Zakir Həsənov Milli Qəhrəmanının ailəsi ilə görüşdü

12-09-2017, 15:33           

İsrailə rəsmi səfəri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkədə yaşayan Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Rantik Aqarunovla görüşüb.


Görüş zamanı ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi yad edilib, o cümlədən A.Aqarunovun həyat yolu, döyüşlərdə iştirakı bir daha xatırlanıb. Bildirilib ki, ölkəmizdə yaşayan digər xalqların nümayəndələri kimi yəhudi əsilli bu qəhrəman da Azərbaycanı daim vətəni bilmiş, torpağı uğrunda döyüşmüş, canını onun müstəqilliyi və suverenliyi uğrunda fəda etmişdir.
R.Aqarunov qardaşının xatirəsinə göstərilən yüksək diqqət və qayğıya görə ailəsi adından Azərbaycan dövlətinə minnətdarlığını bildirib.

Azərbaycanın Milli Qəhrəmanının qardaşı Rantik Aqarunov həlak olanın xatirəsinə və ailəsinə göstərilən yüksək diqqətə görə minnətdarlığını bildirib: "Mən hər il Albertin ad günündə Bakıya gəlirəm və Azərbaycan xalqının qardaşımı unutmadığını, gənc nəsil üçün fəxr və örnək olduğunu görürəm. Bu yaxınlarda Bakıda Albertin oxuduğu məktəbdə ona abidə ucaldılıb. Mən çox şadam ki, bu gün qardaşım Azərbaycan ilə İsrail arasında dostluq və əməkdaşlıq rəmzlərindən biridir. Biz fəxr edirik ki, nəinki Azərbaycan xalqı, həm də Azərbaycan Ordusunda Alberti unutmurlar".

İsrailin "Beynəlxalq layihələr cəmiyyət üçün" qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut Albert Aqarunovun ailəsi ilə görüşə görə Azərbaycanın müdafiə nazirinə təşəkkür edib. O, Zakir Həsənovun İsrailə ilk rəsmi səfərinin tarixi əhəmiyyətini qeyd edib: "İsrail dövləti Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və yalnız dövlətin ərazi bütövlüyü və beynəlxalq hüquq çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına çağırır".













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.