Tahir Süleyman “Kürdüstan referendumu”nu izləmək üçün Ərbilə gedir

8-09-2017, 09:42           
Tahir Süleyman “Kürdüstan referendumu”nu izləmək üçün Ərbilə gedir
Azərbaycan Kürdləri Birliyinin sədri: “Bir var ağanın nökərinin nökəri olasan, bir də var birbaşa ağanın nökəri olasan”


Şimali İraq Kürd Muxtariyyəti 25 sentyabrda müstəqillik referendumu keçirməkdə qərarlı görünür. Muxtariyyətin rəhbəri Məsud Bərzani bəyan edib ki, referendum keçiriləcək.

Dünyanın diqqət mərkəzində olacaq, bölgədəki Türkiyə, İran kimi böyük dövlətlərin etirazı ilə qarşılaşan hadisəni müxtəlif ölkələrdən jurnalistlərin müşahidə edəcəyi ehtimalı isə yüksəkdir. Azərbaycandan rəsmi şəkildə hansısa şəxsin və ya qurumun sözügedən referendumu müşahidə etmək üçün Şimali İraqa gedəcəyi gözlənilmir. Bu barədə heç bir rəsmi açıqlama verilməyib.

Azərbaycan Kürdləri İctimai Birliyinin sədri, “Diplomat” qəzetinin baş redaktoru Tahir Süleyman “Yeni Müsavat”a bildirib ki, bir neçə müstəqil jurnalistlə birlikdə sentyabrın 25-i öncəsi Ərbilə getmək niyyətindədir. Əgər Məsud Bərzani hökuməti tərəfindən dəvət olacaqsa, referendumu müşahidə edəcəklər: “Bir neçə jurnalist həmkarlarımla birlikdə planımız var ki, Ərbilə gedək. Əgər müşahidə aparmaq üçün rəsmi dəvət olunsaq, getmək istəyirik”.

Bu arada Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Moskvada İraq Antiterror Xidmətinin nazir rütbəli rəhbəri Talib əl-Kənani ilə görüşüb. Rusiya XİN-in məlumatına əsasən, Rusiya tərəfi İraqın birliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini və onun daxili işlərinə xarici müdaxilənin yolverilməzliyini, İraq hökumətinin antiterror potensialının artırılmasına dəstəyin zəruriliyini qeyd edib.

ABŞ-dan isə ötən həftə referendumun təxirə salınması çağırışı olub.

Dünyanın iki böyük dövlətinin mövqeyinin bu cür olmasının referendumun təxirə salınmasına gətirib çıxarıb-çıxarmayacağı sualı aktual olaraq qalır. Bu barədə danışan Tahir Süleyman bildirdi ki, Səddam Hüseynin devrilməsindən sonra 2003-cü ildən İraq Kürdüstanı kimi də adlandırılan Şimalı İraq Kürd muxtariyyəti istər iqtisadi cəhətdən, istərsə də siyasi baxımdan faktiki olaraq İraqın idarə edilməsində ciddi söz sahibidir, eyni zamanda de-fakto müstəqildir.

Bu çağırışları edən ölkələrin özləri də reallığı qəbul edirlər. Hətta qardaş Türkiyə iqtidarı son bir-iki ildə Məsud Bərzani ilə görüşlər keçirib, əməkdaşlıq edib: “Bölgədə kürdlərin dövlətinin qurulması məsələsi deyərdim ki, Bərzanidən yuxarı səviyyələrdə uzun müddətdir həll edilməkdə olan prosesdir. Bu yerə gəlmək üçün onlara ABŞ-ın və Avropa İttifaqının dəstəyi həmişə olub. Müstəqillik referendumunun keçirilməsi də əslində onlarla razılaşdırılıb. Yəni referendum qərarı qəfil, heç kimlə razılaşdırılmadan ortaya çıxan məsələ deyil. Referendum təbliğatı bütün gücü ilə başlayıb. Təxirə salınması ehtimalı sıfırdır. Dünyanın bir çox nüfuzlu dövlətləri Kürdüstan dövlətinin yaranmasında maraqlıdırlar. ABŞ bölgədə İsrailə bənzər, onların maraqlarını qoruyacaq yeni bir dövlətin yaranmasında maraqlıdır. Bu isə oradakı kürdlərə də sərf edir. Biri var ağanın nökərinin nökəri olasan, bir də var birbaşa ağanın nökəri olasan. Həmin bölgədə yeni dövlətin yaranması Yaxın Şərq dövlətlərinə nümunə olacaq. Yeni yaradılacaq dövlətdə yaşayan bütün azsaylı xalqların haqları tanınacaq”.
musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.