Zaxarova Bakını “Kremlin müttəfiqi” adlandırdı – İlk dəfə

10-09-2017, 10:21           

Azərbaycanın Rusiya ilə silah sazişlərində şübhə doğuracaq heç bir məqam yoxdur və Ermənistandan fərqli olaraq, Bakı silahları pulsuz deyil, dünya qiymətləri ilə alır.

Bunu Axar.az-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın “Qardian” nəşrində Azərbaycanla Rusiya arasında silah sövdələşməsinə dair saxta məlumatların dərc olunmasına münasibətini dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Zaxarovanın bu canfəşanlığı “Rosoboroneksport”un kommersiya imicinə kölgə salan məqamları rədd etməkdən ibarətdir:

“Ancaq yenə də bu, müsbət haldır. Azərbaycan Rusiya ilə münasibətlərin müttəfiqlik səviyyəsinə çatmasını və bu müttəfiqlikdən doğan öhdəlikləri hər iki tərəfin yerinə yetirməsini istəyir. Azərbaycan buna hazır olduğunu müxtəlif yollara nümayiş etdirir. Ancaq biz sözdə deyil, işdə müttəfiqlik addımlarının Rusiya tərəfindən də atılmasını çox istərdik. Zaxarova Rusiya siyasətinin müəyyən edilməsində böyük fiqur sayılmasa da, onun belə bir fikir səsləndirməsi ən azından Rusiya XİN-nin mövqeyini əks etdirir. Əgər müttəfiqlik məsələsi gündəmə gətirilirsə, onda Moskva bundan doğan öhdəlikləri yerinə yetirməlidir. Biz Rusiyadan qeyri-qanuni heç bir şey tələb etmirik, sadəcə söhbət müttəfiqlikdən gedirsə, Azərbaycanın ərazi bütövlüyü məsələsində səmimi addımlarını gözləyirik. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanısa da, münaqişənin həllini yubadır. Bu isə müttəfiqlik anlaşıyışna heç cür sığmaz. Biz Rusiyanın Ermənistan-Azərbaycan münaqişənin tənzimlənməsində bitərəf arbitr olmasını və Qarabağ məsələsinə beynəlxalq hüquq normaları əsasında yanaşmasını istərdik”.

Politoloq bildirib ki, Azərbaycan Rusiya ilə hərtərəfli münasibətlərin inkişafının tərəfdarıdır, ancaq bu yolda ən böyük əngəl Dağlıq Qarabağ problemidir:

“Son zamanlar ABŞ-ın bu məsələ ilə bağlı mövqeyində ciddi irəliləyişlər var. Rəsmi Bakı çox arzu edir ki, bu cür irəliləyişlər Moskva tərəfindən də hiss edilsin. Zaxarovanın səsləndirdiyi fikirlər hələlik bəyanat formasında olsa da, gələcəkdə müsbət dəyişikliklərə yol aça bilər. Əgər Rusiya həqiqətən bizi özünə müttəfiq hesab edir və “Qardian” qəzetinin uydurmalarını Azərbaycana qarşı təzyiq kimi qiymətlndirirsə, onda Moskva Bakıya olan digər təzyiqlərə də eyni münasibəti sərgiləməlidir”.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Qardian”(The Guardian) nəşrində Azərbaycanla Rusiya arasında silah sövdələşməsinə dair saxta məlumatların dərc olunmasını Rusiyanın müttəfiqlərinə təzyiqin gücləndirilməsi kimi qiymətləndirib.

O bildirib ki, Rusiyaya bir sıra istiqamətlər üzrə informasiya sahəsində çox ciddi təzyiqlər həyata keçirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.