Ermənistan parlamentində əsən anti-Rusiya “küləyi”

12-09-2017, 10:49           
Ermənistan parlamentində əsən anti-Rusiya “küləyi”
Deputat fraksiyasının Avrasiya Birliyindən imtina çağırışının arxasında hansı hiylə dayanır? Politoloq: “İrəvan heç zaman Moskvanın maraqları əleyhinə addım atmayacaq”

Ermənistanın Gürcüstanda keçirilən NATO təlimlərindən son anda imtina edərək, Rusiya ilə birgə hərbi təlimlərə qərar verməsinin ardınca işğalçı ölkədə yeni proses başlayıb. Belə ki, artıq xəbər verdiyimiz kimi, Ermənistanın “Yelk” (“Çıxış”) parlament fraksiyası ölkənin Avrasiya İqtisadi Birliyindən çıxmasını nəzərdə tutan qərar layihəsini hazırlayıb.

Sentyabrın 11-də Ermənistanın bu ilin aprelində “seçilmiş” yeni tərkibinin payız sessiyası öz işinə başlayıb. “Yelk” (“Çıxış”) fraksiyasının sözügedən qərar layihəsini parlamentin müzakirəsinə təqdim edəcəyi gözlənilir. Hər halda, faktiki olaraq müxalifətsiz formalaşmış parlamentin Serj Sərkisyanın iradəsindən kənar Rusiyaya qarşı qanunvericilik təşəbbüsü ilə çıxış etməsi inandırıcı görünmür. Belə olan təqdirdə proseslərin arxasında çoxgedişli kombinasiyalar qurmağı və hiyləgər gedişlər etməyi mahircəsinə bacaran Sərkisyanın fraksiya əli ilə Rusiyanı şantaj siyasətindən yararlanmaq istəyi açıq şəkildə özünü göstərir.

Serj Sərkisyan Rusiya prezidenti ilə Soçidə görüşəndən sonra geniş açıqlama verməsə də, onun İrəvanın qərbyönümlü kurs götürdüyünə görə tənbeh edildiyi şübhə doğurmurdu. Xüsusilə də bu görüşün Ermənistanın Şərq Tərəfdaşlıq proqramının assosiativ üzvlüyünü imzalamağa hazırlaşdığı dönəmdə keçirilməsi də təsadüf sayıla bilməzdi. Eyni zamanda Putin Ermənistanın Rumıniya və Gürcüstandakı NATO təlimlərində iştirakından sonra Sərkisyanı hüzuruna çağırdı ki, ona qulaqburması versin. İndi, görünür, İrəvandakı rejim Rusiyanı qıcıqlandırmamaq üçün şantajı deputatların əli ilə həyata keçirib növbəti silah partiyasının hədiyyə olunmasına nail olmaq istəyir. Hər halda, bu, Ermənistanın ilk bazarlığı deyil. Erməni ordusunun rəhbərliyi açıq şəkildə etiraf edir ki, Azərbaycan ordusu onlardan qat-qat güclüdür. Belə olan şəkildə təbii ki, savaş başlanacağı halda Ermənistan Qarabağda duruş gətirə bilməyəcək. Deməli, istənilən yola əl atmaq bahasına olursa-olsun silah arsenalını gücləndirmək lazımdır ki, bu zaman ermənilərin təcrübəsində şantaj siyasəti daha uyğun sayılır.

“Yelk” fraksiyasının hazırladığı qərar layihəsində qeyd olunub ki, Ermənistanın Avrasiya Birliyinə üzv olması nəticəsində ölkədə əhəmiyyətli inkişaf baş verməyib, həmçinin təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri həllini tapmayıb. Fraksiya üzvlərinin bildirdiyinə görə, Avrasiya Birliyində təmsil olunduğu 3 il ərzində Ermənistanda valyuta məsələlərindən tutmuş digər sahələrə qədər geriləmə müşahidə olunub. Eyni zamanda sənəddə qeyd olunur ki, Avrasiya Birliyinə üzvlük Ermənistanın Gürcüstan və İranla əlaqələrini məhdudlaşdırır. Bundan əlavə, “Çıxış” fraksiyası Ermənistanın müttəfiqi Rusiyanın Azərbaycanı silahlandırmaqda davam etməsini də xatırladır. Bildirilib ki, Avrasiya Birliyinə üzv olandan sonra Azərbaycanın atəşkəs rejimini pozması halları “artıb”, ilk dəfə 2016-cı ildə erməni tərəfi ərazi itkisi ilə üzləşib. Fraksiya bundan əlavə Birlik ölkələrində avtoritar rejimlərin mövcudluğunu iddia edərək, Ermənistanda da siyasi və vətəndaş azadlıqlarının məhdudlaşdırıldığını, insan haqlarının pozulduğunu bəyan edib. Sənəddə qeyd olunub ki, ölkənin Avrasiya Birliyindən çıxması istiqamətində kurs götürməsi zəruridir.

