Politoloq:"Bu cür yazılar hakimiyyətin lobbi fəaliyyətinə ciddi zərbə vura bilər"

7-09-2017, 09:13           

“Qərb mətbuatında yazılanların tamamının Corc Soros tərəfindən sifariş edildiyini söyləmək çətindir. Ancaq onun bu işləri yaxşı bacardığını da bilirik. Soros kimi və hansı dövləti hədəf götürürsə, ona və ya onlara qarşı planlaşdırdığını həyata keçirməyə çalışır. Təsadüfi deyil ki, Sorosun doğulduğu ölkə Macarıstan belə onun əməllərini təhlükəli sayır. Digər tərəfdən Qərb ölkələrində də Sorosa münasibət birmənalı deyil. Erməni lobbisinin də işin içində olduğunu istisna etmirəm. Ancaq bunlar Bakıda deyilir, Qərbdə milyonlarla oxucusu olan nəşrləri izləyən və orada yayımlanan məqalələri oxuyanlar isə yazılanlara inanacaq və onların ağıllarına nə Soros, nə də erməni lobbisi gələcək”

Bu sözləri politoloq Elxan Şahinoğlu Azərbaycan və Türkiyə əleyhinə Qərb mətbuatında yazılan yazıları musavat.com-a şərh edərkən bildirib.

Politoloq bu yazıları “sifarişli” adlandırıb: “O da faktdır ki, Qərb mətbuatında Azərbaycan hakimiyyətinə qarşı sifarişli olaraq müxtəlif zaman kəsimlərində məqalələr yayımlanır. Eyni ilə Türkiyə hakimiyyəti də zaman-zaman tənqidi məqalələrə tuş gəlir. Bunun bir mərkəzdən hazırlandığı və servis edildiyi istisna deyil. Çünki dünyanın məşhur nəşrlərində Azərbaycan hakimiyyəti haqqında yayımlanan yazılar eyni gündə işıq üzü gördü. Yazılanların yalan olduğunu beynəlxalq aləmə göstərməyin bir yolu var – həmin nəşrləri məhkəməyə vermək və bununla yazılanların yalan olduğunu sübut etmək. Problem həm də ondan ibarətdir ki, son yazılarda yalnız hakimiyyət təmsilçilərinin adları çəkilməyib, hakimiyyət mənsubları ilə əməkdaşlıq edən avropalı rəsmilərin, diplomatların və deputatların da adları çəkilib. Onlar konkret faktlarla ittiham olunurlar. Onlar da bu yazılanların yalan olduğunu deyirlər, ancaq məqalələrdə iddialar çox sərtdir. Demək onlar üçün də yeganə alternativ yol məhkəməyə müraciət etməkdir”.

E.Şahinoğlunun sözlərinə görə, bu cür yazılardan sonra Qərbdə Azərbaycan hakimiyyətinə loyal və dost olan dairələr və rəsmilər, o cümlədən Bakıdakı konfranslara qatılan keçmiş rəsmilər və diplomatlar Bakı ilə əməkdaşlıqda bir qədər ehtiyatlı mövqeyə keçə bilərlər. Azərbaycan hakimiyyəti illərdir lobbi işinə xeyli maliyyə və enerji sərf edib: “İndi-indi erməni lobbisi ilə bərabər səviyyəyə çatmışdıq. Bu cür yazılar isə hakimiyyətin lobbi fəaliyyətlərinə də ciddi zərbə vura bilər. Ona görə də hakimiyyət mənsublarımız da ciddi nəticələr çıxartmalıdırlar. Birincisi, xaricdə lobbi çalışmalarına ayrılan maliyyə vəsaitlərə nəzarət edilməli, nəyin hara və necə xərclənməsinə diqqət edilməlidir. Erməni lobbisi Azərbaycan və Türkiyə əleyhinə çalışmalara xeyli maliyyə vəsaiti xərcləyir. Demək biz də lobbi işinə pul xərcləmək məcburiyyətindəyik. Burası aydındır. Ancaq hansısa deputatın ələ alınmasından ziyadə maliyyənin işğal faktının ortadan qaldırılması işinə yönəltmək lazımdır”.

Politoloqun sözlərinə görə, digər tərəfdən Sorosa və ya erməni lobbisinə bəhanə verməməyin ən sadə yolu Mehman Əliyev kimi insanları həbs etməməkdir:

“ Mehman Əliyev dövlətə bağlı insandır. Hakimiyyətə müxalif ola bilər, ancaq özü və agentliyi Azərbaycanın dövlət maraqları üçün çalışır. Bəli, “Turan” agentliyi hakimiyyəti tənqid edən məqalə və analizlər yayımlayıb, ancaq Qarabağla bağlı nə yazıbsa, hamısı Azərbaycanın dövlət maraqlarına xidmət edib. Mehman Əliyev kimi insanların həbs olunması həm Qərb mətbuatında ölkəmiz əleyhinə yazıların çoxalmasına, həm də Qarabağla bağlı informasiya savaşında əlimizin zəifləməsinə yol açır. Biz istəyirik ki, beynəlxalq aləmdə torpaqlarımızın işğalı haqqında danışsınlar, ancaq indi onlar Mehman Əliyevin həbsindən danışırlar. Bu isə işğalçı Ermənistanın və erməni lobbisinin işinə yarayır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.