konfransda jurnalistimiz rusca sualı düzgün verməmişdi, hamı ondan danışırdı.
Mən sizə dostum, həmkarım Rasim Musabəyovdan deyim: Rasim müəllim ağıllı, savadlı adamdır, əvvəl Azərbaycan dilində yaxşı danışa bilmirdi. Mən də qəzetdə yazmışdım ki, bizim kənddə hamı ana dilində yaxşı bilir, ancaq nə olsun, hamı Rasim Musabəyov deyil. Yaxud Çingiz Abdullayevi götürək, onun da danışıq dilinə sataşırdılar. Amma bu faktdır ki, Çingiz müəllim Azərbaycan ədəbiyyatını dünyaya çıxardır.
- Demək istəyirsiniz ki, rusca təhsil almağın bir zərəri yoxdur...
- Mən sizə bir misal çəkim: rəhmətlik Əbülfəz Elçibəyə məhkəməsində demişdilər ki, sən rusca danışanları namərd adlandırmısan. O da bildirmişdi ki, mən heç vaxt elə söz demərəm, başqa millətin dilini bilənə namərd söyləmərəm, çünki özüm iki xarici dil bilirəm, tərcümələr edirəm, mən təfəkkürü rus olana namərd deyə bilərəm. Aqil Abbas olaraq da deyirəm ki, kimsə rusca bilirsə və təfəkkürü bizimkidirsə gözüm üstə yeri var. Azərbaycanın Rusiya ilə qonşuluq münasibətləri var, əlaqələrimiz yüksək səviyyədədir, cənab prezident və Mehriban xanım rus dili haqqında fikirlərini bəyan ediblər. Ona görə bir jurnalistin rusca oxuyanları pozğun adlandırması düzgün deyil, ayrı-seçkilik eləməkdir. Heç kim bu sözləri ingilis dili məktəbləri haqda demir, yəni məsələni belə qoymaq yanlışdır. Mən Ağdamda rus məktəbində Azərbaycan sektorunda oxumuşam. Görürdüm ki, rus bölməsi bizdən üstündür, onlar Dostyevskini orijinaldan oxuyurdular, bizsə tərcümədən. Hələ 140 il qabaq Seyid Əzim rus dili barədə müsbət fikrini söyləmişdi.
- Ümumiyyətlə, rus dilinə tələbat, maraq nədən qaynaqlanır?
- Biz bir dəfə ailəvi Qarsa gedirdik. Bu şəhərə ilk səfərimiz idi, istədik ki, Qars haqqında geniş məlumat öyrənək. Türkcə vikipediyadan baxdıq, cəmi 2 səhifə Qars barəsində məlumat var idi. O da Qars müharibəsi, Qars qalası və s. hamısını bilirdim. Amma rusca Qars haqda 200 səhifə məlumat çıxdı. Türkiyədə artıq rusca danışırlar. Əvvəllər azərbaycanlılar Türkiyədə ruscadan tərcümələr edib dolanırdılar, əsasən turizm sektorunda lazım olurdu. İndi türklər özləri bu dili öyrəniblər, fikirləşirlər ki, bu pulu niyə başqasına verək.
Mən yenə deyirəm ki, hər kəsin öz seçimi var və hamı da öz dilini bilməlidir. Amma baxırsan ki, bizdə yazıçılar jurnalistlər kimi yazmağa başlayıblar. İsmayıl Şıxlının, İsi Məlikzadənin, Əkrəm Əylislinin dili qalmayıb. Yeni ədəbi nəsil klassikləri oxumur. Süleyman Rəhimovda olan dil zənginliyi Tolstoyda yoxdur.
Bizimkilər xaricilərin mənasız və zəif tərcümə kitablarını oxuyurlar, dilimizin gözəlliyindən uzaqlaşırlar. Mövlud Süleymanlının necə gözəl yazıçı dili var, amma oxumurlar.
- İndi bir dəb də çıxıb, hər sözün başında Frans Kafkanın adını çəkib intellektual görünmək...
- Ay sağ ol. Kafka kimi çətin yazıçının adını çəkmək dəb olub. Vallah, Murakamini oxumuşam, Ayxan Ayvazlının hekayələri ondan yaxşıdır. İndiki bəzi cavanlar ədəbiyyata təzədən kənd koloritini gətiriblər, xariciləri oxuyub uzaqlaşmasalar yaxşıdır. Mən də onlara həmişə dəstək verirəm, işə götürürəm. Amma mətbuata gələn cavanların çoxu rusca bilmir. Yaxşı bilmirsən, Haqverdiyevi, Mirzə Cəlili oxu da.
Uzağa getmirəm, elə sizin qəzetdə Xalid Kazımlı və Zamin Hacı Türkiyədə tanınan köşə yazarlarından qat-qat istedadlı yazırlar. Sadəcə, onların əhalisi böyükdür, fantastik məbləğdə qonorar alırlar. Biz Türkiyə mediasına çox meyllənirik, onlardan öyrənmək istəyirik. Axı “Tatlısəsin çibanı çıxıb” xəbəri kimə lazımdır? Telekanallarımız da onlara oxşamağa başlayıblar. O gün oxuyuram ki, hansısa müğənnimizin şərab içməsini yazıblar. Xalid Kazımlı da sağ olsun, yaxşı yazmışdı ki, bura İran, Səudiyyə deyil, kim nə içib özü bilər.
Türkiyədən gələn qalmaqalların nəticələridir. Rusiyadakı tok-şoulardan kənarda qalmışıq. Mən rus dilini göyə qaldırmaq istəmirəm. Sadəcə, reallıqdan danışıram.
O vaxt türklər rus təyyarəsini vuranda dedim ki, səhv ediblər, üstümə qalxdılar. Dedilər ki, rus agentisən. Burdan bura Ağdama gedə bilmir, hayqırırdı ki, Türkiyənin yanındayıq. Həmin hadisənin axırı da məlum oldu ki, necə qurtardı. Biz “ayı”nın da nə olduğunu bilirik. Hikmət Hacızadə hörmət etdiyimiz siyasətçidir, məni agent çıxardı. Amma Aqil Abbas rusca zəif bilir, məndən agent olmaz. Rus agenti olmağım üçün gərək tərcüməçi ayırsınlar (gülür - E.S.) İndi bilirəm ki, bu müsahibəmə görə də üstümə töküləcəklər.
- O vaxt “soğan əkin” deyəndə də üstünüzə gəlmişdilər...
- Mən soğanı elə formada deməmişdim. Demişdim ki, kənddə işləyirsə, pay torpağı varsa, işsiz sayılmır, əksin-becərsin, ailəsini saxlasın, üstümə töküldülər... Ona görə rus dili haqqında deyirəm ki, hər kəsin seçiminə hörmət etmək lazımdır, əsas rusca danışanın təfəkkürü rusca olmasın.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”