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, “Yelk” siyasi partiyalar bloku Ermənistan parlamentində hər hansı bir təsir gücünə malik deyil və mütəmadi olaraq bu qəbildən olan addımlarla diqqəti özünə cəlb etməyə çalışır: “Ermənistan parlamentində ölkənin Avrasiya İqtisadi İttifaqından çıxması ilə bağlı ”Yelk"in mövqeyini bölüşən heç bir siyasi qüvvə yoxdur. Hətta Tsarukyan bloku belə “Yelk”i müdafiə etmir. “Yelk” fraksiyasının belə bir təşəbbüs ilə çıxış etməsinin bir sıra səbəbləri ola bilər. Bu səbəblərdən biri bloka daxil olan hər 3 partiyanın maraqlarıdır. Həmin partiyaların, xüsusilə də “Çiçəklənən Ermənistan” partiyasının Avropa Parlamentində təmsil olunan bəzi fraksiyalarla yaxın əlaqələrinin olmasıdır. Onlar Avropa təşkilatları ilə yaxından əməkdaşlıq edirlər".

Siyasi şərhçiyə görə, ola bilsin ki, “Yelk”in təşəbbüsündə rəsmi İrəvanın da müəyyən qədər rolu var: “Qütblərarası manipulyasiyalar rəsmi İrəvanın siyasətinin əsasını təşkil edir. Amma bu daha çox ehtimaldır. ”Yelk"in təşəbbüsü, zənnimcə, daha çox baş nazir olmaq üçün Rusiyanın dəstəyini almaq istəyən qüvvələrə mesaj xarakteri daşıyır. Ola bilsin ki, “Yelk” bu prosesdən kənarda qalacağını və pay bölgüsündə iştirak edə bilməyəcəyini öncədən müəyyənləşdirib və hakimiyyətin real sahibinə qarşı çıxış etməklə həm Moskvaya, həm də rəsmi İrəvana mövcudluğunu hiss etdirmək istəyir".

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Ermənistan parlamentində Avrasiya İqtisadi Birliyindən çıxmaq məsələsinin qaldırılması diqqəti yayındırmaq məqsədi daşıyır: “Doğrudur, Ermənistan müxalifətinin bir hissəsi Rusiyadan narazıdır və bəziləri Qərblə əməkdaşlığa üstünlük verməyə çağırırlar. Ermənistan hakimiyyətinin özündə də narazılıq hiss olunur, ən azı Moskvanın Azərbaycana silah satışından narazıdırlar. Ancaq İrəvan bu narazılığını əlində rəhbər tutaraq Rusiyadan uzaqlaşmayacaq və Avrasiya İqtisadi Birliyindən çıxmaq mövzusunu gündəmə gətirməyəcək”.

Politoloq xatırlatdı ki, Ermənistan tamamən Rusiyadan asılıdır: “Başqa sözlə desək, Ermənistan hakimiyyəti son illər bilərəkdən bu asılılığı artırdığından Rusiyanın girovuna çevrilib. Belə olan halda Ermənistan parlamentində nəyin müzakirə olunmasından asılı olmayaraq, bu vəziyyətdə İrəvan heç zaman Rusiyanın maraqları əleyhinə addım atmayacaq. Hətta erməni müxalifəti bir gün hakimiyyətə gəlsə, xarici və təhlükəsizlik siyasət kursunu dəyişə bilməyəcək. Bunu dəyişə bilsəydi elə keçmiş prezident Levon Ter-Petrosyanın dövründə dəyişərdilər. Ancaq onun özü də Rusiyanın boyunduruğu altına keçdi, bu boyunduruqdan qurtulmaq istədikdə isə hakimiyyətindən oldu”.


****

Ötən həftə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə və Ermənistanın katalikosu II Qareginin Rusiya patriarxı Kirillin vasitəçiliyi ilə Moskvada bir araya gəlməsi xeyli müzakirə edildi. Düzdür, əvvəldən bu görüşün müsbət dönüşə gətirib çıxaracağına böyük ümidlər yox idi. Amma Ermənistanın dini rəhbərinin mövqeyindən ortaya çıxan qənaət bir daha təsdiq etdi ki, işğalçı ölkə ənənəvi Qarabağı ilhaq siyasətindən imtina etmək niyyətində deyil. Əgər belə olmasaydı, II Qaregin mətbuat üçün açıq olan hissədə ən azı azərbaycanlı girovların azadlığı ilə bağlı Şeyxin çağırışına birmənalı mövqe bildirər və onu dəstəkləyərdi.

