Prezident İlham Əliyev:“Minlərlə iş yeri yaradılıb, işləmək istəyən özü üçün iş tapar”
4-09-2017, 00:53
“Bölgələrdə yaradılmış şərait böyük şəhərlərə miqrasiyanın da qarşısını alır. Biz artıq bunu da görürük ki, əvvəlki illərdə Bakıya bütün bölgələrdən müşahidə olunan miqrasiya indi azalıbdır, eyni zamanda, əks proses də başlayıb. İndi insanlar şəhərlərdən kəndlərə qayıdırlar. Çünki kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar yaradılıb”.
teref.az bildirir ki, bu sözləri Prezident İlham Əliyev Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, əgər vaxtilə biz infrastruktur layihələrinə böyük vəsait ayırmasaydıq, bu gün inkişaf o qədər də sürətli olmazdı: “Biz son illərdə ölkəmizdə işsizliyin kəskin azalmasına nail olduq və Azərbaycan bu göstəriciyə görə dünya miqyasında qabaqcıl yerlərdədir. Azərbaycanda işsizlik təqribən 5 faiz səviyyəsindədir. Xüsusilə bu gün bu qədər ki, inkişaf var, kənd təsərrüfatına bu qədər vəsait qoyulur, son 2 il ərzində minlərlə ictimai iş yeri yaradılıbdır, işləmək istəyən özü üçün iş tapar. Yaradılan 1 milyon 600 mindən çox iş yeri də bizim siyasətimizin əlamətidir, onun təzahürüdür”.