Düzdür, Rusiya, Azərbaycan və Ermənistanın dini liderlərinin üçtərəfli görüşünün yekunlarına dair birgə bəyanatda bəzi məqamlar əksini tapıb. Ancaq bu bəyanatda ənənəvi mövqe aydın hiss olunur ki, bu da tərəflər arasında bərabərlik işarəsinin qoyulması, işğalçı ilə işğala məruz qalan arasında fərq qoyulmamasıdır. “Əminik ki, fikir ayrılığını yalnız mehriban qonşuluq və mənəvi dəyərlərə əsaslanaraq aradan qaldırmaq mümkündür”, - deyə, bildirilir. Ancaq hər kəs bilir ki, Qafqazda sülhün bərqərar olmasına imkan verməyən tərəf işğalçı Ermənistan və onun havadarlarıdır. “Müharibə və düşmənçilik ritorikasından imtina etmək olduqca vacibdir” - mövqeyi o halda keçərli olardı ki, erməni canilər torpaqlarımızdan rədd olar, cəzalarını alardılar. İndiki halda isə Qarabağda qanunsuz olaraq məskunlaşdırılma prosesi gedir, Ermənistan rəhbərliyi torpaqlarımızda cinayətkar əməllərini davam etdirirsə, ötənləri necə unutmaq olar? “Hərbi əməliyyatlarda iştirak etməyən dinc sakinlərin azadlığa buraxılması vacibdir” - mesajı da Ermənistana yönəlib. Lakin İrəvan bu çağırışa nə dərəcədə məhəl qoyacaq, demək çətindir.

Azərbaycanlı dini lider Ermənistan-Azərbaycan sərhədində növbəti görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etdiyini də bildirib. Ancaq bu razılaşmaya erməni tərəfinin əməl edəcəyi də az inandırıcı görünür.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında dini liderlərin görüşündən müsbət nəticə əldə olunmadığını vurğuladı: “Dini liderlərin görüşü nəticə vermədi. Bu, gözlənilən idi. Ancaq ən azı Dağlıq Qarabağda girovluqda saxlanılan iki vətəndaşımızın azad olunması istiqamətində nə isə irəliləyişin olacağına bəzi ümidlər var idi. Bəli, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Moskvada bu məsələni qaldırdı, ancaq qarşı tərəf girovlar mövzusuna maraq göstərmədi”.
Qeyd edək ki, Şeyx Hacı Allahşükür Paşazadə Dilqəm Əsgərovun Rusiya vətəndaşı olduğunu xüsusi vurğulamaqla Kirillin də diqqətini cəlb etməyə çalışmış və həmsədr ölkənin girovlarla bağlı hərəkətə keçməsini zəruri saymışdı. Lakin bu, baş vermədi. Belə görünür ki, Moskva hələ ki girovlar mövzusunda Ermənistanın xətrinə dəyməyə lüzum görmür. E.Şahinoğlu da rus pravoslav kilsəsinin başçısının bu haqda heç nə demədiyinə diqqət çəkdi: “Halbuki vasitəçi tərəf kimi girovların azad olunması məsələsini qaldıra bilərdi. Bu, Moskva görüşünün uğurla nəticələnməsinə də yol açardı. Lakin olmadı. Azərbaycan və Ermənistanın dini liderləri Moskvada Qarabağ məsələsində öz ölkələrinin mövqelərini təkrarladılar, yəni hərə öz mövqeyində qaldı. Belə olacaqdısa, rus pravoslav kilsəsinin nədən bu görüşə ehtiyac duyduğunu, doğrusu, anlamadım. Deyirlər ki, qan tökülməsin, ancaq Dağlıq Qarabağ ətrafında rayonlar boşaldılmayana qədər atəşkəs də mütəmadi olaraq pozulacaq və hər iki tərəfdən itkilər də olacaq”.

Hər halda, iki ölkənin sərhədində görüşlərin keçirilməsi təşəbbüsünün yekun sənəddə əksini tapmaması sual doğurur. Görünür, iki ölkənin sərhədi həm Ermənistana, həm də havadarlarına gərginlik ocağı kimi daha çox lazımdır. Ermənistan vaxtaşırı Rusiyanı və KTMT-ni iki ölkə sərhədindəki gərginliyə qatmaq üçün fürsətlər gəzib. Bu mənada onun sərhədi sülh görüşünün məkanına çevirmək marağı təbii ki, ola bilməzdi. Heç “ağa”sının da...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.